Məhkəmə qərarları › İş №2(009)-2300/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2300/2022

10.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2300/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, atası X8 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası ürək xəstəliyindən əziyyət çəkirdi. Bu ilin sentyabr ayının 21-i atasının vəziyyətinin pisləşdiyini görüb təcili tibbi yardım çağırmışlar, lakin həkimlər gələnə qədər atası vəfat etmişdir. Həkimlər gəlib atasının öldüyünü təsdiq edib, ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib etmişlər. Ölüm haqqında şəhadətnaməni almaq üçün qeydiyyat şöbəsinə müraciət etsələr də, ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbi ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnaməni almaq üçün poliklinikaya müraciət etdikdə isə atasının həmin poliklinikaya müraciət etməməsi səbəbi ilə ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Vərəsəlik işinin açılması üçün ölüm haqqında şəhadətnamə lazım olduğundan və o, da həmin şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.1967-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda iddia tələbinə dair heç bir etirazları olmadan işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, o, Elcanın atası Elçinlə dost olmuş. Həqiqətən təsdiq edir ki, Elçin Mirzəxanov xx.xx.2022-ci il tarixdə Bakı şəhərində öz evində vəfat etmişdir. O, dəfndə və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, o, Elcanla ailəvi dostdur, Elcanın atası xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, dəfndə və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X8 xx.xx.1967-ci ildə anadan olmuşdur. İş üzrə Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X8, anası X2r. İş üzrə Təcili və X7 Stansiyasının 8 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdə saat 08:44-də ünvan 1 ünvanına X4 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda kişi cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ona X3 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş üzrə Yasamal rayon Prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas Elvin Bəşirli tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X8 xx.xx.2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, B.Şahtaxtinski küçəsi, ev 49, mənzil 160-da ürək xəstəlikləri səbəbindən ölmüşdür. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi atasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə atası X3 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə vərəsəlik işinin açılması üçün lazım olduğundan, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin atası X3 adına xx.xx.2022-ci il tarixdə təcili tibbi yardım stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi E.Mirzəxanov vəfat etmişdir. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X3 xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar