Məhkəmə qərarları › İş №2(009)-414/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-414/2025

10.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-414/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu Ərizəçi (maraqlı şəxs Səbail rayon Qeydiyyat şöbəsi) ölüm faktın müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatına qəbulunun mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Səbail rayon Qeydiyyat şöbəsi) ölüm faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü Bakı şəhərində anadan olmuş qızı - X1 xx.xx.1980-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, ərizəçi tərəfindən ərizəyə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Belə ki, ərizəçi ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısında dövlət rüsumu haqqında qəbzin əlavə olunmasını göstərsə də, həmin sənədi ərizəyə əlavə etməmişdir. (Bu barədə Səbail Rayon Məhkəməsinin dəftərxana işçiləri tərəfindən xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir). AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Hakim digər tərəfdən qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. X3 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Ərizəçi ərizəsində ilk növbədə övladı X1 ölümü haqqında şəhadətnamənin alınması üçün Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, “Ölüm haqqında tibbi şəhadətnamə”nin olmaması səbəbi ilə imtina edilmişdir. Lakin ərizəçi həmin “Ölüm haqqında tibbi şəhadətnamə” ilə bağlı ərazi üzrə tibb müəssəsinə (və ya müvafiq tibb müəssəsinə) müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Belə ki, ərizəçi ərizəsində “Ölüm haqqında tibbi şəhadətnamə”nin mərhumun poliklinikada xəstəliyinə dair məlumatın olmamasını əsas gətirərək şəhadətnamənin verilməsindən imtina olunması barədə məlumatı qeyd etsə də, bu halı təqdiq edən müvafiq yazılı sübutu əriəzəyə əlavə etməmişdir. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hakim eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Ərizəçi ərizəsində müəyyən edilməsi xahiş etdiyi hüquqi faktın (ölüm faktının) ailə üzvlərinin mərhuma dair sənədlərinin həll edilməsi zəruriliyi ilə müəyyən edilməli olmasını qeyd etsə də, lakin konkret həmin faktın ona nə məqsəd üçün lazım olması açıqlanmamışdır. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki ərizənin məhkəmə icraatı mümkün deyil və bu səbəbədən ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs Səbail rayon Qeydiyyat şöbəsi) ölüm faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə qərardadın əsaslandırıcı hissəsində göstərilən səbəblərə görə geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar