Məhkəmə qərarları › İş №2(010)-1109/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1109/2022

01.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1109/2022 01.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İlkin iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Qarşılıqlı iddia üzrə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İlkin İddiaçı Cavabdeh qarşı əmlakın yaşayış evindən çıxarılması tələbinə dair ilkin və qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: İlkin İddiaçı Cavabdeh qarşı əmlakın yaşayış evindən çıxarılması tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanındakı yaşayış evindən Cavabdeh məxsus olan əşyalar (qonaq otağında 1 ədəd stol, 8 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd künclük 1 ədəd divarboyu şkaflar, 1 ədəd güzgü "qorka", yataq otağında 1 ədəd güzgülü "qorka", 1 ədəd çarpayı, 2 ədəd "tumba", 1 ədəd şifoner, uşaq otağı adlanan otaqda 2 ədəd kitab şkafı, Bakı şəhəri, ünvan 1 ünvanındakı torpaq sahəsindən (istixanadan) ona məxsus dibçəklərin çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1 və həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi və həyətyanı sahəsi onun xüsusi mülkiyyətindədir. Cavabdeh tərəfindən həmin ev və torpaq sahəsi ilə bağlı onun mülkiyyət hüquqları pozulur. Belə ki, cavabdeh istədiyi zaman onun icazəsi və razılığı olmadan xüsusi mülkiyyətində olan torpaq sahəsinə (həyətinə) daxil olur, həyətindəki istixanada gül dibçəklərini yerləşdirir, onları becərir, öz mülahizəsinə uyğun olaraq həyətdə gəzir, evə də daxil olur, onun ahıl yaşda olmağından istifadə edərək özünü istədiyi kimi aparır. Halbuki cavabdehin onun mülkiyyətində olan evdən və torpaq sahəsindən istifadə hüququ yoxdur. Belə ki, cavabdeh onun ailə üzvü deyildir və onun evində qeydiyyatı yoxdur, eləcə də onunla cavabdeh arasında heç bir ailə münasibəti yoxdur. Belə ki, Suraxanı rayon məhkəməsinin 2(010)-64/2021 saylı mülki iş üzrə 03.05.2021-ci ildə qəbul edilmiş qətnaməsi ilə oğlu X4 ilə keçmiş gəlini olan cavbdeh Cavabdeh arasında olan nikah pozulmuşdur. Qeyd edilən qətnamə qüvvəyə minmiş və nikahın pozulması haqqında 399946 nömrəli, 23.12.2021 -ci il tarixli “Nikahın pozulması haqqında” şəhadətnamə alınmışdır. Cavabdehin əşyalarının onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvandakı yaşayış evinin 3 otağında qalması və həyətimdə olan istixanada qalması onun mülkiyyət hüquqlarını pozur. Belə ki, o, mülkiyyətində olan evdə cavabdehin əşyalarının olduğu otaqlardan öz mülahizəsinə uyğun istifadə edə bilmir, öz əşyalarını orda yerləşdirə bilmir. Həmin əşyalar ona məxsus olmadıqları üçün onların yerini dəyişdirə bilmir, həmin otaqları təmir etdirə bilmir, həmin otaqlar qapalı vəziyyətdə qalır və belə davam etsə gələcəkdə baxımsızlıqdan otaqlar yararsız vəziyyətə düşəcəkdir. Eyni zamanda cavabdehin dibçəklərinin mülkiyyətində olan torpaq sahəsindəki istixanada qalması nəticəsində o, torpaq sahəsinin həmin hissəsindən də öz mülahizəsinə uyğun istifadə edə bilmir və sərəncam verə bilmir. Dəfələrlə ona həm əşyalarının evindən aparılmasının və dibçəklərinin həyətindən çıxarılmasını tələb etsə də, tələbi təmin edilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin təmin edilməməsi və ünvan 1 ünvanındakı yaşayış evinə istifadə hüququnun tanınmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 01,04.2008-ci ildə İddiaçı oğlu X4 ilə evlənib ailə qurub həmin mənzilə gəlin köçmüşdür. Bu mənzildə o, 04.11,2009cu ildə övladı X1, 05.03.2011-ci ildə ikinci övladları X5 dünyaya gətirmişdir. Gəlin gəldiyi və hazırda cehizləri yerləşən iki otaq mənzilin digər hissələrindən təcrid olunmuş vəziyyətdədir və ayrıca çıxışı vardır. Mənzilin bu hissəsinin qarşısında həyətdə istixananı o yaratmışdır və gülləri də o əkib becərmişdir. Lakin ilkin iddia üzrə İddiaçı və oğlu uzun illər bu güllərdən heç bir əziyyət çəkmədikləri halda gəlir götürmüşlər. O, dəfələrlə həmin mənzilə qeydiyyata düşməyə cəhd göstərsə də qayınanası İddiaçı və iki qızları buna imkan verməmişlər. Belə ki, onların gələcək üçün planları mövcud imiş. Hətta, 2021-ci ilin mayın 3-də o, həyat yoldaşı ilə boşandıqdan sonra da bu mənzildə yaşamaqda davam etmişdir. Hətta 06.06.2021-ci ildə baldızı X2 onu qayınanasının təhrikilə evdən qovmaq üçün döyüb xəsarət yetirmiş, lakin o evdən çıxmamışdır. Bu barədə Suraxanı RPİ 32-ci Polis bölməsində ərizə əsasınrda araşdırma da aparılmışdır. Qeyd edir ki, yaşayış sahəsi heç də iddia ərizəsinə əlavə edilmiş mülkiyyət şəhadətnaməsində qeyd olunan qədər deyil. Həyət iki təsərrüfatdan ibarətdir. Mülkiyyət şəhadətnaməsi yalnız bu sahənin bir hissəsinə alınıb. Qalan hissəsi hələlik özəlləşməyib. İddiaya əlavə edilmiş fotoşəkillərdən də bu aydın görünür. Həyətdəki digər yaşayış binası hazırda İddiaçı tərəfindən kirayə verilmişdir və kirayə pulunuda özü alır. Alınmış mülkiyyət şəhadətnaməsinin yaşayış sahəsinin hansı hissəsinə aid olduğu məlum deyil. Ona görə də həmin yaşayış sahəsinə verilmiş mülkiyyət şəhadətnaməsinin hansı əsaslarla verildiyini aydınlaşdırmaq üçün AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Çünki Çıxarışda torpaq sahəsi yalnız 0,133230 ha göstərilib. Fotoşəkillərdən göründüyü kimi, yaşayış sahəsinin ölçüləri bu rəqəmdən dəfələrlə böyükdür. Eyni zamanda uşaqları ilə o, evlərinin yaxınlığındakı 15 nömrəli xəstəxananın poliklinikasında uçotdadırlar və tibbi yardımı oradan alırlar. Həmçinin uşaqlarının hər ikisi yaşadıqları evin yaxınlığındakı 141 və 213 nömrəli məktəb-liseydə təhsil alırlar. Göründüyü kimi, artıq 14 ildir ki, o keçmiş ərilə və övladları ilə burada yaşayır və cavabdehin heç bir hüququnu pozmur. Məhkəmə iclasında ilkin iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin mübahisəli əmlaka hər hansı hüququnun olmadığını, həmin əmlakda əşyalarını saxlamaqla iddiaçının mülkiyyət hüquqlarını sərbəst şəkildə həyata keçirməsinə mane olduğunu bildirərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, qarşılıqlı iddiaçının uzun müddət mübahisəli əmlakdan istifadə etdiyini, orada birgə təsərrüfat apardığını bildirərək, ilkin iddia tələbinin təmin edilməməsini və qaşılıqlı iddia tələbini təmin edilməsini xahiş edi. Məhkəmə tərəfləri dinləyib, ilkin və qarşılıqlı iddia ərizələrini, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İş materiallarında olan: - Suraxanı Rayon Məhkəməsinin 2(010)-64/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında 01.04.2008-ci il tarixli nikahın pozulması,nikah pozulduqdan sonra 04.11.2009-cu il təvəllüdlü X6 və 05.03.2011-ci il təvəllüdlü X3 anası Cavabdeh yannıda qalması qət edilmişdir. -23.12.2021-ci il tarixli, “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, X4 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. -AZ DƏDRX-nin 06.10.2021-ci il tarixli çıxarışından görünür ki, ümumi sahəsi 102.80 kv.m olan Bakı şəhəri, ünvan 1 ünvanındakı yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı və X7 məxsusdur. -Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 27 may 1987-ci ildə vəfat etmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, qarşılıqlı iddiaçı ilkin iddiaçının keçmiş gəlinidir. Belə ki, Cavabdeh ilə X4 nikaha daxil olmuş və bu nikahdan 2 övladları dünyaya gəlmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-64/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuş və uşaqların ananın yanında qalması müəyyən edilmişdir. Mübahisəli ev ümumi birgə mülkiyyət hüququ əsasında ilkin iddiaçıya məxsusdur. Digər mülkiyyətçi uzun müddətdir ki vəfat edib. Tərəflərin ailə münasibətləri pozulmamışdan qabaq onlar mübahisəli evdə birgə yaşamışlar. İlkin iddiaçı mülkiyyət hüquqlarına istinad edərək cavabdehə məxsus əşyaların evdən çıxarılmasını tələb edir. Qarşılıqlı iddiaçı mübahisəli evdə uzun müddət yaşadığına və birgə təsərrüfat apardığına istinad edərək həmin evə məhdud əşya hüququnun tanınmasını xahiş edir. Məhkəmə, həm ilkin, həm də qarşılıqlı iddia tələblərinə hüquqi qiymət vermək üçün ilk növbədə Cavabdeh mübahisəli evə istifadə hüququnun olub-olmamasını aydınlaşdırmağı zəruri hesab edir. Beləliklə, tərəflər arasında ailə münasibətləri 2008-ci ildə Cavabdeh ilkin iddiaçının oğlu X4 ilə nikaha girməsi ilə yaranmışdır. Həmin vaxtdan nikah pozulan vaxtadək tərəflər mübahisəli evdə yaşamışlar. Qarşılıqlı iddiaçı da məhz bu hala istinad edərək özünün həmin evə istifadə hüququnun yarandığını iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.10.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respblikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı mübahisə ilə bağlı hüquq münasibətləri 2008-ci ildə yarandığına görə məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarına əsasən mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsini tələbləri baxımından qiymət verir. Mülki Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarında mülkiyyətçinin ailə üzvlərinin yəni ərinin, arvadının, valideynlərinin, uşaqlarının mülkiyyətçiyə məxus yaşayış sahəsindən istifadə etmək üçün onun razılığının alınması tələb olunmadığı halda,digər ailə üzvlərinin (mülkiyyətçinin ailə üzvünün əri və ya arvadı) yaşayış sahəsinə istifadə hüququ yalnız mülkiyyətçi ilə hüquq verilən şəxs arasında notarial razılığın olması yolu ilə yaranır. Hazırkı işin halları ondan ibarətdir ki, mübahisəli ev mülkiyyət hüququ ilə ilkin ididaçıya məxsusdur. Cavabdeh isə mübahisəli əmlaka istifadə hüququnu əmələ gətirən notarial qaydada təsdiq edilmiş razılıq yoxdur. Onun həmin evdə uzun müddət yaşaması faktı özü özlüyündə məhdud əşya hüququnun əmələ gəlməsi üçün əsas deyildir. Qeyd edilənlərdən belə müəyyən olunur ki, qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı məxsus (ümumi birgə mülkiyyətdədir) mübahisəli əmlaka istifadə hüququ olmadığına görə, ona məxsus əmlakların da həmin evdə saxlanılması üçün hüquqi əsaslar yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslı və qanuni olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İlkin iddia tələbi təmin edilsin. İlkin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanındakı yaşayış evindən Cavabdeh məxsus olan əşyalar (qonaq otağında 1 ədəd stol, 8 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd künclük 1 ədəd divarboyu şkaflar, 1 ədəd güzgü "qorka", yataq otağında 1 ədəd güzgülü "qorka", 1 ədəd çarpayı, 2 ədəd "tumba", 1 ədəd şifoner, uşaq otağı adlanan otaqda 2 ədəd kitab şkafı, Bakı şəhəri, ünvan 1 ünvanındakı torpaq sahəsindən (istixanadan) ona məxsus dibçəklər çıxarılsın. İlkin iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İlkin İddiaçı iddiasının təmin edilməməsi, Bakı şəhəri, ünvan 1 ünvanındakı yaşayış evinə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar