Məhkəmə qərarları › İş №2(009)-2775/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2775/2025

08.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2775/2025 08.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsi”nə əsasən Maraqlı şəxs MMC-də (VÖEN **********1) keyfiyyətə nəzarət üzrə mühəndis vəzifəsində iş fəaliyyətinə başlamışdır. Bir müddət qeyd olunan şirkətdə işlədikdən sona öz xahişi ilə işdən ayrılmışdır. İşdən ayrılarkən ona ödənilməli olan 19573.12 manat vəsait ödənilmədiyi üçün tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək mübahisəsinin həlli məqsədi ilə Bakı 20 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Bakı 20 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00650 saylı barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişin şərtlərinə əsasən: “Tərəf 2 (Maraqlı şəxs MM) Tərəf 1 (Ərizəçi Şixrəhimoviç) ilə bağladığı əmək müqaviləsinə xitam verərkən Tərəf 1 (Ərizəçi)in ödənilməmiş son haqq-hesabının 19573,12 manat məbləği olduğunu qəbul etimşdir. Tərəf 2 (Maraqlı şəxs MM) ümumilikdə 19573,12 manat pul məbləğini 3 ay tam şəkildə son ödəniş tarixi xx.xx.2025-ci il olmaqla Tərəf 1 (Ərizəçi)in təqdim etdiyi bank kartına ödəməyi öz öhdəsinə götürmüşdür”. Onlar mediasiya prosesində razılığa gəlmişlər. Barışıq sazişinin icra olunması ilə bağlı Sazişdə müəyyən edilmiş 3 aylıq müddət keçmişdir, lakin Maraqlı şəxs MMC könüllü olaraq barışıq sazişini icra etmir. Buna görə də məhkəməyə müraciət etməklə, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi onunla Maraqlı şəxs MMC-də (VÖEN **********1) arasında Bakı 20 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixdə bağlanmış MŞB/20/2025-00650 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmişlər. Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını onların iştirak olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə ərizəçinin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə “Birinci tərəf” qismində Ərizəçi ilə “İkinci tərəf” qismində Maraqlı şəxs MMC (nümayəndə X2) arasında Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə bağlanılmış xx.xx.2025ci il tarixli barışıq sazişindən görünür ki, “1.Tərəf 2 (Maraqlı şəxs MMC) Tərəf 1 (Ərizəçi) ilə bağladığı əmək müqaviləsinə xitam verərkən Tərəf 1 (Ərizəçi)-in ödənilməmiş son haqq-hesabının 19573,12 AZN (on doqquz min beş yüz yetmiş üç manat on iki qəpik) məbləği olduğunu qəbul edir.

2. Tərəf 2 (Maraqlı şəxs MMC) ümumilikdə 19573,12 AZN (on doqquz min beş yüz yetmiş üç manat on iki qəpik) olan məbləği 3 ay ərzində tam şəkildə (son ödəniş tarixi xx.xx.2025-ci il), Ərizəçi təqdim etdiyi bank kartına ödəməyi öz öhdəsinə götürür”. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən Maraqlı şəxs MMC-də keyfiyyətə nəzarət üzrə mühəndis vəzifəsində iş fəaliyyətinə başlamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçi işdən ayrılarkən ona ödənilməli olan 19.573,12 manat vəsaitin ödənilmədiyi üçün mediasiya prosesinin tətbiqi üçün mediasiyaya müraciət etmiş, mediasiya prosesində imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən tərəflər razılığa gəlmişlər ki, Maraqlı şəxs MMC Ərizəçi ilə bağladığı əmək müqaviləsinə xitam verərkən Ərizəçi ödənilməmiş son haqq-hesabının 19573,12 manat məbləği olduğunu qəbul etmiş, Maraqlı şəxs MMC ümumilikdə 19573,12 manat olan məbləği 3 ay ərzində tam şəkildə (son ödəniş tarixi xx.xx.2025-ci il) Ərizəçi təqdim etdiyi bank kartına ödəməyi öz öhdəsinə götürmüşdür. Ərizəçi tərəfindən irəli sürülmüş tələbdən görünür ki, barışıq sazişinin icra olunması ilə bağlı Sazişdə müəyyən edilmiş 3 aylıq müddət keçmişdir, lakin Maraqlı şəxs MMC könüllü olaraq barışıq sazişini icra etmir. Bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 24.6-cı maddəsinə əsasən mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. Eyni Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Göstərilən Qanunun 33-cü maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur (maddə 33.2) Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır (maddə 33.3). Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir (maddə 33.4.) Eyni Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur (maddə 34.2). Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər (maddə 34.3). Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) (maddə 34.4). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur (maddə 34.5). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi məhkəmənin xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (maddə 355-25.3) Göstərilən Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Eyni Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, tərəflər arasında mediatorun iştirakı ilə xx.xx.2025-ci il tarixdə bağlanılmış barışıq sazişinin şərtləri Maraqlı şəxs MMC tərəfindən könüllü qaydada icra edilmədiyi üçün və maraqlı şəxs onun icrasından imtina etdiyi üçün ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlı hesab edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və hər hansı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, ərizə təmin edilməli, mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs MMC (nümayəndə X2) arasında, Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə, mediasiya prosesində bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “1.Tərəf 2 (Maraqlı şəxs MMC) Tərəf 1 (Ərizəçi) ilə bağladığı əmək müqaviləsinə xitam verərkən Tərəf 1 (Ərizəçi)-in ödənilməmiş son haqq-hesabının 19573,12 AZN (on doqquz min beş yüz yetmiş üç manat on iki qəpik) məbləği olduğunu qəbul edir.

2. Tərəf 2 (Maraqlı şəxs MMC) ümumilikdə 19573,12 AZN (on doqquz min beş yüz yetmiş üç manat on iki qəpik) olan məbləği 3 ay ərzində tam şəkildə (son ödəniş tarixi xx.xx.2025-ci il), Ərizəçi təqdim etdiyi bank kartına ödəməyi öz öhdəsinə götürür”. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar