Məhkəmə qərarları › İş №2(009)-1257/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1257/2022

09.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1257/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edilməklə) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi maraqlı şəxs kimi qeyd edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1959-cu il təvəllüdlü mərhum X1 ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.1959-cu il təvəllüdlü anası X5 psixi xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Psixiatriya Xəstəxanasında uzun müddətli müalicədə olmuş, lakin 06 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Təcili tibbi yardım çağırılsa da, bunun heç bir nəticəsi olmamış və təcili yardım maşını gələnə kimi anası vəfat etmişdir. Anasının göstərilən tarixdə vəfat etməsini şahidlər də təsdiq edə bilərlər. Anasının vəfat etməsinə baxmayaraq ona ölüm haqqında şəhadətnamə ala bilmir. Onun ölümündən sonra ölüm haqqında şəhadətnamənin alınması üçün 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin oaradan ona imtina məktubu ilə cavab verərək ölüm faktının təsdiq olunması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bundan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan SSR Nuxa şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş АЗ seriyalı, ******* nömrəli, 29 mart 1967-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1959-cu il tarixdə Nuxa şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 17869880 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1959-cu il tarixdə Şəki şəhərində anadan olmuşdur. İş materiallarında olan Şəki şəhər VVAQ şöbəsi tərəfindən verilmiş İX-ЖГ seriyalı, 424426 nömrəli, 18 aprel 1984-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan Qax rayon VVAQ şöbəsi tərəfindən verilmiş XV-ЖГ seriyalı, 394554 nömrəli, 12 noyabr 1990-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1990-cı il tarixdə Qax rayonunda anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan X8 X4 xx.xx.2021-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə xəstə X2 təcili tibbi yardım üçün çağırış qəbul olunmuş ünvan 1 ünvanında aparılmış müayinə tədbirləri nəticəsində həkimə qədər ölüm, qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında həkim şəhadətnaməsini təqdim etmədiyinizə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İşə əlavə edilmiş Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışdan görünür ki, ərizəçinin anası mərhum X5 həqiqətəndə xx.xx.2021-ci il tarixində Masazır kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara əsasən hesab edir ki, xx.xx.1959-cu il tarixdə Şəki şəhərində doğulmuş X1 xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda vəfat etməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1959-cu il təvəllüdlü anası X1 xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1959-cu il tarixdə Şəki şəhərində doğulmuş X1 xx.xx.2021-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə Şəki şəhərində doğulmuş X1 xx.xx.2021-ci il tarixdə (Abşeron rayonunda) ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar