Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1835/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi Bakı şəhəri Səbail rayon 1 saylı Polikliniksına qarşı şikayət ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi Səbail rayon 1 saylı Polikliniksına qarşı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəsində göstərmişdir ki. Anası 1937-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, onun ünvanına təcili yardım , polis və prokurorluq əməkdaşları gəlmiş, onlar tərəfindən ölüm təsdiqlənmiş, bir gün sonra 106 saylı forma arayışını almaq üçün Bakı şəhəri Səbail rayon 1 saylı Polikliniksına müraciət etmiş, lakin 2019-cu ildən anasının tibbi vərəqəsində heç bir yazı olmadığını əsas gətirərək arayışı ona verməkdən imtina etmişlər və ona məhkəməyə müraciət etməyi bildirmişlər. Ərizəçi məhkəmədən onun şikayətinə baxılmasını xahiş etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Hakim qeyd edir ki, ərizəçi tərəfindən irəli sürülmüş tələb konkret deyil. Ümumiyyətlə, ərizədə tələb göstərilməmişdir. Ərizənin məzmunundan belə məlum olur ki, 1 saylı poliklinika ərizçinin 106 saylı forma arayışın alınmasına dair müraciətinə müsbət cavab verməmişdir. Hakim qeyd edir ki, ərizçinin poliklinikaya rəsmi müraciətini və sonuncunun müraciətə müsbət cavab verilməməsini təsdiq edən sübutlar, yəni ərizəçinin yazılı müraciəti və poliklinikanın rəsmi imtina məktubu ərizəyə əlavə edilməmişdir. Digər tərəfdən hakim qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il 3 saylı Qərarının 9.1-ci bəndində göstərilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Hakim Ali Məhkəmənin qeyd edilən Plenium qərarına əsasən izah edir ki, ərizəçi rəsmi qaydada yazılı formada “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması ilə bağlı Bakı şəhəri Səbail rayon 1 saylı Polikliniksına müraciət etməli, həmin şəhadətnamənin verilməsindən əsassız imtina edildikdə və yaxud onun müraciətinə hər hansı bir rəsmi münasibət bildirilməsindən imtina edildikdə, ərizəçi poliklinikanın hərəkət və hərəkətsizliyindən və ya tibbi şəhadətnamənin verilməsindən əsassız imtina edildikdə tibb müəssisəsinə qarşı inzibati icraat qaydasında iddia qaldıra bilər. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alaraq hakim hesab edir ki, hazırki şikayətin məhkəmə icraatı qeyri-mümkündür və bu səbəbədən şikayət ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi Bakı şəhəri Səbail rayon 1 saylı Polikliniksına qarşı şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1835/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1835/2022
09.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver