Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2292/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Nəriman oğlunun Cavabdeh qarşı sahiblik və mülkiyyət hüquqlarının tanınması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Nəriman oğlu Cavabdeh qarşı sahiblik və mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 15.06.1993-cü il tarixli,1121 nömrəli sərəncamı ilə Səbail rayon İcra Hakimiyyətinin razılığı (1850 No-li, İİ.05.93-cü il tarixli məktub) və “Sabutay” xarici iqtisadi cəmiyyətinin xahişi (21 No-li, 19.04.93-cü il tarixli məktub) nəzərə alınaraq, Bakı şəhəri, Səbail rayonu,Ş.Şamil küçəsində yerləşən 12 saylı binanın 60 kv.m.-lik qeyri-yaşayış sahəsi bu cəmiyyətə ofis üçün icarəyə verilmişdir. Qeyd olunan dövrdən 2017-ci il tarixinədək qeyd edilən qeyri-yaşayış sahəsi bu şirkətin təsisçisi və direktoru olan Cavabdeh tərəfindən sahiblik edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 18.08.2021-ci il tarixli məktubunda həqiqətən də Cavabdeh 09.04.1993-cü il tarixdə “Sabutay” xarici iqtisadi cəmiyyətinin təsisçisi və icraçı direktoru vəzifəsində çalışması qeyd olunmuşdur. 2017-ci ilin avqust ayında qeyd edilən qeyri-yaşayış yerini cavabdeh onun istifadəsinə verilmiş, daha sonra, yəni 2018-ci ilin oktyabr ayında şifahi olaraq aralarında alqı-satqı müqaviləsi bağlamış və obyekti ona 20.000 manat müqabilində satmışdır. Cavabdeh sonradan Rusiya Federasiyasına yaşamağa getmiş və mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi məsələləri ilə məşğul olmamışdır. 23.06.2021-ci il tarixdə cavabdeh Moskva şəhərində tərtib edilmiş etibarnamə ilə obyektə sahiblik sərəncam vermə, sənədləşdirmə və s. səlahiyyətləri ona həvalə etmişdir. Artıq 4 ilə yaxındır ki, obyekt onun istifadəsindədir. Bütün kommunal ödənişlər onun tərəfindən olunur. Həmçinin yaxınlarda qeyri-yaşayış sahəsi onun tərəfindən əsaslı təmir edilmişdir. Aralarında mövcud olmuş razılaşmadan bəlli olur ki, qeyri-yaşayış sahəsini ona satmaqla sahiblik və mülkiyyət hüquqlarını ona keçməsini iradə ifadəsi ilə bildirmişdir. Göstərilərinləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsində yerləşən 12 saylı binanın 60 kv.m.-lik qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin qeyri-yaşayış sahəsinə sahiblik və mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı Nəriman oğlu iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki,həmin qeyriyaşayış sahəsini dayısı Arazdan götürərək işlətmiş, sonra ona demişdir ki, Cavabdehla halallaş və əmlakı rəsmiləşdir. O, 20000 manat pulu Cavabdeh vermiş və qeyri-yaşayış sahəsini təmir etdirmiş, lakin orada fəaliyyət göstərməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər iş üzrə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilsə də, “bina sökülüb” qeydi ilə məktublar geri qayıtmışdır. Faktiki yaşayış yeri məlum olmadığı üçün Cavabdeh məhkəməyə dəvət etmək olmadığı üçün məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15.06.1993-cü il tarixli, 1121 saylı sərəncamından görünür ki, Səbail rayon İcra Hakimiyyətinin razılığı (1850 No-li, 11.05.1993-cü il tarixli məktub) və “Sabutay” xarici iqtisadi cəmiyyətinin xahişi (27 No-li, 19.04.1993-cü il tarixli məktub) nəzərə alınaraq, Ş.Şamil küçəsi, 12 saylı binanın 60 kv.m.-lik qeyri-yaşayış sahəsi bu cəmiyyətə ofis üçün icarəyə verilmiş (zirzəmi), Bələdiyyə mülkiyyəti və özəlləşdirmə İdarəsinə qeyd olunan zirzəminin texniki inventarlaşması haqqında müqaviləni “Sabutay” xarici iqtisadi cəmiyyəti ilə bağlanması tapşırılmış, sərəncamın yerinə yetirilməsinə nəzarət Səbail rayon İcra Hakimiyyətinin Başçısına (H.Kərimov) həvalə edilmişdir. İş üzrə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı Nəriman oğluna ünvanlanmış 18.08.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh 09.04.1993-cü il tarixində “Sabutay” xarici iqtisadi cəmiyyətinin təsisçisi və icraçı direktoru vəzifəsində çalışmışdır. İş üzrə Moskva şəhərinin notariusu tərəfindən təsdiq edilmiş 23.06.2021-ci il tarixli etibarnamənin kserosurətinə əsasən Cavabdeh tərəfindən İddiaçı Nəriman oğluna bütün əmlakı üzərində sərəncam verməklə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti 3 il müddətinə verilmişdir. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 17.09.2021-ci il tarixli arayışa əsasən arxiv məlumatlarına əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 60,0 kv.m olan qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat daşınmaz əmlakın dövlət reyestrində aşkar edilməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 15.06.1993-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsində yerləşən 12 saylı binanın 60 kv.m. qeyri-yaşayış sahəsi “Sabutay” xarici iqtisadi cəmiyyətinə ofis üçün icarəyə verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsində yerləşən 12 saylı binanın 60 kv.m. qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən keçməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, 2017-ci ilin avqust ayında cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə verilmiş, 2018-ci ilin oktyabr ayında onların arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh mübahisəli obyekti ona 20.000 manata satmışdır. Bu səbəbdən iddiaçı qeyri-yaşayış sahəsinin sahiblik etməsi ilə əlaqədar əmlakına sahiblik və mülkiyyət hüquqlarının tanınması və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin mübahisəli qeyri-yaşayış sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi üzrə qeyd edir ki, həmin tələb əsaslı hesab edilə bilməz. AR Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Qeyd edilən Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Məhkəmə qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsi daşınmaz əmlak olduğu üçün, həmin əmlakın alğı-satqı müqaviləsi şifahi qaydada bağlanıla bilməz və belə əqd forması və məzmunu qüsurlu əqd hesab olunur. Yəni daşınmaz əmlaka dair bağlanmış şifahi alğı-satqı müqaviləsinin etibarsız əqd hesab olunur və bu səbəbdən həmin əqdin məhkəmə tərəfindən bağlanmış hesab edilməsi yolverilməzdir. AR MPM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə digər tərəfdən qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində də qeydiyyata alınmamışdır. Belə ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehdən 20000 manata aldığını göstərmişdir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh həmin qeyri-yaşayış sahəsi ilə bağlı sərəncam versə də, onun həmin əmlaka dair sərəncam vermək hüququ olmamışdır. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qanunun yuxarıda göstərilən tələbinə əsasən yalnız əmlakın mülkiyyətçisi onun müqəddəratını təyin edə bilər. Lakin cavabdeh mübahisəli qeyri-yaşayış sahəsi üzərində hər hansı hüquq sahibi olmadığı üçün, o həmin əmlak barəsində sərəncam verməkdə səlahiyyətli olmamışdır. cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinə münasibətdə hər hansı hüquq sahibi olmadığı üçün, o, hazırki tələb üzrə cavab verməli olan şəxs də hesab edilmir. Bu səbəbdən cavabdeh hazırki tələb üzrə eyni zamanda subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi bu əsasla da əsassızdır. Мəhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində cavabdeh hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün ona qarşı qaldırılan tələb bu əsasla da təmin edilməməlidir. Məhkmə eyni zamanda hesab edir ki, iddia tələbi alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində əsassız hesab edildiyi üçün, iddia tələbi sahiblik və mülkiyyət hüquqlarının tanınmasına dair hissədə də əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Nəriman oğlunun Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsində yerləşən 12 saylı binanın 60 kv.m. qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin qeyri-yaşayış sahəsinə sahiblik və mülkiyyət hüquqlarının tanınması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2292/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2292/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver