Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1415/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 330000 (üç yüz otuz min) ABŞ dolları pulun bugünki məzənnəyə uyğun olaraq alınaraq, "İddiaçı" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir tərəfdən İddiaçı MTK, digər tərəfdən “Payçı” adlanacaq Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A 1 blokunun 4-cü mərtəbəsindəki 350 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin ona verilməsi barədə müqavilə imzalanmışdır. Müqavilənin sonunda Cavabdeh öz əlyazması ilə “Obyekt satıldıqdan sonra İddiaçı MTK-ya 330000 ABŞ (üç yüz otuz min) dolları ödəyəcəm sözlərini yazaraq, imza etmişdir. Cavabdeh İddiaçı MTK-ya bildirmişdir ki, qısa müddət ərzində bu sahəni tanışı olan şəxsə böyük məbləğə sataraq MTK-nın pulunu ödəyəcəkdir. Belə ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh sözügedən qeyri-yaşayış sahəsini başqa şəxsə satmış və bu barədə müqavilənin arxasında öz əlyazması ilə qeyd etmişdir ki, “Pulumu aldım etirazım yoxdur. Bu müqavilə üzrə ailə üzvlərimin bütün öhdəlikləri öz üzərimə götürürəm” və elə həmin gün onunla MTK arasında bağlanılmış müqavilə ləğv edilmişdir. Daha sonra Cavabdehla İddiaçı MTK arasında olan razılaşmaya hansı ki, öz əlyazması və imzası ilə təsdiq etdiyi 330000 (üç yüz otuz min) ABŞ dollarını verməkdən yayınmışdır. Odur ki, qeyd olunan məbləğin cavabdehdən alınıb onlara verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırda mübahisə predmeti olan mənzili İddiaçı Mənzil Tikinti Kooperativinə qaytarmış və ona heç bir borcu qalmamışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasının davam edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh (payçı) arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən İddiaçı Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin vəsaiti və imkanları hesabına tikilir. Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra A1 blokunun 4-cü mərtəbəsində yerləşən 350 kv.m təşkil edən qeyri-yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahənin tam dəyəri müqavilə ilə müəyyən edilmiş həcmdə və qaydada ödənildikdən sonra) verməyi, “Payçı” isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı A1 blokunun 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üçün ayrılan 348 kv.m sahənin dəyəri 698900 AZN məbləğində müəyyən edilir. Müqavilənin arxasında “Obyekt satıldıqdan sonra İddiaçı MTK-ya 330000 ABŞ (üç yüz otuz min) dolları ödəyəcəm» sözləri yazılaraq imza edilmişdir. - İddiaçı Mənzil Tikinti Kooperativinin sədri Yigitdöl Hikmət Süleyman oğlu tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra A1 blokunun 4-cü mərtəbəsində yerləşən 350 kv.m təşkil edən qeyri-yaşayış sahəsi Cavabdeh məxsusdur və həmin qeyri-yaşayış sahəsi üçün 420.000 (dörd yüz iyirmi min) manat ödəmişdir. - İddiaçı Mənzil Tikinti Kooperativi ilə X4 (payçı) arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən İddiaçı Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin vəsaiti və imkanları hesabına tikilir. Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra A1 və A2 blokunun 4-cü mərtəbəsindəki liftin çıxışının sağ tərəfindən bir və üçüncü kalon arasındakı 348 kv.m təşkil edən qeyri-yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahənin tam dəyəri müqavilə ilə müəyyən edilmiş həcmdə və qaydada ödənildikdən sonra) verməyi, “Payçı” isə həmin qeyri-yaşayış sahəsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.1 bəndinə əsasən alıcı A1 blokunun 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üçün ayrılan 348 kv.m sahənin dəyəri 698900 AZN məbləğində müəyyən edilir. Müqavilənin arxasında «pulumu aldım, etirazım yoxdur» və «bu müqavilə üzrə ailə üzvlərimin bütün öhdəliklərini öz üzərimə götürürəm» sözləri yazılaraq imzalar edilmiş, hər iki halda xx.xx.2016-cı il tarix qeyd edilmişdir. - İddiaçı tərəfin təqdim etdiyi İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh (payçı) arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və İddiaçı Mənzil Tikinti Kooperativinin sədri Yiğitdöl Hikmət Süleyman oğlu tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışının üzərində «ləğv edilib» sözləri yazılaraq imza edilmiş və xx.xx.2016-cı il tarixi qeyd edilmişdir. Beləliklə də müəyyən olunmuşdur ki, İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh (payçı) arasında Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən İddiaçı Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra A1 blokunun 4-cü mərtəbəsində yerləşən 350 kv.m təşkil edən qeyri-yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahənin tam dəyəri müqavilə ilə müəyyən edilmiş həcmdə və qaydada ödənildikdən sonra) verməyi, “Payçı” isə həmin qeyriyaşayış sahəsini qəbul etməyi öhdəsinə götürməsinə dair xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. Müqavilədə tərəflər imza etsələr də, Cavabdeh dair məlumatlar tam göstərilməmişdir (şəxsiyyət vəsiqəsinin nömrəsi istisna olmaqla). Həmçinin məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra A1 blokunun 4-cü mərtəbəsində yerləşən 350 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh məxsus olmaqla həmin qeyri-yaşayış sahəsi üçün 420.000 (dörd yüz iyirmi min) manat ödəməsinə dair İddiaçı Mənzil Tikinti Kooperativinin sədri Yigitdöl Hikmət Süleyman oğlu tərəfindən verilmiş maliyyə arayışından görünür ki, həmin arayış xx.xx.2016-cı il tarixlidir, yəni müqavilə bağlanmamışdan 2 gün əvvəl verilmişdir. Hazırda İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 330000 (üç yüz otuz min) ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmasını və iddiaçının pul tələbinin də məhz istinad edilən müqavilə hüququ çərçivəsində dəyərləndirilməli olması üçün müqavilə öhdəliyindən irəli gələn tələblə bağlı iddia irəli sürən şəxs yalnız etibarlı müqaviləyə əsaslana bilər. Qanunvericiliyə əsasən əgər müqavilə (və ya onun bir hissəsi) qanunun tələbləri baxımından etibarsızdırsa, tələb hüququnun (tam və ya qismən) istisna olunması və şəxsin belə müqaviləyə əsasən məhkəməyə müraciət edərsə, məhkəmə həmin müqavilənin (və ya onun bir hissəsinin) etibarsızlığı əsasına görə iddia tələblərinin (tam və ya qismən) təmin olunmasından imtina etməlidir. Məhkəmə iddia tələbi üzrə qeyd edir ki, iddiaçı pul tələbi üzrə istinad etdiyi cavabdehlə bağlanmış müqavilənin qanunvericiliyin tələblərinə uyğun bağlanmış müqavilə olmasını, başqa sözlə, ilk növbədə cavabdehlə bağladığı müqavilədə və onun əsasında verdiyini iddia etdiyi maliyyə arayışında göstərilənlərin həqiqətən də mövcud olmasını və həqiqəti əks etdirməsini sübut etməli idi. Lakin iddiaçı bu vəzifəsinin öhdəsindən gələ bilməmiş və tələbinin əsası kimi istinad etdiyi müqavilədəki aşağıdakı sadalanan hallar üzrə də müəyyən edilmiş ziddiyyətli məqamlara aydınlıq gətirə bilməmişdir. Belə ki, iddiaçı tərəf müqavilədə göstərilən 420000 manat məbləği deyil, ABŞ dolları ilə ifadə edilən 330000 məbləğinin cavabdehdən tutulmasını iddia edilməsinin, cavabdehlə müqavilə bağlanmamışdan əvvəl maliyyə arayışı verilməsinin, 2 gün sonra isə müqavilə bağlanmasının, bu sənədləri pul almadan verilməsinin, müqavilədə Cavabdeh şəxsiyyət vəsiqəsinin nömrəsi istisna olmaqla digər məlumatların göstərilməməsinin, eləcə də iddia etdiyi kimi cavabdehin xx.xx.2016-cı il tarixdə sözügedən qeyri-yaşayış sahəsini başqa şəxsə, yəni X2 satdığı halda və müqaviləni də MTK bağladığı halda pulunu hansı səbəbə görə MTK deyil, cavabdehin götürərək müqavilənin arxasında “Pulumu aldım etirazım yoxdur” sözləri yazmasının, daha sonra cavabdehlə bağlanmış müqavilədə göstərilən sahə ilə MTK-nın X4 (payçı) arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə qeyd edilən sahələrin demək olar ki, fərqli olmasının, cavabdehlə bağladığı müqaviləni və maliyyə arayışını ləğv etdiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra hazırki iddia ilə müraciət etməsinin səbəblərini məhkəmə baxışı zamanı izah edə bilməmişdir. Başqa sözlə, məhkəmə hesab edir ki, iddiaçı tərəf tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut etməli olduğu halda bu vəzifəsini yerinə yetirməmişdir. Halbuki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İddiaçı Mənzil Tikinti Kooperativi cavabdehə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, beləliklə də iddiaçının istinad etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. X5 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1415/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1415/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver