Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1632/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hakim ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. X2 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır Ərizəçi ərizəsində ilk növbədə həyat yoldaşı X1 ölümü haqqında şəhadətnamənin alınması üçün Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, “Ölüm haqqında tibbi şəhadətnamə”nin olmaması səbəbi ilə imtina edilmişdir. Lakin ərizəçi həmin “Ölüm haqqında tibbi şəhadətnamə” ilə bağlı ərazi üzrə tibb müəssəsinə (və ya müvafiq tibb müəssəsinə) müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinə Bakı şəhəri TTTY-nın bölməsinin X3 briqasının həkimi tərəfindən tərtib edilmiş “Xəbərdarlıq vərəqəsi”ni iddia ərizəsinə əlavə etmişdir. Bu sənəd ərizəçinin tibb müəssəsinə müraciəti və onun verdiyi cavab kimi qiymətləndirilə bilməz. Belə ki, Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında da göstərildiyi kimi ərizəçi tibbi şəhadətnamənin verilməsi ilə bağlı müvafiq poliklinikaya müraciət etməlidir. Onun müraciətinə verilən rəsmi cavab ərizəyə əlavə edilməlidir. Plenum Qərarında belə bir sənədin ərizəyə əlavə edilməməsinin iddia ərizəsinin geri qaytarılmasına əsas olması göstərilmişdir. Eyni zamanda ərizəçi həmin hüququ faktın nə üçün müəyyən edilməsinin lazım olması barədə ərizəsində məlumat da qeyd etməmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hakim qeyd edir ki, ərizəçi müəyyən olunmasını xahiş etdiyi faktın başqa yolla alınmasının mümkünsüzlüyü ilə əlaqədar sübutları ərizəsinə əlavə etmədiyindən, yəni mərhum qardaşının ölməsi ilə bağlı ərazi üzrə poliknilikasına (və ya müvafiq tibb müəssəsinə) arayışın alınması ilə əlaqədar rəsmi müraciət etmədən və həmin müraciətə də müvafiq rəsmi cavabı əldə edib ərizəyə əlavə etmədən məhkəməyə təqdim etdiyindən onun məhkəmə icraatı qeyri-mümkün hesab edilməli və geri qaytarılmalıdır. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın – ölüm faktının müəyyən edilməsi barədə ərizəsi sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1632/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1632/2025
01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver