Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2710/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi Ərizəçi Maraqlı şəxs olmaqla, barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs olmaqla, barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, maraqlı şəxslə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X3 adına övladları dünyaya gəlmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-3554/2023 saylı qətnaməsinə əsas nikah pozulmuş və uşaq atasının himayəsinə verilmişdir. Mediasiya sessiyasında xx.xx.2012-ci il təvəllüdlü X1 (uşağın mənafeyi nəzərə alınaraq atanın iştirakı olmadan) Ərizəçi ilə vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəliyi cavabdeh öz üzərinə götürərək barışıq sazişinə imza atmışdır. Ərizəçi uşağı görə bilmir. Maraqlı şəxs uşağı görməyə maneçilik yaradır, zəngləri açmır. Ərizəçinin nümayəndəsi-vəkili ərizə göndərərək, məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmədə iştirak etməmişdir. Məhkəmə Azər. Resp. MPMnin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2024-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin surətindən görünür ki:
1. Birinci tərəf: Maraqlı şəxs bu Saziş imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Ərizəçi ilə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə № 578 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlava vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır.
2. Birinci tərəf: Maraqlı şəxs bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X2 onun (atanın) yanında (himayəsində) qalmasına razıdır
3. Birinci tərəf: Maraqlı şəxs bu Sazişi imzalandıqdan sonra İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf: Ərizəçi qarşı aliment tələbinin olmadığını təsdiq edir
4. Birinci tərəf: Maraqlı şəxs Bu sazişi imzalamaqla İkinci tərəf: Ərizəçi ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X2 (uşağın mənafei nəzərə alınaraq atanın iştirakı olmadan) İkinci tərəf: Ərizəçi ilə vaxt məhdudiyyəti qoyulmadan ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürür
5. Birinci tərəf: Maraqlı şəxs Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür.
Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər nikaha daxil olmuş və birgə nikahdan övladları olmuşdur. Daha sonra tərəflər arasında olan nikah pozulmuşdur. Mediasiya mərhələsində tərəflər arasında barışıq sazişi imzalanmışdır. İşin hallarından və ərizənin məzmunundan aydın olmuşdur ki, həmin saziş maraqlı şəxs tərəfindən icra edilməmişdir. Hazırda ərizəçi Barışıq Sazişinin təsdiq edilməsini xahiş edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə görə əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə “mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə
Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi Maraqlı şəxs ərizəçinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: İlkin Rüstəmli