Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-562/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, Təsviri hissə: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməklə, müvafiq ölüm haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, həyat yoldaşı xx.xx.1982-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə qeydiyyatda olduğu və yaşadıqları ünvan 1 ünvanında qəflətən vəziyyəti pisləşmişdir. Bu səbəbdən X8 çağırmışlar. Lakin X8 gələnədək artıq əri vəfat etmiş və TTY Stansiyasının həkim briqadası ona ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdir (surəti ərizəyə əlavə olunur). Ölüm haqqında tibbi şəhadətnaməni almaq üçün ərazi üzrə 33 saylı poliklinikaya müraciət etdikdə isə vəfat etmiş şəxsin poliklinikaya xəstəliklə əlaqəli müraciət etmədiyinə görə, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir (əlavə olunub). Daha sonra ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etdikdə isə şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmayacağını, yalnız məhkəmə vasitəsi ilə həll ola biləcəyini bildirmişdir (əlavə olunub). Göstərilənləri nəzərə alaraq xx.xx.1982-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında ölməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X10 Bakı Baş Səhiyyə X6 Şəxs 33 №-li Şəhər Poliklinikasının xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə 19 saylı BTŞ və TTYS tərəfindən verilmiş məlumata əsasən ünvan 3 ünvanında yaşamış xx.xx.1982-ci il təvəllüdlü X4 vəfat etmişdir. Vəfat etmiş şəxsin 33 №-li Şəhər Poliklinikasına xəstəliklə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 №-li qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 №-li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3- 16-5/8-77/15 nömrəli məktubdan görünür ki, onun xx.xx.2024-cü il tarixdə Səbail rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizəsi ilə bağlı X1 ölümü haqqında şəhadətnamənin alınması barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan X5 X3 BŞT TTYS 19 saylı bölməsinin xx.xx.2024-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə xəstə X2 X8 üçün çağırış qəbul olunmuş, Badamdar yolu 222, mənzil 3 ünvanında aparılmış müayinə tədbirləri nəticəsində həkimə qədər ölüm, kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 318772 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və Ərizəçi arasında nikah 08 yanvar 2008-ci il tarixdə bağlanmış, 06 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, araşdırma zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X1 xx.xx.2024-cü ildə Bakı şəhərində ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, işdə olan digər sübutlarla öz təsdiqini tapır. Odur ki, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut vardır. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi xx.xx.1982-ci il təvəllüdlü həyat yoldaşı X1 xx.xx.2024-cü tarixdə Bakı şəhərində ölməsini təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, ərizənin təmin edilməsi üçün kifayət qədər sübut olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 26 aprel 1982-ci ildə Bakı şəhərində doğulmuş X1 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 aprel 1982-ci ildə Bakı şəhərində doğulmuş X1 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-562/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-562/2024
28.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver