Məhkəmə qərarları › İş №2(009)-644/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-644/2025

21.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-644/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs iştirakları ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Maraqlı şəxslə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan xx.xx.2020-ci il tarixdə Səlimov Alim adlı bir uşağı olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1673/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmə prosesindən qabaq xx.xx.2024-cu il tarixdə Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatında mübahisənin həlli istiqamətində saziş bağlamışlar. Sazişin şərtlərindən biri də ikinci tərəf birgə nikah dövründə xx.xx.2020-ci il tarixli, AN-İ No ******* nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanda yerləşən 0,08 ha torpaq sahəsi (reyestr nömrəsi: **********88) və həmin torpaqda birgə nikah dövründə tikilmiş yaşayış evinin 3 ay ərzində real bazar qiymətinə satılaraq dəyəri tərəflər arasında bölünməsidir. Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazişinin şərtlərini yerinə yetirməkdən yayındığından nəticədə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmişdir və qeyd edilən əmlak satılmamışdır. Göstərilənləri nəzərə alaraq ərizəçi Bakı 9 saylı Mediasiya Təşkilatında onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Barışıq Sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Maraqlı şəxs öz izahatında göstərmişdir ki, barışıq sazişi bağlandıqdan sonar Esmira evə makler gətirərək qiymət qoymuş, makler 30.000 manata evi qiymətləndirmişdir. Sonra o, kənar makleri dəvət etmiş, makler 25.000 manatdan artıq pul verə bilməyəcəyini demişdir. Esmira bu qiymətlə razılaşmamış, onda o, təklif etmişdir ki, 15.000 manat ona düşən payı atasından və digər şəxslərdən borc götürərək verə bilər. Həmin evdə müəyyən təmir işlərini də həyata keçirilmişdir. Esmira və uşağı hazırda onunla yaşayır. Təmirdən sonar Esmira demişdir ki, 20.000 manat verməlidir. Ona görə də bu məsələ bu günədək həll olunmamış qalır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsi və vəkilin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat Ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən X6 mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən 0,08 ha torpaq sahəsini Maraqlı şəxs 6.000 manata satmışdır. İş üzrə “Birinci tərəf” qismində Ərizəçi ilə “İkinci tərəf” qismində X4 arasında, Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə, bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, “1. Tərəflər arasında bağlanmış nikah müqaviləsinə xitam verilməsi məqsədi ilə tərəflərdən biri müvafiq rayon məhkəməsinə müraciət edəcək. Digər Tərəf nikaha xitam verilməsinə dair iddia tələbini qəbul edir və prosesin uzanmaması üçün adekvat addımlar atacaq;

2. Birgə nikahdan doğulmuş övladları X5 Birinci Tərəfin yanında qalacaq; 3. İkinci Tərəf övladı X2 (xx.xx.2020) saxlanması üçün 18 yaşa çatanadək 235 (iki yüz otuz beş) AZN alimenti Birinci Tərəfə ödəyəcək. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə müvafiq olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun alimentin məbləğinə yenidən baxıla (artılıra, azaldıla, dayandırıla və s.) bilər. Bu barədə müvafiq qaydada məhkəmədə iddia qaldırılana qədər razılaşdırılmış aliment məbləği dəyişdirilə bilməz; 4. İkinci Tərəf alimenti hər ay, ayın 10-unadək Birinci Tərəfin bank hesabına köçürəcək; 5. İkinci Tərəf övladı ilə istədiyi vaxt və müddət ərzində uşağın günlük rejimini pozmamaq şərti ilə görüşəcək; 6. İkinci Tərəf birgə nikah dövründə xx.xx.2020-ci il tarixli, AN-İ No ******* nömrəli Alqı-satqı Müqaviləsi əsasında əldə etdiyi, Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən 0.08 ha torpaq sahəsi (reyestr nömrəsi: **********88) və həmin torpaqda birgə nikah dövründə tikilmiş yaşayış evinin 3 (üç) ay ərzində real bazar qiymətinə satılaraq dəyəri Tərəflər arasında bölünəcək”. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1673/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Nurali Muradoviç arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə bağlanmış 3134 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü Alim adlı uşağı var. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçi mediasiya prosesinin tətbiqi üçün mediasiyaya müraciət etmiş, mediasiya prosesində imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən tərəflər nikahın pozulması (bənd 1), birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X3 ananın yanında saxlanılması (bənd 2), Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X2 saxlanılması üçün yetkinlik yaşına çatanadək 235 manat məbləğində alimentin ödənilməsi və alimenti hər ay, ayın 10-unadək Ərizəçi bank hesabına köçürülməsi (bəndlər 3,4), uşaqla ünsiyyətdə olması (bənd 5) və Nuralı Səlimovun birgə nikah dövründə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaqda birgə nikah dövründə tikilmiş yaşayış evinin 3 ay ərzində real bazar qiymətinə satılaraq dəyəri tərəflərin arasında bölünməsi (bənd 6) barədə razılığa gəlmişlər. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. Ərizəçi tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Maraqlı şəxs tərəfindən barışıq sazişində nəzərdə tutulmuş tərəflərin birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakın satılması və dəyəri tərəflərin arasında bölünməsi ilə bağlı öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 24.6-cı maddəsinə əsasən mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. Eyni Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Göstərilən Qanunun 33-cü maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur (maddə 33.2) Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır (maddə 33.3). Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir (maddə 33.4.) Eyni Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur (maddə 34.2). Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər (maddə 34.3). Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) (maddə 34.4). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur (maddə 34.5). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi məhkəmənin xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (maddə 355-25.3) Göstərilən Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Eyni Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, tərəflər arasında mediatorun iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanılmış barışıq sazişinin tərəflərin birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakın satılması və dəyərinin tərəflərin arasında bölünməsi ilə bağlı şərti Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyi üçün ərizəçi barışıq sazişinin həmin hissəsinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlı hesab edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, barışıq sazişinin qeyd edilən hissəsi qanuna zidd olmadığından, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və hər hansı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, ərizə təmin edilməli, mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin tərəflərin birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakın satılması və dəyərinin tərəflərin arasında bölünməsi ilə bağlı hissəsi məhkəmə tərəfindən təsdiq edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında, Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə, mediasiya prosesində bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-00852 nömrəli barışıq sazişinin aşağıda qeyd edilən 6-cı bəndi təsdiq edilsin: “İkinci Tərəf (Maraqlı şəxs) birgə nikah dövründə xx.xx.2020-ci il tarixli, AN-İ No ******* nömrəli Alqı-satqı Müqaviləsi əsasında əldə etdiyi, Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən 0.08 ha torpaq sahəsi (reyestr nömrəsi: **********88) və həmin torpaqda birgə nikah dövründə tikilmiş yaşayış evinin 3 (üç) ay ərzində real bazar qiymətinə satılaraq dəyəri Tərəflər arasında bölünəcək”. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar