Məhkəmə qərarları › İş №2(010)-1156/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1156/2025

23.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1156/2025 23.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı əşyanın qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı əşyanın qanunsuz sahiblikdən geri qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İlk iddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh (bundan sonra – ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı) qarşı nikahın pozulması, aliment və əşyanın qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi, toy günündə ona hədiyyə edilmiş 5500 manat dəyərində, 750 prob, 27 qram ağ qızılın (brilliant qaşlarla bəzədilmiş) cavabdehin qanunsuz sahibliyindən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh xx.xx.2024-cü il tarixində 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin 589 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların övladları xx.xx.2024-cü il təvəllüdlü X3 doğulmuşdur. Nikahın ləğvi barədə ərizə verilməsinin səbəbi xasiyyətlərinin tutmaması, bu səbəbdən birgə yaşamaqlarının mümkün olmamasıdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Artıq ailə münasibətləri dağılmışdır. Belə ki, iddiaçı və cavabdeh Qara Qarayev, Bəkir Çobanzadə küçəsi, 17 saylı mənzildə kirayədə qalırdılar. xx.xx.2024-cü il tarixində onlar arasında ailə münaqişəsi olmuşdur. İyul ayında cavabdehin atasının yas mərasimi ilə əlaqədar olaraq yas mərasimində iştirak etmişdir. Yas mərasimindən evə qayıtdıqdan sonra əşyalarını toplayıb evdən çıxmaq istədikdə cavabdeh tərəfindən döyülmüş və uşağı ilə birlikdə heç bir əşya götürməyinə imkan vermədən evdən qovulmuşdur (təsdiqedici şəkillər də vardır). Döyülmə faktı ilə bağlı Nizami rayon 25-ci polis bölməsinə şikayət edilmiş, amma cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Hazırda onların övladı xx.xx.2024-cü il təvəllüdlü X3 anasının yanında qalır. İddiaçı uşağının maddi tələbatlarını təkbaşına ödəməkdə çətinlik çəkir. Cavabdeh də bir valideyn olaraq bu məsuliyyəti iddiaçı ilə bərabər bölüşməlidir. Bu səbəbdən aliment tələbinə zərurət yaranmışdır. İddiaçı evdən döyülərək qovulduğu üçün əşyaları həmin evdə qalmışdır. Belə ki, 5500 manat dəyərində 750 prob 27 qram ağ qızıl (brilliant qaşlarla) toy günündə iddiaçıya hədiyyə edilmişdir. Həmin qızıl-zinyət əşyası cavabdeh tərəfindən iddiaçıya qaytarılmır. Həmin qızıl-zinyət əşyaları iddiaçıya qızına hədiyyə edildiyindən ər-arvadın ümumi birgə mülkiyyəti deyil, iddiaçının ayrıca mülkiyyəti hesab edilir və cavabdehin qanunsuz sahibliyindən alınıb iddiaçıya geri verilməlidir. Hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. İcraatın ayrılması Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 5147/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, aliment və əşyanın cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasına dair iddia tələblərinə ayrıayrı icraatlarda baxılması qərara alınmışdır. Qarşılıqlı iddia tələbi və tələbin əsaslandırıldığı hallar Cavabdeh İddiaçı qarşı əşyanın qanunsuz sahiblikdən geri qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən şəxsi əşyalara vurulmuş zərərə görə 1500 manat məbləğində pul vəsaitinin tutulması və “İphone 13” markalı mobil telefonun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddianın əsası kimi istinad edilən hallar həqiqətə uyğun deyil. Belə ki, ilk iddia üzrə iddiaçı özü bacısı ilə birlikdə evdə olan əşyalarını sərbəst şəkildə yığaraq mənzili tərk etmişdir. Bunu təsdiq edən video görüntülər məhkəməyə elektron sistem vasitəsilə əlavə olunacaq. Tələb olunan qızıla gəldikdə isə ümumiyyətlə həmin qızıl-zinət əşyasının harada olması və saxlaması barədə məlumatı olmamışdır. İlk iddia üzrə iddiaçı özünə aid olan əşyaları yığarkən ilk iddia üzrə cavabdehə aid olan şəxsi geyim əşyalarını kəsici alətlə yararsız hala salmışdır. Bununla da, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya 1500 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmçinin, “Kontakt Home” mağazalar şəbəkəsinin Gənclik fillialından ilk iddia üzrə cavabdehin adına kredit yolu ilə 2024-cü ilin may ayında alınmış “İphone 13” markalı mobil telefon da ilk iddia üzrə iddiaçıda qalmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəflər keçən ilin may ayının 24-ü qarşı tərəfin atasının yas mərasimində iştirak etmək üçün Hövsan qəsəbəsində yerləşən mərhum qayınatasının evinə getmiş, yeddi gün müddətində orada qalmış, yas mərasimində iştirak etdikdən sonra evə qayıtmışlar. Evə qayıdan zaman telefonda olan fotoşəkillərə görə tərəflər arasında münaqişəli vəziyyət yaranmış, qarşı tərəf ilk iddia üzrə iddiaçını döymüş, lakin iddiaçı ailənin dağılmaması üçün uşağı ilə birlikdə atasının evinə getmişdir. Həmin vaxtdan sonra cavabdeh müvafiq ünvanda tək yaşamağa davam etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçı öz atası evindən qarşı tərəfin atasının “cümə axşamı” mərasimində iştirak etmək üçün getmiş, həmin mərasimdə qarşı tərəfə şəxsi əşyalarını götürmək istədiyini bildirmişdir. İlk iddia üzrə cavabdeh iddiaçıya əşyaların yalnız onun iştirakı ilə götürülməsinin mümkünlüyünü bildirmiş və iyun ayının 15-i şərait yaradıb ki, iddiaçı əşyalarını götürsün. Lakin, ilk iddia üzrə iddiaçı yalnız özünə və uşaqlarına məxsus ən zəruri əşyaları mənzildən götürmüş, həmin vaxt da qarşı tərəflə aralarında münaqişə yaranmış və polis orqanlarına qədər məsələ uzanmışdır. Yəni, hüquqlarını müdafiə etdiyi şəxs qarşı tərəfin iştirakı olmadan bir saat belə həmin ünvanda qalmamış, yalnız həmin şəxsin iştirakı ilə əşyaların müəyyən hissəsini götürə bilmiş, lakin qızıl-zinət əşyası ünvanda qalmışdır. Hətta, hazırkı işdən ayrılan və yekun məhkəmə aktı qəbul edilən digər mülki işdən də görünür ki, doğum haqqında şəhadətnamələrin əsli belə təqdim edilə bilməmişdir. Çünki, rəsmi sənədlər belə həmin ünvanda qalmışdır. Ünvandan götürülən əşyalar da məhz görünən sellofan torbalarda olmuş, iddiaçı qızıl-zinət əşyalarını götürə bilməmişdir. Odur ki, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Qarşılıqlı iddiaya münasibətdə isə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçıya məxsus olması iddia edilən geyim əşyalarının fotoşəkillərindən sonuncuların yararsız vəziyyətdə olması aşkar edilsə də, həmin əşyaların məhz ilk iddia üzrə iddiaçı tərəfindən həmin vəziyyətə gətirilməsi sübuta yetirilmir. Digər tələbə münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, eyni tarixdə 02 ədəd mobil telefon əldə edilmiş, hazırda iddiaçıdan tələb olunan mobil telefon ona hədiyyə şəklində verilmişdir. Buna görə də, qarşılıqlı iddia tələbi tamamilə əsassızdır və ümumilikdə təmin edilə bilməz. Məhkəmənin baxış iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 ilk iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, məhkəməyə təqdim edilən videoyazıların tədqiqindən aydın olur ki, hüquqlarını müdafiə etdiyi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşı tərəfə kifayət qədər şərait yaradır ki, əşyalarını götürsün. Həmçinin, həmin videoyazıdan o da müəyyən olunur ki, ilk iddia üzrə cavabdehə məxsus bəzi şəxsi geyim əşyaları yararsız vəziyyətə salınmışdır. Habelə, ilk iddia üzrə iddiaçı tərəfindən döyülmə faktı ilə bağlı polisə də müraciət edilmiş və cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Əgər, ilk iddia üzrə iddiaçıya məxsus hər hansı qızıl-zinət əşyası ilk iddia üzrə cavabdehin qanunsuz sahibliyində qalmışdırsa, bu barədə polisə müraciət edilə bilərdi. Lakin, döymə faktı ilə bağlı polisə müraciət olunsa da, qızıl-zinət əşyasının qaytarılması ilə bağlı heç bir fikir və ya izahat olmamışdır. Digər tərəfdən, məhkəməyə təqdim edilən videoyazıda ilk iddia üzrə iddiaçının özünə məxsus əşyaları toplayarkən ilk iddia üzrə cavabdehə hər hansı əşyasını qaytarmalı olması, qızıl-zinət əşyasının məhz onda olması barədə müraciət edilmir. Odur ki, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müxtəlif sayda şəxsi geyim əşyalarının istifadəyə yararsız vəziyyətdə (müəyyən hissələrinin kəsilməsi nəticəsində) olması aşkar olunur. İş materiallarına əlavə edilmiş 01 ədəd maddi daşıyıcıdan (“DVD-R”-dən) ilk iddia üzrə iddiaçı və onun bacısı tərəfindən iddiaçıya müxtəlif əşyaların sellofan torbalara yığılaraq hazır vəziyyətə gətirilməsi aşkar olunur. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, sonuncu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul edilmiş qərarın icra olunması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə cəmiyyətlə Cavabdeh arasında bağlanmış 03698423 nömrəli müqavilə üzrə ümumilikdə 1453.36 manat ödənmiş, 526.68 manat borc qalmış, 15654356 nömrəli müqavilə üzrə 1620.24 manat ödənmiş, 530.16 manat borc qalmış, ödənişlər onlayn qaydada həyata keçirildiyi üçün ödənişləri edən şəxsi müəyyən etmək mümkün olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Satıcı) və Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 03698423 nömrəli nisyə alğı-satqı müqaviləsinin və ona edilən əlavədən müəyyən olunur ki, “Samsung Galaxy S23” markalı mobil telefon üçün “Alıcı” 12 ay, 560 manat ilkin ödəniş edilməklə, ödəniş cədvəli üzrə hər ay 132.53 manat, cəmi 2150.4 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Satıcı) və Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 15654356 nömrəli nisyə alğı-satqı müqaviləsinin və ona edilən əlavədən müəyyən olunur ki, “İphone 13” markalı mobil telefon üçün “Alıcı” 12 ay, 400 manat ilkin ödəniş edilməklə, ödəniş cədvəli üzrə hər ay 131.67 manat, cəmi 1980.04 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 410/E nömrəli yazılı mütəxəssis məsləhətindən müəyyən olunur ki, 750 əyarlı ağ qızıl, üzəri brilliant tozu ilə bəzədilmiş, ümumi çəkisi 27 qram olan dəstin bu günə bazar dəyəri 3645 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ilk iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli, **********03 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, ilk iddia tələbi – qızıl-zinət əşyasının cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasından, qarşılıqlı iddia tələbi isə - mobil telefonun cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasından və şəxsi geyim əşyalarına vurulmuş zərərin əvəzinin ödənilməsindən ibarətdir. Mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı ilk və qarşılıqlı iddia tələblərinin əşyaların qanunsuz sahiblikdən geri qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı olması, iddia tələblərinin qanuni əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci (zərərin əvəzinin ödənilməsi) və 157.2-ci (mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər) maddələrinin təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri rəhbər tutulmalıdır. İlk iddia tələbi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normasının dispozisiya şərtlərinə istinadən qeyd edilməlidir ki, müvafiq hüquq normasının istənilən mübahisəli hüquq münasibətinə tətbiqi üçün 3 şərt eyni anda mövcud olmalıdır - 1) mübahisə edilən əşya(lar) iddiaçıya (mübahisə edən tərəfə) məxsus olmalı (onun mülkiyyətində olmalı), 2) həmin əşyalar qarşı tərəfin (iddia tələbinin yönəldiyi şəxsin) sahibliyinə keçməli və 3) bu sahiblik qanunsuz (qanuna zidd) olmalıdır. Həmçinin, həmin şərtlərin hər biri eyni zamanda mövcud olmalı və şərtlərin vəhdəti təmin edildikdə maddi hüquq normasının tələbləri mübahisəli hüquq münasibətinə tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə rəsmi nikah bağlanmış, bu nikahdan bir uşaq – xx.xx.2024-cü il təvəllüdlü X3 doğulmuşdur. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh nikahın pozulması, aliment və əşyanın qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tələblərə ayrıca baxılmasını məqsədəuyğun hesab etdiyi üçün tələblərə ayrı icraatda baxılması qərara alınmışdır. Daha sonra ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı əşyanın qanunsuz sahiblikdən geri qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə iddiaçı 750 əyarlı ağ qızıl, üzəri brilliant tozu ilə bəzədilmiş, ümumi çəkisi 27 qram olan dəstin ona toy mərasimində hədiyyə şəklində təqdim edildiyini bildirmiş və qarşı tərəflə aralarında yaranmış münaqişəli vəziyyət zəminində həmin qızılzinət əşyasının mənzildə qaldığını iddia etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən mübahisə edilən qızıl-zinət əşyasının həqiqətən də ilk iddia üzrə iddiaçının üzərində istifadədə olması aşkar görünür. Həmçinin, işin bu halı ilk iddia üzrə cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Yəni, barəsində mübahisə edilən qızıl-zinət əşyasının həqiqətən ilk iddia üzrə iddiaçıya məxsus, onun ayrıca mülkiyyətində olması işin mübahisəsiz halıdır. Lakin, ilk iddia üzrə iddiaçı həmin qızıl-zinət əşyasının qarşı tərəflə birgə nikah dövründə yaşadıqları mənzildə qaldığını, aralarında baş vermiş mübahisə nəticəsində evdən gedərkən özünə məxsus olan bir neçə şəxsi istifadə əşyalarını götürsə də, qızıl-zinət əşyasını götürə bilmədiyini qeyd etmiş, həmin əşyanın qarşı tərəfin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmişdir. Nəzərə alınmalıdır ki, qızıl-zinət əşyasının qaldığı mənzildən götürülməməsi mahiyyətcə hərəkətsizlikdə ifadə olunduğundan, ilk iddia üzrə iddiaçının işin bu halını sübuta yetirməsi mümkünsüzdür. Habelə, ilk iddia üzrə iddiaçı mümkün sübut etmə vasitələrindən istifadə etməklə qızıl-zinət əşyasının həqiqətən özünə məxsus olmasını məhkəməyə təqdim etdiyi fotoşəkillərlə sübuta yetirmiş, qızıl-zinət əşyasının mənzildə qalmamasını sübuta yetirmək vəzifəsi ilk iddia üzrə cavabdehin üzərinə düşmüşdür. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın tədqiqi nəticəsində aydın olur ki, xx.xx.2024-cü il tarixdə ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə mobil telefon vasitəsilə müraciət etmiş, ilk iddia üzrə cavabdeh tərəfindən özünün və ailə üzvlərinin döyülməsi barədə məlumat vermişdir. Ardınca ilk iddia üzrə cavabdeh həmin tarixdə “102” qaynar xəttinə mobil telefon vasitəsilə müraciət etmiş, ilk iddia üzrə iddiaçı və bacısı tərəfindən bıçaqla hədələmə faktı barədə məlumat vermişdir. Daha sonra ilk iddia üzrə iddiaçı birbaşa yazılı ərizə ilə polis orqanına müraciət etmiş, ilk iddia üzrə cavabdeh tərəfindən döyüldüyünü bildirmiş və sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Araşdırma zamanı xx.xx.2024-cü il tarixdə İddiaçı və Cavabdeh arasında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun İddiaçı qollarından vuraraq dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi, əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Nizami RPİ 25-ci PŞ-nin aidiyyəti əməmkdaşına həvalə edilməsi qərara alınmışdır. Həmin qərarın tədqiqi zamanı İddiaçı verdiyi izahatdan müəyyən olunur ki, hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat verdikdən sonra Cavabdeh evdən çıxaraq qaçıb getmişdir. Tərəflər arasında mübahisə yaşadıqları ünvan 1 ünvanında yerləşən 88 nömrəli mənzildə baş vermişdir. Qeyd edilən sübutun tədqiqi onu deməyə əsas verir ki, İddiaçı əşyalarının olduğu həmin mənzildə qaldığı müddət ərzində kifayət qədər vaxtı olmuşdur ki, o, özünə məxsus şəxsi istifadə üçün nəzərdə tutulmuş əşyaları, eləcə də maddi qiymətli qızıl-zinət əşyalarını götürərək ünvanı tərk etsin. Lakin, ilk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) qeyd edilənlərin əksinə olaraq məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ilk iddia üzrə iddiaçı həmin mənzildə qarşı tərəfin iştirakı olmadan bir saat belə vaxt keçirməmişdir. Məhkəmə qeyd edilən izahatı məhz işin hallarının gizlədilməsi məqsədilə edilmiş hərəkət kimi qiymətləndirir və hesab edir ki, həmin izahat hər hansı əsaslı dəlilə söykənmir. Məhkəmə onu da qeyd edir ki, ilk iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə təqdim edilən videoyazının tədqiqi ilə müəyyən edilir ki, ilk iddia üzrə iddiaçı və onun bacısı yuxarıda qeyd edilən ünvanda İddiaçı məxsus kifayət qədər əşyanı sellofan torbalara yığaraq hazır vəziyyətə gətirmişlər. Həmçinin, bu torbalar həcminə görə kifayət qədər böyük olmaqla, müxtəlif ölçülərdə əşyaların daşınması üçün nəzərdə tutulmuşdur. Həmin əşyaların ən zəruri istifadə üçün nəzərdə tutulması, yalnız şəxsi istifadəyə yararlılığı isə hazırkı işin halları ilə müəyyən edilmir. Odur ki, müxtəlif say və çəkidə əşyalarını mənzildən aparan ilk iddia üzrə iddiaçının qızıl-zinət əşyasını da özü ilə aparması ağlabatan mühakimə baxımından məqbul hesab edilir. Beləliklə, ilk iddia üzrə iddiaçı öz tələbinin əsası kimi istinad edilən fakt və halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, barəsində mübahisə edilən qızıl-zinət əşyasının özünə məxsus olması sübuta yetirilsə də, həmin əşyanın hazırda ilk iddia üzrə cavabdehin sahibliyində olması və bu sahibliyin qanunsuz olması barədə mötəbər və təkzibedilməz sübutları məhkəmənin tədqiqinə təqdim edə bilməmiş, bununla da məhkəmə ilk iddia tələbi üzrə araşdırmanı başa çatdırmaqla təmin edilməməli olması qənaətinə gəlir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşı tərəflə aralarında yaranmış mübahisəli vəziyyət sonrası özünə məxsus və şəxsi istifadə üçün nəzərdə tutulmuş geyim əşyalarının ilk iddia üzrə iddiaçı tərəfindən istifadəyə yararsız vəziyyətə gətirilməsini və bununla da ümumilikdə 1500 manat məbləğində maddi zərər vurulduğunu iddia etmiş və qarşılıqlı iddianı bu hissədə təsdiq edən sübut kimi özündə videoyazıları əks etdirən bir ədəd “DVD-R” maddi daşıyıcı (disk) təqdim etmişdir. Həmin maddi daşıyıcının tədqiqi zamanı qarşılıqlı iddia üzrə iddiaçıya məxsus müxtəlif sayda şəxsi geyim əşyalarının yararsız vəziyyətdə olması (həmin geyim əşyalarının müxtəlif hissələrinin kəsilmiş olması) aşkar görünsə də, əşyaların kim tərəfindən həmin vəziyyətə gətirilməsi müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qarşılıqlı iddia tələbinin əşyanın qanunsuz sahiblikdən geri qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Belə ki, tərəflər arasında rəsmi nikah xx.xx.2024-cü il tarixdə bağlanmış, barəsində mübahisə edilən əşya – mobil telefon isə xx.xx.2024-cü il tarixdə nisyə alğı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Analoji mövqe Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Beləliklə, Mülki Məcəllənin 225.1-ci və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında xx.xx.2024-cü il tarixdə bağlanmış 15654356 nömrəli nisyə alğısatqı müqaviləsi üzrə əldə edilmiş mobil telefona dair ödənişləri şəxsən həyata keçirdiyini və ona məxsus olmasını iddia etmiş, özünə məxsus əşyanın qarşı tərəfin qanunsuz sahibliyindən geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Halbuki, müqavilə üzrə ödənişlərin ər-arvaddan biri tərəfindən həyata keçirilməsi həmin müqavilə əsasında əldə edilən əşyanın ümumi birgə mülkiyyət sferasından kənara çıxarılması üçün yeganə əsas təşkil etmir. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Lakin, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı həmin əşyanın nikaha daxil olanadək özünə məxsus olan əmlak hesabına, habelə nikah dövründə vərəsəlik qaydasında, hədiyyə şəklində və ya digər əvəzsiz əqdlər üzrə əldə edilməsi barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, qarşılıqlı iddia üzrə iddiaçının bu istiqamətdə formalaşmış iddia mövqeyi yalnız formal əsaslara söykənmişdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli qərarında ifadə edilən hüquqi mövqelərə əsasən qeyd edilir ki, istehlak təyinatına görə ər-arvadın hər birinin istifadəsində ola bilən fərdi əşyaların (məsələn, mobil telefon, planşet, noutbuk və sair) ər-arvadın ümumi əmlakı hesab edilib-edilməməsi barədə mübahisə məhkəmələr tərəfindən nikah dövründə həmin əşyaların, ərin (arvadın) fərdi, yaxud ailənin ümumi istifadəsində olması nəzərə alınmaqla həll edilməlidir. Həmçinin, hazırda baxılan iş üzrə barəsində mübahisə edilən mobil telefonla yanaşı, eyni tarixdə ikinci bir telefonun nisyə alğı-satqı müqaviləsi əsasında əldə edilməsi, mübahisə edilən mobil telefonun hazırda ilk iddia üzrə iddiaçının istifadəsində olması həmin əşyanın ilk iddia üzrə iddiaçıya hədiyyə şəklində alınması və ər-arvadın ümumi birgə əmlakı kimi deyil, arvadın ayrıca əmlakı kimi qiymətləndirməyə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımı şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır... Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir... Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, hazırkı iş üzrə həm ilk, həm də qarşılıqlı iddia üzrə iddiaçılar qaldırılmış iddia tələblərinin əsasını təşkil edən hüquqi halları sübut edə bilməmiş, həmin halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Bundan əlavə, iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli, 410/E nömrəli yazılı mütəxəssis məsləhətinin alınması üçün 300 manat məbləğində qiymətləndirmə xərci çəkilmiş və həmin xərc iş üzrə ilk və ya qarşılıqlı iddiaçı tərəfindən ödənilməmişdir. Belə olan halda, çəkilmiş 300 manat məbləğində qiymətləndirmə xərci ilk iddia üzrə iddiaçıdan tutularaq qiymətləndirmə fəaliyyətini həyata keçirən hüquqi şəxsin hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı əşyanın qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı əşyanın qanunsuz sahiblikdən geri qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı əşyanın qanunsuz sahiblikdən geri qaytarılmasına dair ilk iddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı əşyanın qanunsuz sahiblikdən geri qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. İddiaçı 300 (üç yüz) manat məbləğində qiymətləndirmə xərci tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (AZ84AİİB********************) ödənilsin. Ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar