Məhkəmə qərarları › İş №2(010)-1155/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1155/2025

30.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1155/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə İddiаçı İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş özbaşına tikiliyə çəkilmiş xərclərin bölünməsi tələbinə dаir ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiаçı İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş özbaşına tikiliyə çəkilmiş xərclərin bölünməsi tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş, Bakı şəhəri, Binə qəsəbəsi, Sovxoz adlanan ərazidə 0.2 ha torpaq sahəsində yerləşən, cehiz əşyalarının olduğu 1 mərtəbəli evin dəyəri olan 31500 manat məbləğin yarısının, yəni 15750 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə ailə həyatı qurmaq üçün 2112 nömrə ilə nikahlarını qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2016-cı ildə X9 və X10 anadan olmuşdur. Əvvəllər həyat yoldaşı ilə münasibətləri normal olsa da, sonradan cavabdehin təqsiri üzündən aralarında olan münasibət kəskin şəkildə pozulmuşdur. Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X9 və X6 anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. O, ailə qurarkən gəlin kimi cavabdehin qeydiyyatda olduğu ünvana gəlin köçsə də, sonradan cavabdehlə birgə nikah dövründə Bakı şəhəri, Binə qəsəbəsi, Sovxoz adlanan ərazidə ünvansız küçədə yerləşən qanunsuz tikilmiş evi əldə etmişlər. Hazırda həmin evdə ona məxsus əşyalar mövcuddur, lakin fərdi yaşayış evi özbaşına tikili olduğundan, rəsmi reyestrdə qeydiyyata alınmadığından nə evin ünvanı, nə də ki küçənin ünvanı məlum deyil. Həmin qanunsuz tikilinin əldə edilməsi üçün 31500 manat pul verilmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə birgə nikah dövründə əldə etdikləri fərdi yaşayış evinin dəyəri 31500 manat məbləğindədir. Cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların onun yanında qalması və uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulması qət edilmişdir. Lakin, cavabdeh qət edilmiş aliment məbləğini ödəmir və buna görə də cavabdehin ona aliment borcu vardır. Həmin aliment borcu da fərdi yaşayış evinin cavabdehə düşən pay hissəsindən çıxılmalı və onun payına düşən hissənin üzərinə əlavə edilməlidir. Həmçinin, cavabdeh bildirir ki, həmin fərdi yaşayış evini 31500 manatdan baha məbləğə almışdır və əgər cavabdeh evi 31500 manatdan baha qiymətə satarsa, ona 15750 manat məbləğ kifayət etməyəcəkdir. Belə ki, o, yalnız aliment məbləği ilə uşaqların tələbatlarını ödəyə bilmir və istəyir ki, həmin fərdi yaşayış evini kirayəyə versin və aylıq kirayə haqqı ilə dolanışığını təmin etsin. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddia tələbinin təmin edilməsinə hər hansı etirazı yoxdur və iddia tələbinin etirafına dair yazılı ərizəni məhkəməyə təqdim etdi. İş materiallarına əlavə olunan sənədlər Abşeron rayon Donuzkökəltmə Sovxozu üzrə xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmrdən çıxarışın surətindən müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli, 23 nömrəli qərarın tələbinə uyğun olaraq aşağıda adları qeyd olunan sovxoz fəhlə və qulluqçularına fərdi ev tikmək üçün 0.05 ha həyətyanı torpaq sahəsi ayrılması əmr edilmişdir – X4... xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən müəyyən olunur ki, X4 ona ayrılmış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Abşeron rayon Donuzkökəltmə Sovxozu ərazisində yerləşən, 0.05 ha torpaq sahəsini müvafiq qanunvericiliyə uyğun olaraq xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh təyinatına uyğun istifadə məqsədi ilə vermişdir. Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(063)-1086/2022 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X5 arasında bağlanmış və xx.xx.2015-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 2112 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X6 cavabdeh X2 yanında qalması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-3438/2022 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Mediasiya Şurasının Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MSB/2-0840/2024 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə keçirilmiş əmlak tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmişdir), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (60 manat) İddiaçı tərəfindən ödənilmişdir. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən müəyyən olunur ki, iddiaçı tərəfindən ona qarşı qaldırılmış iddia tələbini qəbul edir və təmin olunmasına etiraz etmir. xx.xx.2024-cü il tarixli, **********88 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə Bakı şəhəri, Binə qəsəbəsi, Sovxoz adlanan ərazidə 0.2 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin əldə edilməsinə sərf olunan 31500 manat məbləğin yarısının, yəni 15750 manat məbləğin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə baxış iclasında iştirak edən cavabdeh bu barədə yazılı ərizə verməklə ona qarşı qaldırılmış iddia tələbini etiraf etmiş və təmin olunmasına heç bir etirazı olmadığını bildirmişdir. Tərəflərin birgə nikahı dövründə əldə edilmiş fərdi yaşayış evinin (özbaşına tikilinin) ümumi dəyərinin 31500 manat məbləğində olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Yəni, birgə nikah dövründə tərəflərin birgə əməyi və səyi nəticəsində əldə edilmiş fərdi yaşayış evinin (özbaşına tikilinin) dəyərinin 31500 manat məbləğində olması işin mübahisəsiz halı olmaqla, iddiaçı və cavabdeh tərəfindən qəbul edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32. Ər-arvadın birgə mülkiyyəti. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 223. Birgə mülkiyyət hüququna xitam verilməsi, birgə mülkiyyətdə olan əşyanın bölünməsi və ondan pay ayrılması 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli Qərarı 4.11.Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış nikah xx.xx.2015-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 2112 nömrə ilə qeydə alınmış, Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(063)- 1086/2022 nömrəli qətnaməsi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X6 X2 yanında qalması qət edilmişdir. Hazırda iddiaçı iddia tələbində birgə nikah dövründə əldə olunmuş, Bakı şəhəri, Binə qəsəbəsi, Sovxoz adlanan ərazidə 0.2 ha torpaq sahəsində yerləşən, cehiz əşyalarının olduğu 1 mərtəbəli evin dəyəri olan 31500 manat məbləğin yarısının, yəni 15750 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, çəkilmiş xərcin məbləği tərəflər tərəfindən mübahisələndirilməmiş, cavabdeh də öz növbəsində iddia tələbini etiraf etmişdir. İddiaçı dəyərinin yarısının xeyrinə tutulmasını xahiş etdiyi daşınmaz əmlak hüquqi təyinatına görə özbaşına tikilidir (tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak). Özbaşına tikinti aparmış şəxs həmin əmlaka dair mülkiyyət hüquq əldə etmədiyindən müvafiq əmlakın ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlak bölgüsünün predmetinə daxil olması imkanı qanunla istisna edilmişdir. Lakin, həmin daşınmaz əmlak ər-arvadın birgə nikahı dövründə sonuncuların birgə əməyi və xərcləri nəticəsində əldə edilən, iqtisadi məna kəsb edən maddi dəyərdir. Belə olan halda, həmin daşınmaz əmlak müstəqil əmlak kimi ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlak bölgüsünün predmetinə daxil olmasa da, həmin əmlakın əldə edilməsi üçün çəkilmiş xərclər ər-arvadın ümumi birgə əmlakının aktivi qismində həmin bölgünün predmetini təşkil edir. Nəzərə alınmalıdır ki, aktiv dedikdə, pulla qiymətləndirilə bilən bütün iqtisadi dəyərlər (əşyalar, hüquqlar və s.) nəzərdə tutulur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 4.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 52.5-ci maddəsinə əsasən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Qeyd olunan prosessual normalardan göründüyü kimi, iddianı etiraf etmək cavabdehin hüququdur. Cavabdeh iddianı etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırmalıdır: 1) onun qanuna uyğun olub-olmamasını, 2) hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozub-pozmamasını. Yalnız bu hallar və ya onlardan hər hansı biri mövcud olduqda məhkəmə cavabdehin etirafını qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmışdırsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanunazidd hesab edilə bilməz. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmur. İddiaçı sonuncu məhkəmə baxış iclasında izahatında söylədiklərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbini, həmin tələbin əsası kimi istinad edilən fakt və halları, həmçinin qeyd edilənləri təsdiq etmək üçün məhkəməyə təqdim edilən sübutların tədqiqini və iş üzrə tam, obyektiv, hərtərəfli araşdırma apardıqdan sonra gəlinən nəticəni əsas götürən məhkəmə verilmiş iddia tələbinə uyğun araşdırma aparmaqla mövqe sərgiləmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evinin alış qiyməti ilə bağlı iddiaçının iddia ərizəsində qeyd edilən qiymətdən fərqli mövqeyi işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər məhkəməyə təqdim edilən iddia tələbinin həcminin artırılmasına dair yazılı ərizədə əsaslandırılmalı olsa da, nə iddiaçı, nə də onun nümayəndəsi (vəkili) tərəfindən bu prosessual hüquqdan vaxtında istifadə edilməmişdir. Həmçinin, iddiaçı və ya onun nümayəndəsi (vəkili) tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə vermək üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsini və ya işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşa qədər təqdim edilməsinin onlardan asılı olmayan səbəblərdən baş verməsini əsaslandıran hər hansı ərizə məhkəməyə təqdim edilməmişdir. İddia tələbindən kənara çıxmaqla mülki işin məhkəmə baxışının davam etdirilməsinə əsas verən müstəsna hallar müəyyən edilmədiyindən, məhkəmə irəli sürülmüş iddia tələbinə uyğun qətnamə qət etmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının nümayəndəsi (vəkili) məhkəmə baxış iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etsə də, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə münasibəti, iddia tələbinin təmini ilə bağlı mövqeyi məhkəməyə aydın olmamışdır. Hər bir halda, iddia tələbinin sonrakı taleyi əsasən (iddia tələbi qanuni və əsaslı olduqda) iddiaçının öz şəxsi mövqeyindən asılı olduğundan, iddia tələbindən imtina edilməsi və ya iddia ərizəsinin baxılmamış saxlanılması (cavabdehin işə mahiyyəti üzrə baxılması barədə etirazının olmadığı halda) kimi prosessual hüquqlardan istifadə edilmə imkanından iddiaçı və ya onun nümayəndəsi (vəkili) tərəfindən istifadə edilməmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmamışdır. Belə olan halda, ödənilmiş 88 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və ödənilməmiş 49.25 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binə qəsəbəsi, Sovxoz adlanan ərazidə 0.2 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə çəkilmiş xərc - 31500 manat pul vəsaitinin yarısı, yəni 15750 manat məbləğində pul vəsaiti və ödənilmiş 88 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli və ödənilməmiş 49.25 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Binə qəsəbəsi, Sovxoz adlanan ərazidə 0.2 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə çəkilmiş xərc 31500 (otuz bir min beş yüz) manat pul vəsaitinin yarısı, yəni 15750 (on beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 88 (səksən səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilməmiş 49.25 (qırx doqquz manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar