Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1779/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Əliyev X15 Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1933cü il təvəllüdlü anası X1 həqiqətən 19 aprel 2010-cu il tarixində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.1933-cü il tarixində Bakı şəhərində doğulmuş X5 uzun sürən xəstəlikdən sonra xx.xx.2010-cu ildə İmişli rayon Aranlı kəndində vəfat etmişdir. Mərhumun nəşi İmişli rayon Aranlı kəndində xx.xx.2010-cu ildə dəfn olunmuşdur. Bütün olanların fonunda depressiyada olduğu üçün vaxtlı-vaxtında sənədləşmə işi ilə məşğul olmamış və anasının ölüm haqqında şəhadətnaməsini almamışdır. Bu yaxınlarda təsadüf nəticəsində məlum oldu ki, xx.xx.2010-cu il tarixində (14 il öncə) vəfat etmiş anası, hələ də qeydiyyat bazasında həyatda kimi görünür. Hazırda 56 yaşı var, bilmək nə qədər ömrü qalıb, hesab edir ki, ailə tərkibində fiziki mövcud olmayan şəxsin sənəd üzərində yaşaması gələcəkdə digər vərəsələrə çətinlik yaradacaqdır. Həmçinin, müəyyən əqdlər var ki, onlar bağlanarkən ailə üzvlərinin razılığı tələb olunur. Bu məqsədlə İmişli rayonundakı Asan xidmət mərkəzində fəaliyyət göstərən qeydiyyat şöbəsinə müraciət edərək ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Orada ona xx.xx.2024-cü il tarixli imtina məktubu verərək məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, ərizəçi onun əridir. Onlar Bakı şəhərində yaşayırlar, buna görə də vəfat edən zaman rayonda olmamışlar, amma yas mərasimlərində iştirak etmişlər. Mərhumun şəkər xəstəliyi və yüksək təzyiqi olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Səbail Rayon Qeydiyyat Şöbəsininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 məxsus AZE 04269127 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 01 iyul 1933-cü ildə İmişli rayonu, Aranlı kəndində doğulmuşdur. İş materiallarında olan İmişli rayon Aranlı kənd İN tərəfindən verilmiş AZ-T seriyalı, 066220 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə İmişli rayonu, Aranlı kəndində anadan olmuş, ata qrafasında X16, ana qrafasında X4 qeyd edilmişdir. İş materiallarında olan İmişli rayon İHB-nin Aranlı kənd nümayəndəliyi tərəfindən verilmiş Vİ- ЖГ seriyalı, 401794 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X14 arasında nikah xx.xx.1995-ci il tarixdə bağlanmış, 07 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada «Qasımova» soyadı verilmişdir. İş materiallarında olan İmişli rayonu, Aranlı kənd sakinləri X7, X13 və X18 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Aranlı kəndinin sabiq üzvü xx.xx.1933-cü il təvəllüdlü X6 19 aprel 2010-cu ildə adı çəkilən ünvanda qocalıqdan vəfat etmiş və Aranlı kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan İmişli “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, mərhum X2 ölümünün qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan məzar daşının fotoşəkilindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş X2 1933-cü il tarixində anadan olduğu, 2010-cu il tarixində vəfat etdiyi qeyd olunmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.1933-cü ildə İmişli rayonu, Aranlı kəndində anadan olmuşdur. Ərizəçi xx.xx.1968-ci il tarixdə İmişli rayonu, Aranlı kəndində anadan olmuş, atası X16, anası X6 olmuşdur. Göründüyü kimi, xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi anası X6 olmuşdur. Hazırda ərizəçi ərizədə göstərdiyi əsaslara görə anasının ölüm faktının müəyyən edilməsini xahiş edir. İş materiallarında olan məzar daşının fotoşəklindən görünür ki, məzar daşının üzərində həmin yerdə dəfn edilmiş X2 1933-cü il tarixində anadan olduğu, 2010-cu il tarixində vəfat etdiyi qeyd olunmuşdur. İmişli rayonu, Aranlı kənd sakinləri X7, X13 və X18 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Aranlı kəndinin sabiq üzvü xx.xx.1933-cü il təvəllüdlü X6 19 aprel 2010-cu ildə adı çəkilən ünvanda qocalıqdan vəfat etmiş və Aranlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş şahidin qohumluq kimi yaxın əlaqəsinin olmasını və buna görə də ərizəçinin ailəsi ilə bağlı baş vermiş hadisə(lər)in onun tərəfindən görülməsi və xatırlanması imkanının yüksək olduğunu, eləcə də həmin şahid ifadəsində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə təsdiqləndiyini nəzərə alaraq, X8 ifadəsini də mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X2 xx.xx.2010-cu ildə İmişli rayonu, Aranlı kəndində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahidin ifadəsi, habelə işdə olan digər sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1933-cü il təvəllüdlü anası X2 xx.xx.2010cu il tarixdə İmişli rayonu, Aranlı kəndində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1933-cü il təvəllüdlü X2 xx.xx.2010-cu il tarixində İmişli rayonu, Aranlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1933-cü il təvəllüdlü X2 xx.xx.2010-cu il tarixində İmişli rayonu, Aranlı kəndində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X2 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1779/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1779/2024
08.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver