Məhkəmə qərarları › İş №2(009)-801/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-801/2025

14.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-801/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi Ərizəçi və maraqlı şəxsin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Cavabdeh olmaqla, barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Cavabdeh olmaqla, barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, o, maraqlı şəxs ilə nikahlarını xx.xx.2004-cü il tarixində rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan onların üç övladı xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəlüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onlar arasında bağlanmış nikah pozulmuşdur. Mediasiya mərhələsində barışıq sazişi imzalanmışdır. Hazırda barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi-vəkili bildirmişdir ki, "Hunday İX 35" markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobil barışıq sazişi imzalandıqdan sonra maraqlı şəxs tərəfindən satılmışdır. Pirşağıdakı 550 T saylı bağ evi barışıq sazişi imzalandığı vaxt maraqlı şəxsin deyil, onun anasının xüsusi mülkiyyətində olmuşdur. Ərizəçinin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə qeydiyyata düşməsi ilə bağlı isə maraqlı şəxs barışıq sazişində razılığını bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2021-ci il tarixli X6 ilə Cavabdeh arasında bağlanmış barışıq sazişinin surətindən görünür ki:

1. xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 anaları X6 ilə qalması.

2. Cavabdeh uşaqlarla istənilən zaman və məkanda (xarici səyahətlər də daxil olmaqla) görüşməsi.

3. Cavabdeh uşaqların maddi-mənəvi bütün tələbatını qarşılaması.

4. Tərəflərin bir-birindən aliment tələbi olmaması.

5. ünvan 2 ünvanında yerləşən mənzilin X3 mülkiyyətində qalması

6. X3 Cavabdeh adına olan ünvan 1 ünvanında Cavabdeh da istənilən zaman həmin ünvanda qalması şərti ilə yaşaması və əgər istəsə həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata düşməsi.

7. X6 "Crazy" Uşaq Klubunu öz adına və ya istədiyi adamın adına sənədləşdirilə bilər.

8. Cavabdeh təsisçisi olduğu "xxxx" MMC-nin təsisçisi olaraq qalmağa davam etməsi. X3 həmin bağçanın direktoru olaraq qalması, təsisçinin uşaqlar 18 yaşına çatana qədər gəlirlərdən imtina etməsi, şirkətin təsisçiyə və olan borcun bağışlanması.

9. Cavabdeh Şəki şəhəri 104-cü kvartalda yerləşən torpaq payından imtina etməsi.

10. X3 və uşaqların Pirşağıdakı 550 T saylı bağ evinin istifadə etməsi.

11. "Hunday İX 35" markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobilin X3 mülkiyyətinə verilməsi ilə bağlı razılığa gəlirlər.

İş materiallarında olan: Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1883/2022 saylı qətnaməsinə əsasən 31 avqust 2021-ci il tarixli barışıq sazişi “Cavabdeh təsisçisi olduğu "xxxx" MMCnin təsisçisi olaraq qalmağa davam etməsi. X3 həmin bağçanın direktoru olaraq qalması, təsisçinin uşaqlar 18 yaşına çatana qədər gəlirlərdən imtina etməsi, şirkətin təsisçiyə və olan borcun bağışlanmasını tərəflər öz üzərinə öhdəlik olaraq götürürlər” hissəsində ləğv edilmişdir. "Hunday İX 35" markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumat vərəqəsinin surətindən görünür ki, avtomobil xx.xx.2022-ci il tarixdə alqı-satqı yolu ilə özgəninkiləşdirilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən ümumi sahəsi 485,10 kv.m təşkil edən 550T saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdə X2 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Məhkəmə qeyd edir ki, Pirşağıdakı 550 T saylı bağ evi 31 avqust 2021-ci il tarixli barışıq sazişi imzalandığı vaxt maraqlı şəxsin və ərizəçinin deyil, X2 xüsusi mülkiyyətində olmuşdur. Belə olan halda barışıq sazişinin bu əmlakla bağlı bəndinin hüquqi qüvvəsi yoxdur. Belə ki, şəxslər barışıq sazişini imzalayarkən onlara məxsus olmayan əmlak barəsində razılığa gəlmişlər ki, bu da yolverilməzdir. "Hunday İX 35" markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobil isə 3 il öncə özgəninkiləşdirildiyindən artıq başqa bir şəxsin mülkiyyətindədir. Barışıq sazişinin həmin hissədə təsdiq edilməsi 3-cü şəxsin hüquqlarına zidd olduğundan saziş bu hissədə təsiqlənə bilməz. Məhkəmə eyni zamanda ərizəçiyə izah edir ki, avtomobillə bağlı sazişin şərtinin maraqlı şəxs tərəfindən yerinə yetirilməməsinə görə ərizəçi maraqlı şəxsə qarşı zərərin ödənilməsi tələbinə dair məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, 31 avqust 2021-ci il tarixli barışıq sazişi “Cavabdeh təsisçisi olduğu “Cavabdeh təsisçisi olduğu "xxxx" MMC-nin təsisçisi olaraq qalmağa davam etməsi. X3 həmin bağçanın direktoru olaraq qalması, təsisçinin uşaqlar 18 yaşına çatana qədər gəlirlərdən imtina etməsi, şirkətin təsisçiyə və olan borcun bağışlanmasını tərəflər öz üzərinə öhdəlik olaraq götürürlər, "Hunday İX 35" markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobilin X3 mülkiyyətinə verilməsi ilə bağlı razılığa gəlirlər və X3 və uşaqların Pirşağıdakı 550 T saylı bağ evinin istifadə etməsi” hissəsi istisna olmaqla digər hissədə təsdiq edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə görə əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə “mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq məhkəmə

Qət etdi: Ərizə qismən təmin edilsin. X6 ilə Cavabdeh arasında bağlanmış 31 avqust 2021-ci il tarixli barışıq sazişi “Cavabdeh təsisçisi olduğu "xxxx" MMC-nin təsisçisi olaraq qalmağa davam etməsi. X3 həmin bağçanın direktoru olaraq qalması, təsisçinin uşaqlar 18 yaşına çatana qədər gəlirlərdən imtina etməsi, şirkətin təsisçiyə və olan borcun bağışlanmasını tərəflər öz üzərinə öhdəlik olaraq götürürlər, "Hunday İX 35" markalı **-VF-*** nömrəli qeydiyyat nişanlı avtomobilin X3 mülkiyyətinə verilməsi ilə bağlı razılığa gəlirlər və X3 və uşaqların Pirşağıdakı 550 T saylı bağ evinin istifadə etməsi” hissələri istisna olmaqla digər hissədə təsdiq edilsin. Ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi maraqlı şəxs Cavabdeh ərizəçinin xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar