Məhkəmə qərarları › İş №2(009)-400/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-400/2021

19.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-400/2021 19.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun mərhum atası X4 xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. O, uzun illər idi ki, ağ ciyərlərindən və tənəffüs çatışmamazlığından əziyyət çəkirdi. Amma çox təəssüflər olsun ki, onların təkidlərinə baxmayaraq, daima müalicə almaqdan yayınırdı. Bu səbəbdən də xx.xx.2020-ci ildə vəfat etmişdir. Atası vəfat etməmişdən əvvəl həmin gün onun halının pisləşməsini görüb onlar X11 stansiyasına zəng vurmuşlar. TTY həkimləri də onu xəstəxanaya aparması istəsələr də, atası imtina etmişdir. Təəssüf ki, TTY Stansiyasının həkimləri getdikdən 20 dəqiqə sonra atasının vəziyyəti təkrar pisləşdi və onlar onu xəstəxanaya çatdıra bilməmişlər. Belə ki, X11 Stansiyasının “Ölüm X2”ndə də qeyd edildiyi kimi atası “Həkimə qədər” vəfat etmişdir. Bu səbəbdən də nə X11 stansiyası, nə də ki, atasının qeydiyyatda olduğu şəhər poliklinikası atasının ölümünə səbəb olan diaqnozu əsaslandırıcı şəkildə müəyyən edə bilmədi. O, atasının vəfatından sonra müəyyən hüquqi hərəkətləri həyata keçirə bilmək üçün xx.xx.2020-ci il tarixdə Binəqədi rayon Qeydiyyat Şöbəsinə atası X1 vəfatına dair ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etmişdir. Lakin Binəqədi rayon Qeydiyyat Şöbəsi xx.xx.2020-ci il tarixli məktubu ilə ona imtina verdi. Buna səbəb kimi isə mərhum atası X1 adına tərtib edilmiş “ölüm haqqında tibbi şəhadətnamə” olmaması əsas göstərilərək məhkəməyə etməsi tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş mərhum atası X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, atasının ölümündən sonar onun aldığı təqaüdün anasının adına keçirilməsi üçün ondan ölüm haqqında şəhadətnamə istəmişlər, eyni zamanda atasının qeydiyyatda olduğu ünvan üzrə qeydiyyatın ləğvi üçün də həmin sənədi olması zəruridir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o ərizəçinin əmisi, mərhumun qardaşıdır. Həqiqətən də təsdiq edir ki, qardaşı xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Xırdalan qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, o ərizəçinin bacısıdır, mərhumun isə qızıdır. Həqiqətən də təsdiq edir ki, atası xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Xırdalan qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən X4 xx.xx.1954-cü ildə anadan olmuşdur. İş üzrə xx.xx.1986-cı il tarixli doğum haqqında şəhadətnamənin kserosurətinə əsasən Ərizəçi xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X4, ana qrafasında X3 göstərilmişdir. İş üzrə Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının 14 saylı bölməsi tərəfindən verilmiş ölüm X2nin kserosurətinə əsasən xx.xx.2020-ci il tarixdə saat 11:15-də Abşeron rayonu, Məhəmmədi qəsəbəsində yerləşən 9 saylı binada X1 adına çağırış daxil olmuşdur. Briqada ünvana çatdıqda kişi cinsli meyit aşkar etmişdir, həkimə qədər ölüm qeyd edilmişdir. İş üzrə 34 saylı şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın kserosurətindən görünür ki, mərhum 1954-cü il təvəllüdlü X4 34 saylı şəhər poliklinikasına müraciət olmamışdır. Ambulator kartası yoxdur. Bu səbəbdən ölüm təsdiq edən heç bir sənəd olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə vermək iqtidarında deyillər. İş üzrə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi oğluna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, ona atası X1 ölümünün qeydə alınmasından ölüm haqqında tibbi şəhadətnamə olmadığından imtina olunmuşdur. İş üzrə Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 551 saylı arayışına əsasən X4 xx.xx.2020-ci il tarixdə Xırdalan Bələdiyyəsinin tabeliyində olan Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ərizəçi atasının vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə alınması üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. AR MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizəçiyə atası X1 ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunduğundan, həmçinin həmin faktın müəyyən edilməsi ərizəçiyə ========== üçün lazım olduğundan, o hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş arayışlarla müəyyən edilmişdir ki, ərizəçinin atası X1 adına xx.xx.2020-ci il tarixdə X11 stansiyasına çağırış olmuş, lakin həkimlər gələnə kimi O.Məhərrəmov vəfat etmişdir. AR Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan, ərizə təmin edilməli və həmin hüquqi fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X1 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar