Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-107/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və maneənin aradan qaldırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və maneənin aradan qaldırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Cavabdeh hesabına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yan tərəfində qanunsuz olaraq hasarın üzərində quraşdırılmış tikilinin (dəmir hissəsi və setkanın) sökülməsi və maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən, X2 2004-cü ildən etibarən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 83 ünvanında yerləşən, xüsusi mülkiyyətimdə olan fərdi yaşayış evində öz ailəmlə birlikdə yaşayıram. Məlumat üçün bildirim ki, cavabdeh qonşumdur və o, qanunsuz olaraq mənim fərdi yaşayış evimlə onun qanunsuz olaraq tikdiyi fərdi yaşayış evi arasında hər iki qonşuya maneə yaratmayan pəncərələrindən düşən günəş işığına və havalanmasına maneə yaratmayan şəkildə hasar hörülmüşdü. Lakin cavabdeh qanunu pozaraq mənim mənzilimin pəncərəsinin qarşısında olan hasarın üzərinə dəmir hissələri və setka çəkmişdir ki, bu da mənim mənzilimə düşən günəş işığının və hava axınının qarşısını alır. Cavabdeh X3 bu qanunsuz hərəkəti mənim və fərdi yaşayış evimdə yaşayan ailə üzvlərimin normal günəş işığından sərbəst şəkildə otaqda qidalanmasının, hava axının daxil olmasının qarşısını aldığına görə mənim və ailə üzvlərimin bəziləri artıq xəstələnərək sağlamlığını itirmək üzrədir. Mənim özüm də artıq şəkər xəstəliyinə tutulmuşam, hazırda müalicə alıram. Mən qanunsuz tikili barədə aidiyyəti qurumlara müraciət etmişəm. Müraciətimiz olsa da, həmin dövlət qurumu gəlib məsələni araşdırmamışdır. Hesab edirəm ki, cavabdehin hazırda qanunsuz olaraq hasarın üzərinə çəkdiyi dəmir hissələri və setka pəncərəmə düşən işığın qarşısını aldığı üçün cavabdehin hesabına sökülməlidir. Bütün bunları nəzərə alaraq məcbur olub məhkəməyə müraciət etməli oldum”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, tərəflərin evlərini ayıran hasarın üzərində cavabdeh tərəfindən qanunsuz olaraq yerləşdirilmiş dəmir şifer həm iddiaçının evinə düşən işığın, eləcə də hava axınının qarşısını alır, həm də gün işığının dəmiri qızdırması nəticəsində evə istilik verir. Lakin ekspert tərəfindən rəy verilərkən bu məsələlər araşdırılmamış, cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin iddiaçının evinə düşən hava axını və günəş işığının qarşısını alıb-almamasına dair suala cavab verilməmişdir. Halbuki iddia tələbinin əsasını elə bu hallar təşkil etmişdir. Bundan əlavə rəydə hasarın hündürlüyünün 1.1 metr olduğu göstərilmiş, lakin bu zaman ölçmə yalnız cavabdeh tərəfdə aparılmış, iddiaçı tərəfdən hündürlük ölçülməmişdir. Bu səbəblərdən rəylə razılaşmır. Digər tərəfdən tərəflər uzun müddət aralarında hasar olmadan yaşamışlar. Lakin sonradan cavabdeh həyətinin görünməsini əsas gətirərək hasar və üzərindəki dəmir şiferi tikmişdir. Hasarla bağlı tərəflər arasında razılıq əldə edilməsi mümkündür, lakin dəmir şifer iddiaçının evinə düşən günəş işığının və hava axınının qarşısını alır. O da nəzərə alınmalıdır ki, cavabdehin torpaq sahəsi üzərində heç bir hüququ yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, 1996-cı ildən bəri həmin evdə yaşayır, iddiaçı isə ondan səkkiz il sonra oraya köçmüşdür. Onlar uzaq qohum olduğundan razılığa gəlmişlər ki, sonradan həyətləri arasında hasar çəkərlər. Lakin daha sonra iddiaçı buna etiraz etmişdir. Buna baxmayaraq o, hasarı çəkməyə məcbur olmuşdur. Çünki 4-5 il olar ki, iddiaçı evdə kirayəçi saxlayır. Kirayəçilər həyətdə kabab çəkir, pivə içirlər. Həmin həyətdən onun həyəti açıq şəkildə göründüyündən məcbur qalıb hasarın üzərindən dəmir şifer çəkmişdir. Onun evində ailəsi, qızı, gəlini, nəvəsi var. İddiaçının evinin üç pəncərəsi onun həyətinə baxır. Bundan əlavə, həyətə tez-tez yeni kirayənişinlər də gəlir. Bütün bunlar onu və ailəsini narahat etdiyindən hasarın üzərindən dəmir şifer çəkmişdir. Hansı ki, həmin şifer iddiaçının evinə düşən nə işığın, nə də hava axınının qarşısını alır. Ekspert rəyində də hasarın dəmir şiferlə birlikdə hündürlüyünün tikinti norma və qaydalarına uyğun olduğu müəyyən edilmişdir. Bu elə o deməkdir ki, bu tikilinin iddiaçının evinə heç bir maneəsi yoxdur. Torpaq sahəsinin mülkiyyətində olmaması ilə bağlı qeyd edir ki, ola bilsin ki, iddiaçının öz həyətinə dair sənədi olsun, onunku isə olmasın. Lakin bu o demək deyil ki, kiminsə sənədi varsa, o, gəlib sənədi olmayan şəxsin həyəti ilə bağlı sərəncam verə bilər. Bütün bu qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsasızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/5122 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin qonşuluğunda yerləşən Cavabdeh yaşadığı evi ayıran hasarın üzərində Cavabdeh tərəfindən tikilmiş tikilinin hündürlüyünün 1.1 metr olması “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nin 73-cü maddəsinin 73.2-ci bəndinin tələblərinə uyğundur. İddiaçının yaşadığı evlə sərhəd hasarı arasında olan ara məsafəsi 4.0 x 0.3 = 1.2 olmalı olduğu halda evin bir tərəfindən 1.6 metr, digər tərəfindən isə 2.1 metr olması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2- 1-ci bəndinin tələblərinə uyğundur. Hasarın üzərində tikilmiş qurğunun İddiaçı evinə düşən işığın və (və ya) hava axınının qarşısını alıb-almamasını müəyyən etmək mümkün olmamışdır.
Yerində müayinə.
6. Məhkəmə tərəfindən həm İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, həm də həmin evin qonşuluğunda yerləşən Cavabdeh yaşadığı evə, eləcə də bu evlərin həyətlərini bir-birindən ayıran ayıran hasara yerində baxış keçirilmişdir. Müşahidə edilmişdir ki, cavabdehin yaşadığı ev, eləcə də evin həyəti iddiaçının evindən hündürdə yerləşir. İddiaçının evinin üç pəncərəsi cavabdehin həyətinə baxır və cavabdehin evi iddiaçının evindən hündürdə yerləşdiyindən bu pəncərələr bütövlükdə cavabdehin evinin həyətini görür. Evləri ayıran hasarın üzərində qurulmuş dəmir konstruksiya cavabdehin evinin həyətinə baxan pəncərələrin önünü böyük ölçüdə bağlayır.
İşin faktiki halları.
7. İddiaçı və Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində qonşudurlar. Onların evlərini hasar ayırır. Cavabdeh yaşadığı ev İddiaçı yaşadığı evdən hündürdə yerləşir. Evlər eyni bərabərdə yerləşmədiyinə görə iddiaçının evinin cavabdehin həyətinə tərəf olan üç pəncərəsi evləri ayıran hasardan yuxarıda qalır və tam şəkildə cavabdehin həyətinə açılır. Hasarın üzərində yerləşdirilmiş dəmir list şəklindəki konstruksiya isə bu pəncərələrin qarşısını böyük ölçüdə kəsir.
8. Hazırda İddiaçı iddia edir ki, həmin dəmir konstruksiya tikinti norma və qaydalarına uyğun tikilmədiyindən onun evinə gələn hava axını və günəş işığının qarşısı alır, bu səbəbdən sökülməlidir. Cavabdeh isə iddia edir ki, həmin konstruksiya olmasa, iddiaçının evinin pəncərələrindən öz həyəti olduğu kimi görünəcəyindən həmin dəmir konstruksiyanın orada olmasına zərurət var. Həmçinin cavabdeh hesab edir ki, bu tikili tikinti norma və qaydalarına uyğun tikildiyindən iddiaçıya heç bir maneəsi yoxdur.
9. Məhkəmə tərəfindən bu tikilinin tikinti norma və qaydalarına uyğunluğunun müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş, ekspert tərəfindən verilmiş rəydə tikilmiş tikilinin hündürlüyü və iddiaçının evi ilə ara məsafəsi baxımından Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun tikildiyi müəyyən edilmişdir.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 32. Şəxsi toxunulmazlıq hüququ. İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. İİİ. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 72. Vətəndaşların vəzifələrinin əsası. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
11. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya.
Maddə 8. Şəxsi həyata və ailə həyatına hörmət hüququ.
1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 170. Qonşuluq hüququ. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 176. Torpaq sahələrinin hasarlanması və mərzlənməsi. 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
14. İşin faktiki hallarından göründüyü kimi tərəflər qonşudur və onlar arasındakı mübahisə də elə evlərini ayıran hasar üzərində inşa edilmiş dəmir list şəklindəki konstruksiya ilə bağlıdır. Belə ki, iddiaçı iddia edir ki, həmin konstruksiya onun evinə girən hava axını və günəş işığının qarşısını alır. Cavabdehə görə isə tikinti norma və qaydalarına uyğun tikilmiş bu konstruksiya olmasa, iddiaçının evinin pəncərələrindən onun həyəti olduğu kimi görünəcəyindən həmin tikilinin yerində qalması zəruridir.
15. Tərəflərin evlərini ayıran hasar üzərində inşa edilmiş həmin dəmir konstruksiyanın inşaat norma və qaydalarına uyğun tikilib-tikilməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Bundan əlavə məhkəmə tərəfindən mübahisəli tikilinin yerləşdiyi ünvanda yerində müayinə keçirilmiş, faktiki vəziyyət yerində müşahidə edilmişdir. Həm tədqiqat obyektinə baxış keçirmiş ekspert rəyində, həm də məhkəmə tərəfindən keçirilmiş yerində müayinə nəticəsində müəyyən edilmişdir ki, cavabdehin evinin yerləşdiyi torpaq sahəsi iddiaçının evindən hündürdə yerləşir. Məhkəmə tərəfindən müşahidə edilmişdir ki, cavabdehin evi iddiaçının evindən o qədər hündürdə yerləşir ki, cavabdehin həyətindən hasarın yalnız üst iki sıra mişar daşları görünür. Yəni cavabdehin evi demək olar ki, hasarın yuxarı hissəsi ilə bir səviyyədədir.
16. Ekspert tərəfindən rəy verilərkən də istinad edilmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73.2-ci maddəsində qeyd edilmişdir ki, iki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. Yenə həmin Məcəllənin 73.1-ci maddəsində göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.
17. Hazırkı iş üzrə tərəflər arasında mübahisə predmeti olan hasar üzərində inşa edilmiş dəmir konstruksiyaya ekspert tərəfindən baxış keçirilmiş, həm hasarın, həm də dəmir konstruksiyanın ölçüləri, eləcə də iddiaçının evi ilə sərhəd hasarı arasındakı ara məsafəsi ayrı-ayrılıqda hesablanmışdır. Müəyyən edilmişdir ki, daş hasarın hündürlüyü 1.2 metr, hasarın üzərindəki dəmir konstruksiyanın hündürlüyü 1.1 metr olmaqla Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsi ilə müəyyən edilmiş hasarların hündürlüyü ilə bağlı qaydalara uyğundur. İddiaçının evi ilə sərhəd hasarı arasındakı ara məsafəsi isə evin bir tərəfindən 1.6 metr, digər tərəfindən 2.1 metr olmaqla həmin Məcəllənin 69-cu maddəsi ilə müəyyən edilmiş ara məsafəsi qaydalarına uyğundur.
18. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli hasarın üzərində yerləşdirilmiş dəmir konstruksiya tikinti norma və qaydalarına uyğun olmuşdur. Belə ki, səviyyələri fərqli olan iki yanaşı torpaq sahəsini ayıran hasarın hündürlüyünün istinad nöqtəsi kimi torpaq sahəsinin ən yuxarı səviyyəsi (cavabdehin evinə tərəf olan hissə) qəbul edilsə, hasarın dəmir konstruksiya ilə birlikdə hündürlüyü 2.2 metri aşmadığından hündürlüklə bağlı hansısa qaydanın pozulduğu deyilə bilməz.
19. Bu baxımdan məhkəmə hesab edir ki, bu konstruksiyanın xüsusən hündürlük baxımından tikinti norma və qaydalarına uyğun tikilməməsi ilə bağlı iddiaçının dəlilləri əsassız olmuşdur. Bu konstruksiyanın iddiaçının evinə daxil olan hava axını və (və ya) günəş işığının qarşısını alması barədə suala ekspert rəyində cavab verilməsə də, məhkəmə hesab edir ki, həmin konstruksiyanın tikinti norma və qaydalarına uyğun tikilməsi həm də onun maraqlı şəxslərin hüquqlarını məhdudlaşdırmadığı mənasına gəlir. Ona görə ki, tikinti obyektləri arasındakı məsafələr və hasarların hündürlüyü ilə bağlı tikinti qanunvericiliyi ilə müəyyən edilmiş bu qaydalar elə bu məqsədlə - hasarların tikintisi zamanı hündürlük və ara məsafələri ilə bağlı vahid standartlar tətbiq etmək yolu ilə tikinti təhlükəsizliyini təmin etmək, bu standartlara uymadan tikilmiş tikililərin maraqlı şəxslərin hüquqlarını pozmasının qarşısını almaq məqsədilə qoyulmuşdur. Məhkəmə hesab edir ki, həmin qaydalara uyğun tikilməmiş tikilinin qanunsuz olduğu nəticəsinə gəlinəcəyi kimi, bu qaydalara uyğun tikilmiş tikili də qanuni (normalara uyğunluq baxımından) hesab edilməlidir. Bu baxımdan məhkəmə hazırkı iş üzrə mübahisə predmeti olan və normalara uyğun tikilmiş tikilinin iddiaçının evinə düşən günəş işığı və hava axınının qarşısını almadığı nəticəsinə gəlir. Odur ki, iddiaçı həmin tikilinin sökülməsini tələb etməkdə haqlı olmamışdır.
20. Məhkəmə bu cür nəticəyə gələrkən xüsusən nəzərə alır ki, cavabdehin evi iddiaçının evindən olduqca hündürdə yerləşdiyindən və iddiaçının evinin üç pəncərəsi cavabdehin evinin həyətinə tərəf olduğundan mübahisəli dəmir konstruksiya olmasa, cavabdehin evi ilə demək olar ki, eyni səviyyədə olan sərhəd hasarı iddiaçının evinin pəncərələrindən cavabdehin evinin həyətinin görünməsinə mane olmur, cavabdehin həyəti pəncərələrdən heç bir məhdudiyyət olmadan, tam şəkildə görünür, hətta pəncərələr birbaşa cavabdehin həyətinə açılır. Məhkəmə hesab edir ki, bu vəziyyətdə cavabdehin şəxsi və ailə həyatına hörmət hüququ gündəmə gəlir. Belə ki, cavabdehin ailəsi ilə birlikdə yaşadığı ev və onun həyətində baş verənlər onun şəxsi və ailə həyatının sirrini təşkil edir və istənilən şəxs kimi cavabdehin də bu sirri saxlamaq, yayılmasının (hazırkı işdə iddiaçının evinin pəncərələrindən açıq şəkildə müşahidə olunmasının) qarşısını almaq hüququ var. Bu baxımdan iddiaçının sökülməsini tələb etdiyi dəmir konstruksiya cavabdehin şəxsi və ailə həyatına hörmət hüququna müdaxilənin qarşısını alan “dəmir sədd” olması baxımından da olduqca əhəmiyyətlidir və bu “sədd”in sökülməsinin cavabdehin şəxsi və ailə həyatına hörmət hüququna kəskin müdaxilə təşkil etməsi labüddür. Nəzərə alınmalıdır ki, bu hüquqa müdaxiləyə yalnız konkret şərtlər daxilində - ... digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallarda yol verilir. Heç bir norma və qaydanı pozmadan tikilmiş tikilinin sökülməsi ilə heç kimin hüquq və azadlıqlarını müdafiəsinə nail olunmayacağı kimi belə bir söküntü demokratik cəmiyyətdə zəruri də deyil. Odur ki, mübahisə predmeti olan tikilinin sökülməsi cavabdehin şəxsi və ailə həyatına hörmət hüququna qanunsuz müdaxilə təşkil edəcəyindən iddianın təmin edilməsi həm də bu əsasla istisna edilir.
21. Son olaraq məhkəmə cavabdehin yaşadığı evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olmaması, dolayısı ilə nə hasar, nə də hasar üzərində konstruksiya tikməyə hüququnun olmaması ilə bağlı iddiaçı tərəfin mövqeyinə münasibət bildirərək qeyd edir ki, qonşu torpaq sahələrində yaşayan tərəflərin bu torpaq sahələri və torpaq sahələri üzərindəki evlərin mülkiyyətçisi olub-olmaması, bu evlərin özbaşına tikili olub-olmaması kimi məsələlər hazırkı iş üzrə mübahisə predmeti deyil. Belə ki, mübahisə iki yanaşı torpaq sahəsini bir-birindən ayıran hasar və onun üzərində inşa edilmiş dəmir konstruksiyanın iddiaçının hüquqlarını pozub-pozmaması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, cavabdehin torpaq sahəsi üzərində heç bir hüququ yoxdursa, o, torpaq sahəsi üzərində özbaşına tikili tikmiş sayılır. Bununla belə bu o mənaya gəlmir ki, iddiaçı buna heç bir hüququ olmadan cavabdehin yaşadığı torpaq sahəsinə istənilən müdaxiləni etməkdə, onunla öz evini ayıran dəmir konstruksiyanı sökməyi tələb etməkdə haqlıdır.
22. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması daşınmaz əmlak mülkiyyətçilərinin dövlət tərəfindən dəqiq reyestrinin tutulması yolu ilə daşınmaz əmlakın qanunsuz zəbtinin, əmlak üzərində “özbaşına mülkiyyət”in yayılmasının qarşısını almaq, bununla da digər mülkiyyət sahiblərinin hüquqlarının qorunmasını təmin etmək zərurətindən irəli gəlir. Başqa sözlə, bu qeydiyyat dövlətlə mülkiyyətçi (yaxud mülkiyyətçi olmağa qanuni gözləntisi olan şəxs) arasındadır və üçüncü şəxslərə aidiyyəti yoxdur.
23. Bunun davamı olaraq, torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən qeydiyyata alınmadığı halda həmin sahədə ev, hasar, yaxud istənilən növ digər tikinti aparmış şəxs özbaşına tikinti tikmiş sayılır, lakin istənilən halda bu “özbaşınalıq” maraqlı şəxs (torpaq sahəsinin mülkiyyətçisi), özbaşına tikintini tikmiş şəxs və dövlət arasındadır. Hər bir halda özbaşına tikinti tikmiş şəxslər maraqlı şəxslər qarşısında bu tikintiyə görə mülki (tikintinin məhkəmənin qərarı əsasında sökülməsi üçün iddia qaldırılması halında), dövlət qarşısında isə inzibati (yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xəta törədilməsi halında) və cinayət (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayətinin törədilməsi halında) məsuliyyəti daşıyırlar. Bütün hallarda üçüncü şəxslərin buna müdaxiləsi istisna edilir.
24. Digər tərəfdən cavabdehin tikdiyi tikili özbaşına tikinti olsa belə, qanunla özbaşına tikintidən istifadə etmək qadağan edilmədiyindən iddiaçı yalnız özbaşına tikinti olması əsası ilə tikilinin sökülməsini tələb edə bilməz.
25. Beləliklə, cavabdehin torpaq sahəsi üzərində qeydiyyata alınmış hüququnun olmaması torpağın mülkiyyətçisindən başqa heç kimə cavabdehin bu torpaq sahəsi üzərində tikdiyi hər hansı bir tikilinin sökülməsini tələb etmək hüququ vermir, elə iddiaçının da buna subyektiv hüququ yoxdur. İddiaçıya hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquq verən sökülməsini tələb etdiyi tikilinin özbaşına tikili olması deyil, bu tikilinin öz yaşadığı evlə qonşu torpaq sahəsini ayıran ayırıcı hasar olması baxımından qanunla müəyyən edilmiş norma və qaydalara uyğun tikilməməsi halında qonşu kimi qanunla qorunan maraqlarının qorunmalı olmasıdır. Lakin məhkəmə tərəfindən aparılmış araşdırmanın yekununda bu tikilinin iddiaçının heç bir hüququnu pozmadığı, əksinə cavabdehin şəxsi və ailə həyatına müdaxilənin qarşısını aldığı müəyyən edilərək iddianın əsassız olması nəticəsinə gəlinmişdir. Odur ki, iddia təmin edilməməlidir.
Məhkəmə xərcləri.
26. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətləndirilməyən iddialarla məhkəməyə müraciət edilərkən ödənilməli dövlət rüsumuna uyğun olmuşdur.
27. Bundan başqa ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində qiymətləndirilmişdir.
28. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza xərci isə iddiaçıdan tutularaq ekspertizanı keçirmiş orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, 50 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq ekspertizanı keçirmiş orqanın hesabına ödənilməlidir.
30. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddiаçı İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və maneənin aradan qaldırılması” tələbinə dаir iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 50 (əlli) manat məbləğində ekspertiza xərci iddiаçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva