Məhkəmə qərarları › İş №2(009)-1192/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1192/2025

12.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1192/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB\9\2023-02205 saylı yazılı mediasiya razılaşmasının məhkəmə tərəfindən təsdiq olunaraq, Maraqlı şəxs 220 (iki yüz iyirmi) AZN aliment məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onlar mübahisə tərəfləri, Ərizəçi (xx.xx.2023cü il tarixli soyadı: Rzayeva) və Maraqlı şəxs, Azərbaycan Respublikasının "Mediasiya haqqında" Qanununun 33-cü maddəsinə əsasən, mediator X3 iştirakı ilə aralarında yaranmış mübahisənin predmeti olan nikahın pozulması, uşağın himayəsinin anada saxlanılması və aliment ödənilməsi məsələlərinə dair mediasiya prosesində iştirak etmiş və xx.xx.2023-cü il tarixində Bakı 9 saylı Mediasiya Təşkilatının MŞB\9\2023-02205 saylı yazılı mediasiya razılaşmasını əldə etmişlər. Mediasiya razılaşmasına əsasən onlar mübahisə tərəfləri olaraq aşağıdakı şərtlər üzrə razılığa gəlmişlər: Tərəflər Rzayeva (hazırda Əzizxanlı) Xatirə Məmmədxan qızı (Bundan sonra Birinci Tərəf) və Maraqlı şəxs (Bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1.1. Tərəflər arasında bağlanmış nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı biri müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikaha xitam verməklə bağlı iddia tələbini qəbul edir. 1.2. Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2010-cu il təvəllüdlü X1 Xatirə Məmmədxan qızının (Ananın) himayəsinə verilsin. 1.3. Tərəflər razılaşdılar ki, İkinci tərəf (Ata) birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) AZN aliment məbləğini X2 (Ananın) bank hesabına ödəyəcək. 1.4. İkinci Tərəf (Ata) övladı ilə gündəlik rejimi pozmamaq şərti ilə və heç bir məhdudiyyət qoyulmadan istənilən gün, istənilən saatda görüşə və ünsiyyət yarada bilər. Tərəflər öhdəsinə götürür ki, övladları xx.xx.2010-cu il təvəllüdlü X8 ilə ünsiyyət zamanı heç bir psixoloji təsir göstərməyəcəklər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentin ödənilməsi hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs barışıq sazişi bağlandıqdan sonra bir müddət işləmədiyini, buna görə aliment ödəyə bilmədiyini, lakin hər ay bacardığı qədər ödəniş edəcəyini bildirərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə zərurət olmadığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X4 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər X4 (bundan sonra birinci tərəf) və Maraqlı şəxs (bundan sonra ikinci tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1.1. Tərəflər arasında bağlanmış nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı biri müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikaha xitam verməklə bağlı iddia tələbini qəbul edir. 1.2. Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2010-cu il təvəllüdlü X1 Xatirə Məmmədxan qızının (ananın) himayəsinə verilsin. 1.3. Tərəflər razılaşdılar ki, ikinci tərəf (ata) birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) AZN aliment məbləğini X2 (ananın) bank hesabına ödəyəcək. 1.4. İkinci tərəf (ata) övladı ilə gündəlik rejimi pozmamaq şərti ilə və heç bir məhdudiyyət qoyulmadan istənilən gün, istənilən saatda görüşə və ünsiyyət yarada bilər. Tərəflər öhdəsinə götürür ki, övladları xx.xx.2010-cu il təvəllüdlü X8 ilə ünsiyyət zamanı heç bir psixoloji təsir göstərməyəcəklər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, tərəflər Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında xx.xx.2023-cü il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə məhz alimentin ödənilməməsi səbəbindən yaranmışdır. Belə ki, Maraqlı şəxs sazişin şərtlərinə əsasən alimentin ödənilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi könüllü icra etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin 1.3cü bəndinin məcburi icrası üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Əzizxanlı (Rzayeva) Xatirə Məmmədxan qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilsin. 1.3. Tərəflər razılaşdılar ki, ikinci tərəf (ata) birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) AZN aliment məbləğini X2 (ananın) bank hesabına ödəyəcək. Ərizə qalan hissədə təmin edilməsin. Ərizəçi tərəfindən ümumilikdə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar