Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2341/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, əri X3 xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. Uzun müddətdir ki, əri “bronxial astma” xəstəliyindən əziyyət çəkmiş və 1-ci dərəcə əlilliyi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, X8 88V ünvanında yerləşən mənzildə ərinin vəziyyəti qəfildən pisləşmişdir və bu səbəbdən TTY çağırdıq. Lakin TTY gələnədək artıq əri vəfat etmiş və TTY Stansiyasının həkim briqadası ona yalnız ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdir. Ölüm haqqında tibbi şəhadətnaməni almaq üçün ərazi üzrə 33 saylı poliklinikaya müraciət etdikdə isə X1 poliklinikada heç bir qeydiyyatı olmaması səbəbi ilə, ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Daha sonra ölüm haqqında şəhadətnamənin verilməsi üçün 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.1974-cü il tarixdə anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” X2 nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. Binanın 2-ci mərtəbəsində yaşayır, ərizəçi isə 1-ci mərtəbədə yaşayır. İyun ayının 26da axşam saat 9-10 radələrində Çinarəgilin evindən ağlaşma və bərk səs eşitmiş, balkondan səsin nə üçün gəldiyini soruşduqda Çinarə ağlaya-ağlaya həyat yoldaşının halının pisləşdiyini deyərək təcili yardıma zəng etməsini xahiş etmişdir. O, təcili yardıma 2 dəfə zəng etmiş, təcili yardım səhv ünvana getdiyindən bir az gec gəlmiş, gəldikdən sonra isə artıq Eldəniz keçinmişdir. Bütün qonşular yas mərasimində iştirak etmişlər. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1974-cü il tarixdə Ağdam şəhərində anadan olmuşdur. İş üzrə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən X3 ilə Ərizəçi arasında xx.xx.2020-cı il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 40 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş üzrə Təcili və X4 Stansiyasının 4 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdə saat 22:08-da Bakı şəhəri, Səbail rayonu, F.Nemanzadə 8 ünvanına X1 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda kişi cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə Bakı 1 saylı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ona X1 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə, ülüm haqqında feldşer arayışı olmadığından imtina olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, baş daşı üzərində “X3 xx.xx.1974 – xx.xx.2023” yazılar qeyd edilmişdir. İş üzrə “Bakı Baş Səhiyyə Mərkəzi” X9 33 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 29 saylı arayışına əsasən xx.xx.2023-cü il tarixdə 4 saylı BŞT və TTYS tərəfindən verilmiş mlumata əsasən Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə 88 ünvanında yaşamış xx.xx.1974-cü il təvəllüdlü X3 vəfat etmişdir. Vəfat etmiş şəxsin 33 No-li Şəhər Poliklinikasına xəstəliklə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim etmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 No-li qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 Noli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi ərinin vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə əri X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə birgə nikahdan doğulmuş uşaqları üçün müavinətin alınması üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin əri X1 adına xx.xx.2023-cü il tarixdə təcili tibbi yardım stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi E.Əliyev vəfat etmişdir. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadəsi ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X1 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2341/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2341/2023
07.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver