Məhkəmə qərarları › İş №2(009)-2478/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2478/2024

28.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2478/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Maraqlı şəxs arasında Bakı şəhəri 9 saylı Mediasiya təşkilatı tərəfindən MŞB/9/2024-01333 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin şərtlərinə əsasən ikinci tərəf Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat aliment məbləğini ona ödəməyi öhdəsinə götürür, tərəflər raşılaşmışlar ki, Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladı X4 ilə ayda 4 dəfə anaya öncədən məlumat verməklə görüşə bilərlər. Göstərilənləri nəzərə alaraq ərizəçi onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/9/2024-01333 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin izahatında göstərmişdir ki, maraqlı şəxs tərəfindən barışıq sazişində üzərinə götürdüyü öhdəlik icra edilmir, yəni aliment ödəmir. Ona görə də o, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Lakin maraqlı şəxs məhkəməyə ünvanlanmış teleqramda səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnaməsinin surətinə əsasən Maraqlı şəxs ilə X3 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 151 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Nəsirov, arvada Nəsirova soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətinə əsasən tərəflərin birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşağı var. İş üzrə “Birinci tərəf” qismində Ərizəçi ilə “İkinci tərəf” qismində Maraqlı şəxs arasında, Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə, bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış nikaha xitam verilməsi və bu məqsədlə tərəflərdən hər hansı birisi müvfiq rayon məhkəməsinə müraciət etməsi, belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbinin qəbul edilməsi (bənd 1.1), birgə nikahdan dünyaya gəlmiş övladları X4 (doğum tarixi 26 sentyabr 2020-ci il) yetkinlik yaşına çatanadək ana Ərizəçi Rafiz qızı ilə yaşaması (bənd 1.2), Maraqlı şəxs (bundan sonra İkinci Tərəf) birgə nikahdan dünyaya gəlmiş övladları X2 (doğum tarixi 26 sentyabr 2020-ci il) yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat aliment məbləğini ana Ərizəçi (bundan sonra Birinci Tərəfə) ödənilməsi (bənd 1.3), Maraqlı şəxs (bundan sonra İkinci Tərəf) birgə nikahdan dünyaya gəlmiş övladları X4 (doğum tarixi 26 sentyabr 2020-ci il) ilə ayda 4 dəfə anaya öncədən məlum vermək şərti ilə görüşə bilməsi (bənd 1.4) barədə qarşılıqlı razılığa gəlmişlər. Barışıq sazişinin 5-ci bəndinə əsasən saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü Röyal adlı uşağı var. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçi mediasiya prosesinin tətbiqi üçün mediasiyaya müraciət etmiş, mediasiya prosesində imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən tərəflər nikahın pozulması (bənd 1.1), birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X2 ananın himayəsinə verilməsi (bənd 1.2), Maraqlı şəxs birgə nikahdan olan uşağın saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin ödənilməsi (bənd 1.3), Maraqlı şəxs birgə nikahdan olan uşağı ilə ayda 4 dəfə anaya öncədən məlumat vermək şərti ilə görüşə bilməsi (bənd 1.4) barədə razılığa gəlmişlər. Ərizəçi tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Maraqlı şəxs tərəfindən barışıq sazişində nəzərdə tutulmuş alimentin ödənilməsi ilə bağlı öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 24.6-cı maddəsinə əsasən mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. Eyni Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Göstərilən Qanunun 33-cü maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur (maddə 33.2) Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır (maddə 33.3). Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir (maddə 33.4.) Eyni Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur (maddə 34.2). Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər (maddə 34.3). Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) (maddə 34.4). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur (maddə 34.5). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi məhkəmənin xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (maddə 355-25.3) Göstərilən Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Eyni Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Maraqlı şəxs barışıq sazişinin aliment tutulması ilə bağlı hissəsini 10 gün müddətində könüllü olaraq icra etməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mediatorun iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanılmış barışıq sazişinin uşağın alimentin ödənilməsi ilə bağlı şərtləri Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyi üçün ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlı hesab edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, barışıq sazişinin uşağın ananın yanında qalması və alimentlə bağlı hissələri qanuna zidd olmadığından, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və hər hansı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, ərizə təmin edilməli, mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin uşağın ananın himayəsində saxlanılması və alimentin ödənilməsi ilə bağlı hissələri məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 305-1.17-ci maddəsi və XL-Vİİ fəsli xx.xx.2021-ci il tarixli Qanunla Məcəlləyə əlavə edilmiş, həmin normalarda alimentlə əlaqədar mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiqi zamanı qətnamənin dərhal qüvvəyə minməsinə dair norma nəzərdə tutulmamışdır. Lakin məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki tələb barışıq sazişinin təsdiq edilməsi ilə bağlı olsa da, məhkəmə AR MPM-nin 234.2.1-ci maddəsini analogiya üzrə hazırki münasibətə tətbiq edərək hesab edir ki, alimentlə bağlı tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan və bu sazişin təsdiq edilməsi uşağın maddi təminatının ödənilməsinə xidmət etdiyindən, qətnamə həmin hissədə dərhal icraya yönəldilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında, Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə, mediasiya prosesində bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-01333 nömrəli barışıq sazişinin 1.2-ci və 1.3-cü bəndlərində qeyd edilən uşağın ananın yanında saxlanılması və alimentə dair aşağıdakı hissələri təsdiq edilsin: “1.2. Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları X4 (doğum tarixi: 26 sentyabr 2020-ci il) yetkinlik yaşına çatanadək ana Ərizəçi ilə yaşayacaq. 1.3. Tərəflər razılaşdılar ki, Maraqlı şəxs (Bundan sonra İkinci Tərəf) birgə nikahdan dünyaya gəlmiş övladları X2 (doğum tarixi: 26 sentyabr 2020-ci il) yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) AZN aliment məbləğini ana Ərizəçi (Bundan sonra Birinci Tərəfə) ödəyəcək”. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar