Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1014/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Bakı 1 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmışdır. Barışıq şərtlərinə əsasən Cavabdeh və Ərizəçi mediasiya (mübahisə) tərəfləri olaraq X5 və X6 adlı övladların yetkinlik yaşına çatanadək ananın, yəni onun himayəsinə verilməsi barədə qarşılıqlı razılığa gəlmişlər. İkinci tərəf (ata), yəni Cavabdeh X5 və X6 adlı övladlarının yetkinlik yaşına çatanadək ananın himayəsində saxlanması və maddi ehtiyaclarının qarşılanması üçün anaya hər təqvim ayı üzrə ümumilikdə 700 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. 2023-cü ilin iyul ayından bəri uşaqların atası Cavabdeh xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən uşaqları X5 və X3 yetkinlik yaşına çatanadək maddi ehtiyaclarının qarşılanması üçün anaya hər təqvim ayı üzrə 700 manat aliment tulundan bir manat belə ödəməyib. Bu hal ailənin maddi durumunu çox çətinləşdirib. Hal-hazırda ata tərəfindən aliment ödənilmədiyindən uşaqların məktəbdə oxumasında, ehtiyaclarının ödənilməsində ciddi problemlər var. Nəzərinə çatdırır ki, böyük oğlu xx.xx.2013-cü il təvəllüdlü X5 11 yaşda, kiçik oğlu xx.xx.2020-ci il təvəllüdlü X6 4 yaşdadır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq ərizəçi onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Bakı 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin izahatında göstərmişdir ki, Orxan tərəfindən aliment tam şəkildə deyil, gecikdirilmiş halda ödənilir, ona görə də o, barışıq sazişinin uşaqların onun yanında qalması və aliment tutulması hissəsində təsdiq edilməsi barədə məhkəməyə ərizə vermişdir. Hazırda Səbail rayon Məhkəməsində nikahlarının pozulması barədə qətnamə qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli nikah haqqında şəhadətnaməsinin surətinə əsasən Cavabdeh ilə X8 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 926 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Allahverdiyev, arvada Allahverdiyeva soyadı verilmişdir. İş üzrə “Elektron məhkəmə” informasiya sistemində olan məlumata əsasən tərəflərin birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaqları var. İş üzrə “Birinci tərəf” qismində Ərizəçi ilə “İkinci tərəf” qismində Cavabdeh arasında, Bakı 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 iştirakı ilə, bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmış xx.xx.2013-cü il tarixli 926 nömrəli qeydi ilə təsdiq edilən, aralarında bağlanmış nikahın davam etdirilməməsi (bənd 1), X5 və X6 adlı övladların yetkinlik yaşına çatanadək ananın, yəni Ərizəçi himayəsinə verilməsi (bənd 2), ikinci tərəf (ata), yəni Cavabdeh X5 və X6 adlı övladların yetkinlik yaşına çatanadək ananın, yəni Ərizəçi himayəsində saxlanması və maddi ehtiyaclarının qarşılanması üçün anaya hər təqvim ayı üzrə ümumilikdə 700 manat aliment ödəməyi (bənd 3) barədə qarşılıqlı razılığa gəlmişlər. Həmin sazişinin “Qeyd” hissəsinə əsasən mediasiya (mübahisə) tərəfləri övladların ata ilə görüş qrafiki və müddətləri barədə razılığa gəlməmişlər. Barışıq sazişinin 6-cı bəndinə əsasən saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-681/2024 saylı qətnaməsi ilə Ərizəçi ilə Cavabdeh arasında bağlanılmış nikah pozulmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanılmış və onların xx.xx.2013-cü il təvəllüdlü Abbas və xx.xx.2020-ci il təvəllüdlü Adəm adlı uşaqları var. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçi mediasiya prosesinin tətbiqi üçün mediasiyaya müraciət etmiş, mediasiya prosesində imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən tərəflər nikahın pozulması (bənd 1), birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 ananın himayəsinə verilməsi (bənd 2), Cavabdeh X5 və X6 adlı övladların yetkinlik yaşına çatanadək ananın himayəsində saxlanması və maddi ehtiyaclarının qarşılanması üçün anaya hər təqvim ayı üzrə ümumilikdə 700 manat aliment ödəməyi (bənd 3) barədə razılığa gəlmişlər. Ərizəçi tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh tərəfindən barışıq sazişində nəzərdə tutulmuş alimentin ödənilməsi ilə bağlı öhdəlikləri tam yerinə yetirməmişdir. Bu hal ailənin maddi vəziyyətini çətinləşdirmişdir. Bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 24.6-cı maddəsinə əsasən mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. Eyni Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Göstərilən Qanunun 33-cü maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur (maddə 33.2) Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır (maddə 33.3). Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir (maddə 33.4.) Eyni Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur (maddə 34.2). Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər (maddə 34.3). Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) (maddə 34.4). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur (maddə 34.5). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi məhkəmənin xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (maddə 355-25.3) Göstərilən Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Eyni Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, tərəflər arasında mediatorun iştirakı ilə xx.xx.2023-ci il tarixdə bağlanılmış barışıq sazişinin uşaqların ananın himayəsində saxlanılması və alimentin ödənilməsi ilə bağlı şərtləri maraqlı şəxs Cavabdeh tərəfindən könüllü qaydada icra edilmədiyi üçün ərizəçi barışıq sazişinin həmin hissələrinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlı hesab edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, barışıq sazişinin qeyd edilən hissələri qanuna zidd olmadığından, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və hər hansı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, ərizə təmin edilməli, mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin uşaqların anınan himayəsində saxlanılmsı və alimentin ödənilməsi ilə bağlı hissələri məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 305-1.17-ci maddəsi və XL-Vİİ fəsli xx.xx.2021-ci il tarixli Qanunla Məcəlləyə əlavə edilmiş, həmin normalarda alimentlə əlaqədar mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiqi zamanı qətnamənin dərhal qüvvəyə minməsinə dair norma nəzərdə tutulmamışdır. Lakin məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki tələb barışıq sazişinin təsdiq edilməsi ilə bağlı olsa da, məhkəmə AR MPM-nin 234.2.1-ci maddəsini analogiya üzrə hazırki münasibətə tətbiq edərək hesab edir ki, alimentlə bağlı tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan və bu sazişin təsdiq edilməsi uşağın maddi təminatının ödənilməsinə xidmət etdiyindən, qətnamə həmin hissədə dərhal icraya yönəldilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında, Bakı 1 saylı Mediasiya Təşkilatının mediatoru X4 iştirakı ilə, mediasiya prosesində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2-ci və 3-cü bəndlərində qeyd edilən uşaqların ananın himayəsinə verilməsi, ananın yanında saxlanılması və alimentə dair aşağıdakı hissələri təsdiq edilsin: “2. Mediasiya (mübahisə) tərəfləri X5 və X6 adlı övladların yetkinlik yaşına çatanadək ananın yəni, Ərizəçi himayəsinə verilməsi barədə qarşılıqlı razılığa gəldirlər.
3. İkinci tərəf (ata) – yəni, Cavabdeh X5 və X6 adlı övladların yetkinlik yaşınadək ananın – yəni, Ərizəçi himayəsində saxlanması və maddi ehtiyaclarının qarşılanması üçün anaya hər təqvim ayı üzrə ümumilikdə 700 AZN (yeddi yüz manat) aliment ödəməyi öhdəsinə götürür”. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev