Məhkəmə qərarları › İş №2(009)-793/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-793/2023

17.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-793/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili Vəkil2 və maraqlı şəxsin nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh olmaqla, barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh olmaqla, barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, 09 sentyabr 2022-ci il tarixli Barışıq sazişinin Cavabdeh tərəfindən könüllü icra edilmədiyi üçün məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, iş üzrə maraqlı şəxs olan Cavabdehla razılığa gələrək, müvafiq olaraq mediasiya haqqında qanununa uyğun olaraq qarşılıqlı razılaşma əsasında barışıq sazişi imzalamışlar. Həmin barışıq sazişi Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiqlənmişdir. Lakin barışıq sazişi şərtləri iş üzrə maraqlı şəxs tərəfindən qismən pozulmuş və barışıq sazişi üzrə öhdəliklərinə əməl etməmişdir. Belə ki, iş üzrə Cavabdeh tərəfindən müvafiq olaraq, barışıq sazişinin 3-cü bəndi pozulmuşdur. Belə ki, həmin şərtə əsasən 2022-ci ilin oktyabr ayından ümumilikdə 501 ( beş yüz bir) manat aliment ödəməyi öhdəsinə götürsədə buna əməl etməmiş, həmin tarixdən məhkəmə qətnaməsində çıxarılan dövr yəni xx.xx.2023-cü il tarixinə olan dövr üzrə olan aliment ödənilməmiş qalmışdır. Digər tərəfdən Cavabdeh tərəfindən barışıq sazişinin 5, 6,7,8,9-cü bəndləri də əməl edilmir və icrasından boyun qaçırır. Hansı ki, sazişin həmin hissədə icrası üçün 6 ay vaxt müəyyən edilmişdir. İş üzrə İddiaçı tərəfindən müvafiq evin alınmasına alıcı tapıb müvafiq sənədləri alğı-satqı üçün hazırlamış, lakin son anda cavabdeh məlum olmayan səbəbdən barışıq sazişinin icrasından imtina etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi-vəkili ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, Səbail rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsi ilə 10 fevral 2023-cü il tarixdən başlayaraq Cavabdeh aliment tutulması qət edilmişdir. Ərizəçi isə ərizəsində barışıq sazişinin 3-cü bəndində qeyd edilmiş kimi 2022-ci ilin oktyabr ayından sözügedən qətnamə qəbul edildiyi tarixədək olan dövr ərzində razışlaşdırılmış alimentin tutulması barədə şərtin təsdiq olunmasını xahiş edir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi-vəkili ərizədə ərizənin təmin edilməməsini xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, maraqlı şəxs barışıq sazişində razılaşdırılmış mənzillə bağlı fikrini sonradan dəyişmişdir. Belə ki, o, barışıq sazişində qarşı tərəflə sözügedən mənzilin satılması ilə bağlı razılıq əldə etsə də, hazırda mənzili satmaq fikrindən daşınmışdır və niyyəti həmin mənzili satmayaraq gələcəkdə övladlarının xeyrinə mənzildən imtina etməkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - İş materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında qeyd olunan şərtlərlə barışıq sazişi imzalanmışdır: 1.Hər iki tərəf nikahın pozulmasına razıdır və bununla bağlı qaldırılacaq iddiaya etiraz etməyəcək. 2.Birgə nikahdan anadan olmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 anaları İddiaçı himayəsində qalacaq. 3.Cavabdeh, birgə nikahdan anadan olmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına (18 yaş) çatana kimi 2022-ci ilin oktyabr ayından etibarən hər ay hər biri üçün 167 (bir yüz altmış yeddi) manat olmaqla ümumilikdə 501 (beş yüz bir) manat aliment İddiaçı (adına açılmış bank hesabına) ödəyəcək.

4. Cavabdeh, birgə nikahdan anadan olmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 ilə istədiyi vaxt görüşə biləcək.

5. Birgə nikah dövründə İddiaçı adına Azərbaycan Beynəlxalq Bankından (ABB) götürülmüş CL-EE000324534 nömrəli kredit üzrə bütün ödənişləri Cavabdeh ödəyəcək.

6. Birgə nikah dövründə alınmış Cavabdeh adına (Qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m. olan mənzil bu müqavilə təsdiq edildikdən sonra 6 ay ərzində ən yüksək qiymət təklif edilən alıcıya hər iki tərəfin razılığı ilə satılacaq və əldə olunan məbləğ 55% İddiaçı, 45% məbləğ isə Cavabdeh olmaq şərti ilə bölünəcək.

7. Birgə nikah dövründə alınmış Cavabdeh adına (Qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m. olan mənzil satılana qədər İddiaçı həmin mənzildə yaşayacaq.

8. Birgə nikah dövründə alınmış Cavabdeh adına (Qeydiyyat nömrəsi 1615.020694) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m. olan mənzil satılaraq tərəflər arasında yuxarıda qeyd olunmuş şəkildə bölündükdən sonra tərəflər birbirinə qarşı heç bir əmlak iddiası etməyəcək.

9. Birgə nikah dövründə alınmış Cavabdeh adına (Qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m. olan mənzildə mövcud olan bütün əşyalar (məişət əşyaları) İddiaçı qalacaq. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər nikaha daxil olmuş və birgə nikahdan övladları olmuşdur. Daha sonra, tərəflər arasında olan nikah pozulmuş, uşaqların ananın yanında saxlanılması və Cavabdeh hər ay ümumilikdə 501 manat məbləğində alimentin tutulması qət edilmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə Barışıq Sazişi imzalanmışdır. İşin hallarından və ərizəçinin izahatından aydın olmuşdur ki, həmin saziş qismən icra edilmişdir. Hazırda ərizəçi Barışıq Sazişinin 3,5,6,7,8 və 9-cu bəndlərinin təsdiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən irəli sürülən tələb təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə görə əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Tərəflər arasında bağlanmış 09 sentyabr 2022-ci il tarixli barışıq sazişi “Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiqlənmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin 3-cü bəndində göstərilən X4, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi 2022-ci ilin oktyabr ayından etibarən hər ay hər biri üçün 167 (bir yüz altmış yeddi) manat olmaqla ümumilikdə 501 (beş yüz bir) manat aliment İddiaçı ödənilməsi; Barışıq sazişinin 5-ci bəndinin yəni birgə nikah dövründə İddiaçı adına Azərbaycan Beynəlxalq Bankından (ABB) götürülmüş CL-EE000324534 nömrəli kredit üzrə bütün ödənişləri Cavabdeh ödəyəcəyi; Barışıq sazişinin 6-cı bəndində göstərilən birgə nikah dövründə alınmış Cavabdeh adına (qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m olan mənzil bu müqavilə təsdiq edildikdən sonra 6 ay ərzində ən yüksək qiymət təklif edilən alıcıya hər iki tərəfin razılığı ilə satılacaq və əldə olunan məbləğ 55% İddiaçı, 45% məbləğ isə Cavabdeh olmaq şərti ilə bölünəcək; Barışıq sazişinin 7-ci bəndində göstərilən birgə nikah dövründə alınmış Cavabdeh adına (qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m olan mənzil satılana qədər İddiaçı həmin mənzildə yaşayacaq; Barışıq sazişinin 8-ci bəndində göstərilən birgə nikah dövründə alınmış Cavabdeh adına (qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m olan mənzil satılaraq tərəflər arasında yuxarıda qeyd olunmuş şəkildə bölündükdən sonra tərəflər bir-birinə qarşı heç bir əmlak iddiası etməyəcək; Barışıq sazişinin 9-cu bəndində göstərilən Cavabdeh adına (qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m olan mənzildə mövcud olan bütün əşyalar (məişət əşyaları ) İddiaçı qalacaq” hissəsində təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar