Məhkəmə qərarları › İş №2(009)-1382/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1382/2025

07.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1382/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü X1 ölüm faktının müəyyən edilməsi və şəxsin ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, tərəfindən 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət edərək ölmüş həyat yoldaşı X1 ölümün qeydə alınmasına dair faktın qeydə alınması üçün məhkəməyə müraciət etməyi bildirmişdir. Bildirmək istərdi ki, hazırda ölüm faktının qeydə alınması zərurəti yaranmışdır. Həmin fakt isə məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Ərizəçinin əri ağır xəstə idi, şəkəri var idi, dialezə gedirdi. Ərizəçinin əri aprelin 29-u dünyasını dəyişmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Səbail Rayon Qeydiyyat Şöbəsininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X7” PHŞ tərəfindən verilmiş arayışdan görünür ki, X3 barəsində xx.xx.2025-ci il tarixdə çağırış edilmiş, son klinik diaqnoz dəqiqləşdirilməmiş ürək dayanması qeyd edilmişdir. İş materiallarında olan Sabirabad rayonu Qaratəpə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20 nömrəli arayışdan görünür ki, X3 29 aprel 2025-ci il tarixdə vəfat etmiş və həmin tarixdə də Sabirabad rayonu Qaratəpə kəndində Qaratəpə qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “TƏBİB” PHŞ “X7” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-2/2-Ə-413-42-341/2025 nömrəli arayışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X3 yaxınları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 09:10-da KTM-in Acil şöbəsinə gətirilmişdir. Lakin dərhal aparılan reanimasion tədbirlərə baxmayaraq xəstədə xx.xx.2025-ci il tarixdə saat 10:15-də bioloji ölüm baş vermişdir. Ölüm hadisəsi barəsində məlumat Nəsimi RPİ-nin 20-ci PB tərəfindən qəbul olunmadığı üçün 102 qaynar xəttinə, ərazi üzrə Səbail PRİ-nin 8-ci PBnə (498 02 02), yenidən Nəsimi RPİ-nin 20-ci PB-nə (440 23 32) verilmişdir. Nəsimi RPİ-nin 20-ci PB-nin mayoru R Əliyevin iştirakı ilə Y. Məmmədovun meyidinin yaxınları tərəfindən evə aparılmasına icazə verilmişdir. Bu səbəbdən X7 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçiya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-899-15-20 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə tərəfinizdən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında həyat yoldaşınızın ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanımız xaricindədir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.1959-cu ildə anadan olmuşdur. X3 Ərizəçi əri olmuşdur. Hazırda ərizəçi ərizədə göstərdiyi əsaslara görə ərinin ölüm faktının müəyyən edilməsini xahiş edir. İş materiallarında olan “X7” PHŞ tərəfindən verilmiş arayışdan görünür ki, X3 barəsində xx.xx.2025-ci il tarixdə çağırış edilmiş, son klinik diaqnoz dəqiqləşdirilməmiş ürək dayanması qeyd edilmişdir. Sabirabad rayonu Qaratəpə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20 nömrəli arayışdan görünür ki, X3 29 aprel 2025-ci il tarixdə vəfat etmiş və həmin tarixdə də Sabirabad rayonu Qaratəpə kəndində Qaratəpə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X1 xx.xx.2025-ci ildə Bakı şəhərində ölməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1959-cu il təvəllüdlü əri X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar