Məhkəmə qərarları › İş №2(009)-1171/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1171/2020

30.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1171/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Səmədov Cahan Arif oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi və vəkili X3, İddiaçı3, onun vəkili və nümayəndəsi X4 3-cü şəxs Badamdar Bələdiyyəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 3-cü şəxs qismində İddiaçı3 cəlb edilməklə Cavabdeh1 qarşı “yaşayış evindən çıxarılma, yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadəyə törədilmiş maneçiliklərin aradan qaldırılması” tələbinə dair iddiası, İddiaçı3 (3-cü şəxs qismində Badamdar Bələdiyyəsi işə cəlb edilməklə) cavabdehlər İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12/1 saylı evdən çıxarılması və evin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 3-cü şəxs qismində İddiaçı3 cəlb edilməklə Cavabdeh1 qarşı iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12/1 saylı evdən çıxarılması, cavabdeh tərəfindən yaşayış sahəsindən istifadəyə törədilmiş maneçiliklərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh1 onların iki azyaşlı uşaqları ilə birlikdə yaşadıqları və qeydiyyatda olduqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12/1 saylı evi zəbt edərək, hazırda da orada yaşamaqda davam edir. Onlar isə başqa ünvanda kirayədə yaşamağa məcbur olmuşlar. Onların cavabdeh tərəfindən zəbt olunmuş evinə dair kommunikasiya xətləri – elektrik, qaz və su xətləri çəkilmiş, syağaclar quraşdırılmış, müvafiq kodlaşma aparılmış və onların istifadəsinə verilmişdir. Yerli idarəetmə orqanları tərəfindən müvafiq arayışlar verilmiş və müqavilələr bağlanılmışdır. Yaşayış evindən istifadə ilə əlaqədar dövlətin müəyyən etdiyi vergiləri, kommunal ödənişləri hərbçi ailəsi olaraq vaxtlı-vaxtında ödəyirlər. Hal-hazıradək heç bir vergi və kommunal ödınişlərə dair borclaır yoxdur. Buna baxmayaraq, onların yaşayış evini ölkədə baş verən COVİD-19 bəlasından istifadə edərək Cavabdeh1 3-cü şəxs İddiaçı3 dəstəyi, havadarlığı ilə zəbt etmiş və təkid etmələrinə baxmayaraq, evdən çıxmaq istəmir. 3-cü çəxs İddiaçı3 əvvəllər müvafiq səlahiyyətlərə malik olmasından istifadə edərək aidiyyəti qurumlara təzyiq göstərmiş, onların evinə kommunikasiya xətləri üzrə quraşdırılmış sayğaclara müdaxilə edərək, yeni sayğaclar quraşdırmağa nail olsa da, sonda respublikanın rəhbər orqanlarına onun və yerli bələdiyyənin hərəkətlərinin qarşısının alınması barədə müraciətlər olunmuşdur. Cavabdeh və 3-cü şəxsin qanunazidd hərəkətləri nəticəsində yaşayış evinə köçüb yaşamalarına maneciliklər törədilməkdə davam edir. Hesab edirlər ki, Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşayış evindən çıxarılmalı və yaşayış sahəsi onlara təhvil verilməlidir. xx xxxx 2020-ci il tarixdə İddiaçı3 (3-cü şəxs qismində Badamdar Bələdiyyəsi işə cəlb edilməklə) cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12 C saylı fərdi yaşayış evindən qanunsuz yaşayaraq istifadə edən cavabdehlər İddiaçı1, İddiaçı2 və qeyrilərinin məcburi qaydada əşyaları ilə birlikdə çıxarılmaları və özünə məxsus qeydiyyatda olduğu evinə köçürülməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər onun, lakin sonradan 2019-cu ildən qayınının mülkiyyətçisi olduğu ünvan 1 ünvanda qeydiyyatda olamağına baxmayaraq, pəncərəsinin qarşısında inşa etdiyi 12 C saylı ev ona məxsusdur. O həmin evi əvvəllər mülkiyyətçisi olduğu dövrlərdə layihə tərtib etdirdikdən sonra bələdiyyə orqanına rəsmi qaydada məlumat verməklə inşa etdirmişdir. O, hərbi hissə komandiri olduğu vaxtlarda cavabdeh İddiaçı2 ilə tanış olmuşdu və onunla yaxın səmimi münasibətləri olmuşdur. 2017-ci ilin sentyabr ayında mülkiyyətçisi olduğu evin, yəni ünvan 1 ünvanın qarşısında özünə məxsus torpaq sahəsində layihəyə əsasən inşa etdiyi evi tamamlamaq məqsədi ilə cavabdeh İddiaçı2la səmimi söhbət etdi. Cavabdeh İddiaçı2 təkid etdi həmin tikinti işlərini ona həvalə etsin. O bir müddət sonra Samirlə razılaşaraq mülkiyyətçisi olduğu evin qarşısında layihəyə əsasən yarımçıq tikdirdiyi özünə məxsus evi onun ustalarına tikinti işlərini verəcəyini bildirdi. O özünə məxsus həmin fərdi yaşayış evi üçün tikinti materiallarının dəyərini, usta və fəhlə işlərinin zəhmət haqqısına dair cavabdeh İddiaçı2 pullar ödəmişdir. Bəzi hallarda müvafiq tikinti materiallarını özü şəxsən alaraq fərdi yaşayış evində işləyən ustalara istifadə etmələri üçün təqdim etmişdir. 12C saylı fərdi yaşayış evinin yarımçıq qalan hissəsini layihəyə əsasən tikinti işlərini 2017-ci ilin sonlarında başa çatdırdı. Həmin evə kommunal (işıq, qaz, su) xətləri mülkiyyətçi olduğu mənzilindən təmin etdi. Evinə məişət əşyalarından bir dəst çarpayı, soyuducu və qızdırıcı yerləşdirdi. Sonra cavabdeh İddiaçı2 dəfələrlə ondan xahiş etdi ki, onun və ailəsinin yaşamaq üçün evləri olmadığından onun evində kirayə qalmalarını xahiş etmişdir. O, Samirə hərbi xidmətdən təxris olunanadək onun evində müvəqqəti yaşamasına razılıq verdi. Samir ona minnətdarlıq edərək, o, hərbi xidmətdən təxris olunduqdan sonra evdən çıxacağını bildirdi. O, 2019-cu ilin sentyabr ayında hərbidən təxris olundu. Cavabdeh İddiaçı2 əvvəllər ona razılıq verdiyi fikrini xatırladaraq ailəsi ilə bilikdə çıxmalarını bildirdi. Samir ona bu günə kimi ona kömək etdiyi və çətin vəziyyətdə ona kömək olduğu üçün onun evində qaldığından ona təşəkkür etdi. Cavabdeh İddiaçı2 sonradan ona müxtəlif bəhanələr edərək ailəsi ilə birlikdə onun evindən çıxmaqdan yayınmağa başladı. O, cavabdehin bu hərəkətlərini qəbul etmədiyi üçün özünə məxsus qeydiyyatda olduğu Səbail rayonu, Badamdar qəsəbəsi. N.Paşayev küçəsi, 12 C saylı yaşayış evinin pəncərəsini döyərək onunla üz-üzə danışmaq qərarına gəldi. Evinin pəncərəsini döydükdə tanımadığı bir şəxs ona cavab verərək kimi oluduğunu soruşanda o onun olduğu evin sahibi və mülkiyyətçisi olduğunu bildirdi. Tanımadığı şəxs ona məxsus evin onun qaynına məxsus olduğunu bildirərək, ona etirazını bidirdi. O, bu hadisədən sonra cavabdeh İddiaçı2la telefon vasitəsi ilə əlaqə saxladıqda, ona nəlayıq söyüşlər edərək onunla danışmaqdan imtina etdi. O, cavabdeh İddiaçı2 bu qanunsuz hərəkətlərindən Daxili İşlər Nazirliyinə və başqa dövlət orqanlarına müraciət edərək cavabdeh tərəfindən mülkiyyət hüquqlarının kobud şəkildə pozulduğunu, onun və qeyrilərinın yaşayış yeri üzrə qeydiyyatda olduğu evinin qanunsuz zəbt etmələri barədə şikayət etdi. Cavabdeh İddiaçı2 və qeyriləri tərəfindən evini qanunsuz zəbt etmələri barədə Səbail Rayon Polis idarəsinin 41-ci Polis Bölməsi və istintaq şöbəsi tərəfindən ətraflı araşdırma aparıldı. Həmin araşdırma barədə müstəntiq Pərviz Cəfərov xx xxxx 2020-ci il tarixli qərarı ilə şikayətini rədd edərək məhkəmə mübahisəsi olduğundan müraciətini məhkəməyə etməsi göstərilmişdir. Bakı şəhəri Səbail Rayon Polis idarəsinin istintaq Şöbəsinin müstəntiqi P.Cəfərovun cinayət işinin başlanmasının rədd olunması barədə xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, ona məxsus Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi, 12 C saylı fərdi yaşayış evində pasport qeydiyyatında olmağına baxmayaraq, yaşayış yeri üzrə özünə məxsus olan qeydiyyada olduğu ünvan cavabdehlər İddiaçı2, İddiaçı1 və qeyriləri tərəfindən qanunsuz istifadə olunur. Ona məxsus Badamdar qəsəbəsi 12C saylı evinin zəbt olunmasına dair araşdırma aparan təhiqaqtçıya və müstəntiqə tərəfindən müvafiq hüquq müəyyənedici sənədlərdən 2011-ci il tarixli layihə, həmin ünvanda pasport qeydiyyatında olmağına dair arayış, bələdiyyə tərəfindən 12 C saylı yaşayış evinin xəritəsi, torpaq sahəsi və tikilinin ona məxsus olması barədə arayış təqdim etmişdir. Əlavə olaraq istintaq araşdırması zamanı Badamdar qəsəbəsi 12C saylı evinə dair müvafiq sorğu verilmiş və həmin evin ona məxsus olması Badamdar bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Həmçinin qeyd edilən qərardan görünür ki, 12 C saylı fərdi yaşayış evinin ona məxsus olması cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən etiraf edilmişdir. Cavabdehlər İddiaçı2 və İddiaçı1 istintaq araşdırması zamanı təqdim etdiyi sənədlərin və verdiyi izahatlar həqiqəti əks etdirməyən sənədlər və yalan ifadələrdir. Belə ki, həmin cavabdehlər ayrı-ayrı ünvanlarda qeydiyyatda olmaqla yaşayırlar və həmin qeydiyyat ünvanlarını qanunsuz yollarla ona məxsus evə iddia edərək zəbt edib istifadə edirlər. İstintaqa kommunal xidmətlərdən istifadə etdikləri təqdim etdikləri texniki sənədlərdən görünür ki, onların qeydiyyat ünvanlan başqa yerə aiddir və qanunsuz hərəkətlər edərək onun evindən istifadə edirlər, istintaqın ətraflı araşdırması zamanı onun evinə yerində baxış keçirilmiş və bir daha da 12C saylı fərdi yaşayış evinin mülkiyyətçisi olduğu evin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi, 12 saylı evin, 2 saylı mənzilinin divarına bitşik olmaqla həmin evin ayrılmaz hissəsi olduğu təsdiq olunmuşdur. Beləliklə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi, 12C saylı evin ona məxsus olmasına dair onun tərəfindən əldə edilmiş sənədlərlə - lahiyyə, qeydiyyatda olmağı barədə arayış, evin və torpağın ona məxsus olması barədə bələdiyyə arayışı, bələdiyyənin xəritəsi, mülkiyyətçi olduğum evin Çıxarışı, istintaq araşdırması zamanı şahid ifadələri, cavabdehlər İddiaçı2 və İddiaçı1 etirafedici izahatları tam sübuta yetirilmişdir. Yuxarıda qeyd edilənlərə ibtidai istintaq tərəfindən hüquqi qiymət verilmişdir. Həmin qərarda qeydiyyatda olduğu evinin yaşayış sahəsindən istifadə etməməyi, evinin ona məxsus olması təsdiq edilmişdir. Göstərilən evdən qeyd edilən cavabdehlər və qeyriləri tərəfindən qanunsuz istifadə edilmələri göstərilmişdir. Azərbaycan Respublikası Siiahlı Qüvvələrində zabit kimi xidmət etdiyi üçün vətənin müdafiə keşiyində olduğu ərazilər Bakıdan uzaq ərazilərdə yerləşdiyindən qeydiyyatda olduğu özünə məxsus evdən yaşamaq hüquqları İddiaçı2 və İddiaçı1 və qeyriləri tərəfindən qanunsuz və özbaşınalıq edilməsi nəticəsində məhrum edilmişdir. Onların bu özbaşınalıq əməlləri əmlakını qanunsuz zəbt etməsidir ki, ona maddi ziyan yetirməklə mənəvi iztirablar yaşadırlar. Evində qeyd olunan şəxslərin onun mülkiyyət hüququndan sərbəst və müstəqil qərar qəbul etməyinə, mülkiyyətində olan evində yaşamağıa və istifadə hüququna ciddi şəkildə maneəçilik yaradırlar. Onun qanunvericiliklə qorunan hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı3 və cavabdehlər İddiaçı1 və İddiaçı2 vəsatətləri təmin edilərək, İddiaçı3 (3-cü şəxs qismində Badamdar Bələdiyyəsi işə cəlb edilməklə) cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair mülki işin məhkəmənin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 3-cü şəxs qismində İddiaçı3 cəlb edilməklə Cavabdeh1 qarşı yaşayış evindən çıxarılma və yaşayış sahəsindən istifadəyə törədilmiş maneçiliklərin aradan qaldırılması tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. xx xxxxxx 2020-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılması, iddiaçıların rəsmi qeydiyyatda olduqları mənzilin boşaldılması, onların həmin yaşayış sahəsinə köçürülməsi, İddiaçı3 tərəfindən yaşayış sahəsindən istifadəyə törədilmiş maneçiliklərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı3 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, onun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12 C saylı fərdi yaşayış evindən cavabdehlər İddiaçı1, İddiaçı2 və Cavabdeh2 məcburi qaydada çıxarılmaları, həmin evi boşaldaraq təhvil vermələri və ona məxsus qeydiyyatda olduğu evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıların iddia tələbinin həcminin artırılması barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı2 İddiaçı3 iddia tələbini qəbul etməyərək, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək eləcə də, göstərdi ki, o, İddiaçı3 qayını ilə 30 il yaxın dost olmuş və onun vasitəsilə İddiaçı3la tanış olmuşdur. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi, 12 saylı evin, 2 mərtəbəli evin 2 saylı mənzilinin altındakı zirzəmini və onun qarşısındakı 12/1 saylı özbaşına tikilini və əvvəllər yaşadığı və onun tərəfindən tikilmiş iki otaqlı 12/1 D saylı özbaşına tikilinin yerləşdiyi torpaq sahəsini Ravil Manafovdan almaq üçün onunla 30000 manata razılaşmış, Ravilə 20000 manat nağd pul vermiş, zirzəmidə Cavabdeh1 yaşadığı üçün onu həmin zirzəmidən çıxarmamış və Ravillə belə razılaşmışlar ki, qalan məbləği 40 ay ərzində ayı 250 manatdan olmaqla Cavabdeh1 Ravil Manafova verməlidir. O, zirzəmiyə və torpaq sahəsinə həmin məbləği ona görə vermişdir ki, torpaq sahəsində ev tiksin. O, zirzəmi və ona bitişik 12/1 saylı tikilidə yaşamamış və orada hər hansı əmlakı olmamışdır. Beləliklə, onun tərəfindən İddiaçı3 ümumilikdə 30000 manat məbləğində pul ödənildi. Pulun ödənilməsi ilə əlaqədar hər hans qəbz tələb etmədi, çünki pul verildikdən sonrakı gün onlar birlikdə lazımi orqanlara getdilər, 2-3 gün ərzində yaşayış evinə dair kommunikasiya xəttləri-elektirik, qaz və su xəttləri çəkilmiş, sayğaclar quraşdırılmış, müvafiq kodlaşma aparılmış və istifadəsinə verilmişdir. Yerli idarəetmə orqanlar tərəfindən müvafiq arayışlar verilmiş və müqavilələr bağlanılmışdır. Bu zaman bütün müqavilələr onun adına keçirilmişdir. Daha sonra, 2017-ci ildə o, Ravildən aldığı boş torpaq sahəsində öz vəsaiti hesabına iki mərtəbəli evə bitişik iki otaqlı 12/1 D saylı özbaşına tikilini tikmiş, eləcə də, zirzəminin qarşısındakı 12/1 saylı bir otaqlı özbaşına tikilinin üstünü qaldırmışdır. Ravil Manafov evin tikintisinə görə ona pul veməmişdir. O, 2017-ci ilin sonunda iki otaqlı 12/1 D saylı evi tikib başa çatdırdıqdan sonra orada həyat yoldaşı İddiaçı1 və iki uşağı ilə birlikdə yaşamış, 2020-ci ilin əvvəllərində pula ehtiyacı olduğundan həmin tikilini başqa şəxsə satmışdır. Hal-hazırda o, ailəsi ilə başqa ünvanda kirayədə yaşamağa məcburdur. Belə ki, Cavabdeh1 onun pul verib aldığı və ailəsi ilə birlikdə qeydiyyatda olmaqla yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12/1 saylı evi 3-cü şəxs İddiaçı3 dəstəyi, havadarlığı ilə zəbt edərək, hazırda da orada yaşamaqda davam edir. Onların isə həmin evdən başqa digər yaşayış sahəsi yoxdur. Bu səbəbdən iddiaçılar onlara məxsus 12/1 saylı özbaşına tikilidən Cavabdeh1 çıxarılmasını və onların həmin tikiliyə köçürülməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 İddiaçı3 iddia tələbini qəbul etməyərək, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və İddiaçı2 izahatı ilə razı olduğunu bildirdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X8 İddiaçı3 iddia tələbini qəbul etməyərək, iddiaçıların iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi Məhkəmə iclasında İddiaçı3 iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini qəbul etməyərək, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək eləcə də, göstərdi ki, o, əvvəllər xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi, 12 saylı evin, 2 mərtəbəli evin 2 saylı mənzilinin həyətində 2 otaqlı özbaşına tikilinin eskiz layihəsini 2013-cü ildə tərtib etdirmişdir. O, 2013-cü ildə mənzilinin altında yerləşən zirzəmini bir qədər dərinləşdirərək orada otaq düzəltdirmiş və həmin otağın qarşısında bir otaq da tikdirərək, zirzəmidəki otaqla onu birləşdirmişdir. Hal-hazırda həmin sahəyə ayrıca giriş-çıxış qapısı qoyulmuşdur. Zirzəmi ilə birləşdirdiyi həmin tikilidə 2013-cü ildən halhazıradək Cavabdeh1 iki uşağı ilə birlikdə kirayənişin kimi yaşayır. İddiaçı2 həmin tikilidə heç vaxt yaşamamışdır. İddiaçı2 ondan xəbərsiz həmin tikiliyə Bələdiyyədən 12/1 ünvan almışdır. O, 2017-ci ilin sentyabr ayında evinin divarına bitişik ona məxsus torpaq sahəsində 2013-cü ildə tərtib etdirdiyi eskiz layihəyə uyğun olaraq bir mərtəbəli iki otaqlı ev tikdirməyə hazırlaşmış, lakin zabit olduğu üçün başqa rayonda hərbi xidmətdə olması ilə əlaqədar evin tikintisi ilə məşğul olmağı əvvəlcədən tanıdığı İddiaçı2 həvalə etmiş və İddiaçı2 onun vəsaiti hesabına 2017-ci ilin sonlarına həmin tikilini başa çatdırmışdır. Zirzəminin qarşısındakı tikili və ona məxsus həyətdəki iki otaqlı özbaşına tikiliyə bütövlükdə Bələdiyyə tərəfindən ünvan 3 C ünvanı verilmişdir. İddiaçı2 ona müraciət edərək ailə üzvləri ilə müvəqqəti yaşamaq üçün mənzilinə bitişik həmin tikilidən istifadə etməsini xahiş etmiş və o da, hərbi xidmətdən tərxis olub qayıdanadək Samirin ailə üzvləri ilə birlikdə həmin tikilidə müvəqqəti yaşamasına razılıq vermişdir. İddiaçı2 ondan xəbərsiz həmin tikiliyə Bələdiyyədən 12/1 D ünvan almışdır. 2019-cu ilin sentyabr ayından ordudan tərxis olunduqdan sonra o, Samirə tikilini boşaltmağı təklif etmiş, Samir müxtəlif bəhanələrlə evi boşaltmamış, sonra isə o xəbər tutmuşdur ki, İddiaçı2 evi Cavabdeh2 adlı bir şəxsə satmışdır və hal-hazırda həmin evdə başqa bir ailə yaşayır. Ona görə də, hesab edir ki, cavabdehlər ona məxsus evdən çıxarılmalı və o özünə məxsus evə köçürülməlidir. Məhkəmə iclasında İddiaçı3 vəkili və nümayəndəsi X10 iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini qəbul etməyərək, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs Badamdar Bələdiyyəsinin nümayəndəsi X11 iddia tələblərini qəbul etməyərək, öz izahatında göstərmişdir ki, bələdiyyə tərəfindən ev təsərrüfatlarının bələdiyyə uçotuna alınması və həmin təsərrüfatlaırn əmlak və torpaq vergisinə cəlb edilməsi məqsədilə Badamdar Bələdiyyəsinin mütəxəssisi tərəfindən iddiaçıların mübahisələndirdiyi tikililərə yerində baxış keçirilərkən həmin tikililərin arakəsmə divarı ilə 2 hissəyə təcrid olunduğu, hər birinin ayrıca giriş çıxışı olmaqla 2 yaşayış sahəsindən ibarət olduğu müəyyən olunmuşdur. İddiaçı2 həmin tikililərdən birində ailə üzvləri ilə birlikdə qeydiyyatda olmasına dair şəxsiyyət vəsiqəsi təqdim etmiş və bu əsasla da bələdiyyə onu həmin tikiliyə dair torpaq və əmlak vergi ödəyicisi kimi tanımışdır. İddiaçı3 isə qeyd olunan özbaşına tikilinin digər hissəsində qeydiyyatda olmasına dair dair şəxsiyyət vəsiqəsi təqdim etmiş və bu əsasla da bələdiyyə onu həmin tikiliyə dair torpaq və əmlak vergi ödəyicisi kimi tanımışdır. Bununla yanaşı, həmin şəxslər tərəfindən bələdiyyəyə qeyd olunan özbaşına tikililərə dair hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı izahatı alınmış cavadeh Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, 2013-cü ildən İddiaçı3 mənzilinin zirzəmisi ilə birləşdirdiyi tikilidə iki uşağı ilə birlikdə kirayənişin kimi yaşayır. 2019-cu ilin sentyabr ayında İddiaçı3 həmin tikilini təmir etdiyi üçün o, müvəqqəti olaraq başqa yerdə kirayədə yaşamış və təmir qurtardıqdan sonra 2020-ci ilin yanvar ayında yaşamaq üçün həmin tikiliyə qayıtdıqda, qonşu tikilidə kirayədə yaşayan İddiaçı2 onunla dava-dalaş edərək, tikilidən çıxmasını tələb etmiş və orada özü yaşayacağını bildirmişdir. Halbuki İddiaçı2 bir gün də olsun onun yaşadığı tikilidə yaşamamışdır. İddiaçı2 əvvəllər kirayədə yaşadığı qonşu tikili isə İddiaçı3 məxsusdur və İddiaçı2 özbaşına həmin tikilini başqa şəxsə sataraq, heç bir əsası olmadan hal-hazırda onun yaşadığı tikiliyə iddia edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbləri əsassızdır və aşağıdakı əsaslara görə təmin edilməməlidirlər. İş materiallarında olan AZE ******** nömrəli, xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1983-cü ildə Cəlilabad şəhərində anadan olmuş İddiaçı2 ünvan 4 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında “Asan 3” xidmətin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı1 xx.xx.2020-ci il tarixdən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Nurəddin Paşayev küçəsi, ev 12/1 ünvanda qeydiyyatdadır. Onunla birlikdə həmin ünvanda xx.xx.1983-cü il təvəllüdlü İddiaçı2, xx.xx.2013-cü il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X6 qeydiyyatdadırlar. İş materiallarında olan AZE 15855165 nömrəli, xx.xx.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1978-ci ildə İsmayıllı rayonu, Xankəndi kəndində anadan olmuş Abbasova X1 rayonu, Xankəndi kəndində qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi Pərviz Cəfərovun vətəndaşlar Cavabdeh1, İddiaçı3, İddiaçı1 və İddiaçı2 ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Badamdar Bələdiyyəsinin 06/174 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı2 Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi, ev 12/1 ünvanında yaşayır. Səbail rayonu, Badamdar qəsəbəsində vergi ödəyicisidir, torpaq və əmlak vergisi borcu yoxdur. İş materiallarında olan AZE 13993892 nömrəli, xx.xx.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1978-ci ildə Astara rayonu, Artupa kəndində anadan olmuş İddiaçı3 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Badamdar Bələdiyyəsinin 110/01 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, həqiqətən də, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi, ev 12C ünvanında yerləşən əmlak və torpaq sahəsi İddiaçı3 məxsusdur və qeydiyyatsız yaşayır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında “Asan 3” xidmətin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı3 xx.xx.2020-ci il tarixdən ünvan 5 ünvanda qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən irəli sürülmüş tələbdən görünür ki, İddiaçı2 2017-ci ildə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, N.Paşayev küçəsi, 12 saylı evin, 2 mərtəbəli evin 2 saylı mənzilinin altındakı zirzəmini və onun qarşısındakı 12/1 saylı özbaşına tikilini və əvvəllər yaşadığı və onun tərəfindən tikilmiş iki otaqlı 12/1 D saylı özbaşına tikilinin yerləşdiyi torpaq sahəsini Ravil Manafova 20000 manat nağd pul verməklə almış, həmin özbaşına tikiliyə elektirik, qaz və su xətləri çəkilmiş, sayğaclar quraşdırılmışdır. Daha sonra, 2017-ci ildə o, Ravildən aldığı boş torpaq sahəsində öz vəsaiti hesabına iki mərtəbəli evə bitişik iki otaqlı 12/1 D saylı özbaşına tikili tikmiş, eləcə də, zirzəminin qarşısındakı 12/1 saylı bir otaqlı özbaşına tikilinin üstünü qaldırmışdır. O, 2017-ci ilin sonunda iki otaqlı 12/1 D saylı evi tikib başa çatdırdıqdan sonra orada həyat yoldaşı İddiaçı1 və iki uşağı ilə birlikdə yaşamış, 2020-ci ilin əvvəllərində pula ehtiyacı olduğundan həmin tikilini başqa şəxsə satmışdır. Hal-hazırda o, ailəsi ilə başqa ünvanda kirayədə yaşamağa məcburdur. Belə ki, Cavabdeh1 onun pul verib aldığı və ailəsi ilə birlikdə qeydiyyatda olmaqla yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12/1 saylı evi 3-cü şəxs İddiaçı3 dəstəyi, havadarlığı ilə zəbt edərək, hazırda da orada yaşamaqda davam edir. Onların isə həmin evdən başqa digər yaşayış sahəsi yoxdur. Bu səbəbdən iddiaçılar cavabdehin onlara məxsus həmin evdən çıxarılmasını və onların həmin tikiliyə köçürülməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12/1 saylı ev hüquqi rejiminə görə özbaşına tikilidir və həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə qeyd edir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğundan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, həmin ev alqı-satqı müqaviləsinin predmeti ola bilməz və həmin ev üzrə istifadə hüquqlarının yaranması hüquqi nöqteyi nəzərdən mümkün deyil. Yəni əmlakdan istifadə, sahiblik və sərəncam hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evi üzərində tanına bilər. Qanunvericiliyinin tələblərinə əsasən daşınmaz əmlakların alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilməli və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Özbaşına tikililərlə bağlı isə belə müqavilənin rəsmiləşdirilməsi qanunla müəyyən edilməmişdir. İddiaçı3 tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 2017-ci ilin sentyabr ayında evinin divarına bitişik ona məxsus torpaq sahəsində 2013-cü ildə tərtib etdirdiyi eskiz layihəyə uyğun olaraq bir mərtəbəli iki otaqlı ev tikdirməyə hazırlaşmış, lakin zabit olduğu üçün başqa rayonda hərbi xidmətdə olması ilə əlaqədar evin tikintisi ilə məşğul olmağı əvvəlcədən tanıdığı İddiaçı2 həvalə etmiş və İddiaçı2 onun vəsaiti hesabına 2017ci ilin sonlarına həmin tikilini başa çatdırmışdır. Zirzəminin qarşısındakı tikili və ona məxsus həyətdəki iki otaqlı özbaşına tikiliyə bütövlükdə Bələdiyyə tərəfindən ünvan 3 C ünvanı verilmişdir. İddiaçı2 ona müraciət edərək ailə üzvləri ilə müvəqqəti yaşamaq üçün mənzilinə bitişik həmin tikilidən istifadə etməsini xahiş etmiş və o da, hərbi xidmətdən tərxis olub qayıdanadək Samirin ailə üzvləri ilə birlikdə həmin tikilidə müvəqqəti yaşamasına razılıq vermişdir. İddiaçı2 ondan xəbərsiz həmin tikiliyə Bələdiyyədən 12/1 D ünvan almışdır. 2019-cu ilin sentyabr ayından ordudan tərxis olunduqdan sonra o, Samirə tikilini boşaltmağı təklif etmiş, Samir müxtəlif bəhanələrlə evi boşaltmamış, sonra isə o xəbər tutmuşdur ki, İddiaçı2 evi Cavabdeh2 adlı bir şəxsə satmışdır və hal-hazırda həmin evdə başqa bir ailə yaşayır. Ona görə də, hesab edir ki, cavabdehlər ona məxsus evdən çıxarılmalı və o özünə məxsus evə köçürülməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı3 tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Nurəddin Paşayev küçəsi, 12C saylı ev hüquqi rejiminə görə özbaşına tikilidir və həmin evə, eləcə də, onun yerləşdiyi torpaq sahəsinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı mülki işdə hər iki iddia tələbi üzrə iddiaçılar cavabdehlərin mübahisəli tikililərdən çıxarılması tələbini irəli sürərkən onun faktiki əsası qismində həmin tikililərin onlara məxsus olduğunu göstərmişlər. Bu mənada diqqətə alınmalıdır ki, Azərbaycan Respublikasında daşınmaz əmlaka mülkiyyət və digər hüquqların, onların əmələ gəlməsi, başqasına keçməsi və xitamı, habelə bu hüquqların məhdudlaşdırılması dövlət qeydiyyatına alınması ilə müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakla bağlı hər hansı bir hüquqi hərəkətin edilməsini xüsusi reyestrdə qeydiyyatının müyyənləşdirilməsi, əmlakın mülkiyyətçisinin, habelə istənilən potensial alıcısının hüquqlarının müdafiəsi ilə əlaqədardır. Çünki yalnız qeydiyyata alınmış hüquqları dövlət tanıyır və onun müdafiəsinə təminat verir. Daşınmaz əmlaka dair hüquqların dövlət reyestrində qeydiyyatının əhəmiyyəti Konstitusiya Məhkəməsinin qərarında da öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Mülki Prosessual Məcəllənin 81-ci maddəsindən irəli gələn sübutların mümkünlüyü prinsipi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Belə ki, qanunverici daşınmaz əmlak üzərində mülkiyyət hüququnun mövcudluğunu təsdiq edən sübutetmə vasitəsi kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı müəyyən etmiş və bu halın digər sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq oluna bilməzliyini müyyənləşdirmişdir. Hazırkı mülki işdə isə iddiaçılar mübahisəli tikililərin mülkiyyət hüququ ilə onlara məxsus olduğunu təsdiq edən hər hansı hüquq müəyyənedici sənədi, habelə digər mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən mübahisələndirilən tikililər hüquqi statuslarına görə özbaşına tikili olduqlarına görə iddiaçılar həmin tikililər üzərində hər hansı hüquq əldə etmədiklərindən, onların cavabdehlərin həmin tikililərdən çıxarılmaları ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüquqları da yoxdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 3-cü şəxs qismində İddiaçı3 cəlb edilməklə Cavabdeh1 qarşı “yaşayış evindən çıxarılma, yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadəyə törədilmiş maneçiliklərin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı3 (3-cü şəxs qismində Badammdar Bələdiyyəsi işə cəlb edilməklə) cavabdehlər İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar