Məhkəmə qərarları › İş №2(009)-2497/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2497/2023

14.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2497/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli mediasiya prosesində barışıq sazişinin təsdiq edilməsi və X1 üçün 220 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2005-ci il tarixdə rəsmi nikah bağlanmış, bu evlilikdən xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 doğulmuşdur. xx.xx.2023-cü il tarixli mediasiya prosesində barışıq sazişindən görünür ki, Cavabdehlə aliment tutulması barədə öz aralarında razılığa gəlmişlər. Həmin barışıq sazişinə əsasən X1 üçün 220 manat pul vəsaitinin hər ayın 10-dan tarixindən 15-nə kimi ödənilməsini Cavabdeh öz üzərinə götürmüşdür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhər Səbail rayon VVADQ qeydiyyat şöbəsində 25 fevral 2005-ci ıl tarixdə bağlanmış və 52 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəni müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini, oğlunun kompyuterinə görə kredit ödədiyindən müvəqqəti maddi çətinliyi olduğu üçün alimenti gecikdirdiyini bildirmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1743/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı Bakı şəhər Səbail rayon VVADQ qeydiyyat şöbəsində 25 fevral 2005-cı il tarixdə bağlanmış və 52 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindən görünür ki, Cavabdeh birgə nikahdan doğulmuş X1 üçün yetkinlik yaşına çatanadək hər ayın 10-dan 15-ə kimi İddiaçı bank kartına 220 manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunan Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, maraqlı şəxs X7 barışıq sazişinin könüllü qaydada icrasından imtina edir. Məhkəmə iclasında eləcə də, müəyyən olundu ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İş materiallarında olan sənədləri tədqiq edərək məhkəmə müəyyən etdi ki, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-nin 355- 26.1-ci maddəsində göstərilən əsaslar mövcud deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-23, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində 26 iyul 2023-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Tərəflər razılığa gəlirlər ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 10-dan 15-nə kimi İddiaçı bank kartına 220 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Qətnamə dərhal icra edilir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar