Məhkəmə qərarları › İş №2(009)-1466/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1466/2025

05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1466/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi Səbail rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X1 20 aprel 2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, ərizəçi həyat yoldaşının ölümü ilə əlaqədar 106 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması ilə bağlı müvafiq tibb müəsssəsinə müraciət etsə də və həmin şəhadətnamənin verilməsinin mümkün olmaması barədə arayışı ərizəyə əlavə etsə də, qeydiyyat orqanına ölüm haqqında şəhadətnamənin verilməsi barədə müraciəti və həmin orqanın bundan imtinasını təsdiq edən sübutu ərizəyə əlavə etməmişdir. Belə ki, AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi faktları o zaman müəyyən edə bilər ki, ərizəçi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Qanunun qeyd edilən norması məhkəmədə göstərilən hüququ faktın müəyyən edilməsinə dair ərizəyə yalnız qeydiyyat orqanının bundan imtinası olduğu təqdirdə baxıla bilməsini mümkün hesab edir. Ərizəçi isə mübahisənin məhkəməyə qədər həlli qaydasına riayət etmədiyindən hakim hesab edir ki, hazırki ərizənin məhkəmə icraatı mümkün deyil. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 151-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi Səbail rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəsi sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar