Məhkəmə qərarları › İş №2(009)-354/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-354/2025

28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-354/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə Ərizəçinin nümayəndəsi G.K.Nuriyevin iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onlar ailəliklə ünvan 1 ünvanında yaşayırlar. Mərhum xx.xx.2010-cu ildə anadan olmuş X5 vəfat etdiyi xx.xx.2010-cu il tarixədək onlarla birgə yaşamışdır. X5 xx.xx.2010-cu il tarixdə saat 5.00 radələrində evdə vəfat etmişdir. Ölümün səbəbi “SMA” xəstəliyi olmuşdur. Onlar Əşrəfi xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Səbail rayonunun Badamdar qəbirstanlığında dəfn etmişlər. Əşrəfin vəfat etməsi ilə bağlı ölüm haqqında şəhahətnamə alınması üçün tərəfindən xx.xx.2024-cü il tarixdə ərizə ilə iş üzrə maraqlı şəxs olan Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ölümü təsdiq edən sənədin olmaması əsas göstərilərək Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəsi təmin edilməmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bu səbəbdən də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əşrəf Abbaslının ölümü faktının müəyyən edilməsi ona və ailə üzvlərinə hüquqi məsələlərin həlli üçün zəruridir və bu fakt məhkəmədən kənar qaydada müəyyən oluna bilməz. Ədliyyə Nazirliyinin elektron sistemində Əşrəf Abbaslı sağ olan şəxs kimi görünür. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.2010-cu ildə X2 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi X4 ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi həmçinin göstərmişdir ki, hərbi xidmətə çağırışla bağlı bildiriş gəlib, uşağın hərbi qeydiyyata alınmalı olması bildirilib, onlar uşağın vəfat etdiyini desələr də, ölüm şəhadətnaməsi tələb edilmişdir, ona görə də məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, o, Elvira ilə qonşudur. Anası ilə rəfiqədir. 2010-cu ildə Elviranın oğlan övladı anadan olmuşdur, bununla bağlı onlara gedib “göz aydınlıq” vermişdir. Uşaq çox körpə ikən təxminən 2010cu ilin sonlarında xəstəlikdən vəfat etmişdir, Elviragilə gedib başsağlığı vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, Elvira ilə bir həyətdə böyümüşlər, bir məktəbdə oxumuşlar, hazırda da bir yerdə işləyirlər. O, təsdiq edir ki, Elviranın 2010-cu ildə oğlan uşağı olmuş, 10 aylıq olanda uşaq genetik xəstəlikdən vəfat etmişdir və qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X5 xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş, atası X6, anası X1r. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ona oğlu X2 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi oğlunun vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə oğlu X2 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə uşağın hərbi xidmətə çağırılışı zamanı müvafiq hərbi komissarlığa təqdim edilməsi üçün lazım olduğundan, o, hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin oğlu xx.xx.2010-cu il təvəllüdlü X5 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X2 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 xx.xx.2010-cu ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar