Məhkəmə qərarları › İş №2(009)-1989/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1989/2025

09.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1989/2025 09.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Nəsimi Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Nəsimi Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində qeyd edilməklə “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü X1 Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, 36 il əvvəl dünyaya gəlmiş və 9 ay sonra vəfat etmiş övladının ölümü ilə bağlı heç bir rəsmi dövlət qeydiyyat sənədi (ölüm şəhadətnaməsi) mövcud deyil. Uşağın soyad, ad, ata adı X2, doğum tarixi xx.xx.1989, ölüm tarixi xx.xx.1989, ölüm yeri Bakı şəhəri. Hazırda ölüm faktının hüquqi təsdiqinə ehtiyac duyur. Ölüm faktının qeydə alınması ona və digər ailə üzvlərinə hüquqi prosedurların həyata keçirilməsi üçün lazımdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək, ərindən qalan miras əmlakın sənədləribin rəsmiləşdirilməsi üçün xx.xx.1989-cu il təvəllüdlü X1 Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, ərizəçinin dayısıdır. X2 ərizəçinin ilk uşağı idi, adı Fəridə olmuşdur. Uşaq anadan olduğu zaman onlar sevinmişlər, lakin sonradan uşağın sağlamlıq vəziyyəti dəyişilmiş və xəstəxanada bir müddət qaldıqdan sonra 1989cu ilin noyabr ayında uşaq dünyasını dəyişmişdir. Onu Qobu qəbrstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, ərizəçinin anasıdır. Qızı gəlin köçmüş, ayın tarixi yadında deyil, uşağı olandan sonra o (nənə) rayona qayıtmışdır. Çox qəşəng uşaq idi, payız aylarının birində uşağın xəstəxanada rəhmətə getdiyini bildirmişlər ona, Ağcabədidə yaşadığına görə dəfnə çata bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Onlar Əhmədlidə yaşayırdılar. Uşaq xəstələnmiş, xəstəxanaya yerləşdirilmiş, iki ay xəstəxanada olmuşdur. 1989-cu ilin noyabr ayında vəfat etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Nəsimi Rayon Qeydiyyat Şöbəsininin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında akt qeydindən görünür ki, 18 yanvar 1989-cu il təvəllüdlü X4 Bakı şəhərində anadan olmuş, ata qrafasında X5, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 12 nömrəli uşaq poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-1-50/2-A-42- 6/2025 nömrəli arayışdan görünür ki, xx.xx.1989-cu ildə doğulmuş X1 ölümü haqqında poliklinikada heç bir məlumat yoxdur. İş materiallarında olan Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/7-15-1392/25 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. X2 Ərizəçi qızı olmuşdur. Hazırda ərizəçi ərizədə göstərdiyi əsaslara görə qızının ölüm faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X1 xx.xx.1989-cu ildə Bakı şəhərində ölməsi faktı məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən şahid ifadələri ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1989-cu il təvəllüdlü qızı X1 xx.xx.1989-cu il tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1989-cu il təvəllüdlü X1 xx.xx.1989-cu il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X1 xx.xx.1989-cu il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar