Məhkəmə qərarları › İş №2(010)-1174/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1174/2020

30.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1174/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X6, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Əliyeva (Fərəcullayeva) Yefrosinya Fərəcovnanın, Cavabdeh2 nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Əliyeva (Fərəcullayeva) Yefrosinya Fərəcovna və qeyrilərinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Əliyeva (Fərəcullayeva) Yefrosinya Fərəcovna və qeyrilərinə qarşı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Kazımov küçəsi, dalan 2, ev 16A ünvanında yerləşən fərdi yaşayış evinə dair, 10 saylı DNK-da xx xxxxxx 2002-ci il tarixində bağlanmış 4Ə/İ-25 reyestr nömrəli və xx xxxx 2004-cü il tarixində bağlanmış 4Ə/1-101 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Kazımov küçəsi, dalan 2, ev 16A ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan və Cavabdeh2 tərəfindən zəbt olunmuş 24 kv.m hissəsinin sonuncunun qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Kazımov küçəsi, dalan 2, ev 16A ünvanında yerləşən fərdi yaşayış evinə dair, 10 saylı DNK-da xx xxxxxx 2002-ci il tarixində bağlanmış 4Ə/1-101 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətində olan və Cavabdeh2 tərəfindən zəbt olunmuş 24 kv.m hissəsinin sonuncunun qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması, eyni zamanda xx xxxxx 2019-cu ildə tərtib edilmiş texniki pasportun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 10 saylı Notariat Ofisi və üçüncü şəxslərX29, X25 və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Kazımov küçəsi, dalan 2, ev 16A ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsini vərəsəlik qaydasında əldə etmiş və hal-hazırda da həmin ünvanda yerləşən evin 2 otaqdan ibarət yaşayış sahəsinin mülkiyyətçisidir. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin digər ½ hissəsi vərəsəlik yolu ilə bacısı cavabdeh Əliyeva (Fərəcullayeva) Yefrosinya Fərəcovnaya məxsus olmuş, o, evin 2 otağını (10,0 kv.m + 9,0 kv.m və köməkçi sahəsi 23,4 kv.m + 5,0 kv.m) 10 saylı DNK-nın 4Ə/İ-25 reyestr nömrəli xx xxxxxx 2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3. 10 saylı DNK-nın 4Ə-İ-100 reyestr nömrəli xx xxxx 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsi 19,0 kv.m və köməkçi sahəsi 28,4 kv.m olan 2 otağı X13 adına qeydiyyatdan keçmişdir. 10 saylı DNK-nın 4Ə/1-101 reyestr nömrəli xx xxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsi 19,0 kv.m və köməkçi sahəsi 28,4 kv.m olan 2 otağı Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bununla yanaşı, mübahisəli evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport alarkən ona məlum olmuşdur ki, cavabdeh Əliyeva (Fərəcullayeva) Yefrosinya Fərəcovna fərdi yaşayış evinin ona məxsus olan hissəsindən təxminən 24 kv.m sahəni də başqasına satmış və bununla da, onun pay satın almaqda üstünlük hüququ ilə yanaşı, mülkiyyət hüququ da pozmuşdur. Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Kazımov küçəsi, dalan 2, ev 16A ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus olan təxminən 24 kv.m zəbt olunmuş hissəsi faktiki olaraq Cavabdeh2 istifadəsindədir. Sonuncu zəbt olunmuş sahədə qanunsuz olaraq hamam və ayaqyolu inşa etmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, həyat yoldaşı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Kazımov küçəsi, dalan 2, ev 16A ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsini vərəsəlik qaydasında əldə etmiş və hal-hazırda da həmin ünvanda yerləşən evin 2 otaqdan ibarət yaşayış sahəsinin mülkiyyətçisidir. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin digər ½ hissəsi vərəsəlik yolu ilə baldızı cavabdeh Əliyeva (Fərəcullayeva) Yefrosinya Fərəcovnaya məxsus olmuş, o, evin 2 otağını başqa şəxsə satmışdır. Onlar mübahisəli evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport alarkən məlum olmuşdur ki, cavabdeh Əliyeva (Fərəcullayeva) Yefrosinya Fərəcovna fərdi yaşayış evinin ona məxsus olan hissəsindən təxminən 24 kv.m sahəni də başqasına satmış və bununla da, öz qardaşının pay satın almaqda üstünlük hüququ ilə yanaşı, mülkiyyət hüququnu da pozmuşdur. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, qeyd olunan alqı-satqı müqavilələri bağlanarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.2-ci maddəsinin tələblərinə riayət olunmamış, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin digər mülkiyyətçisinə, yəni iddiaçıya yazılı bildiriş verməmiş, həmçinin, mübahisəli evdə qeydiyyatda olmasına baxmayaraq, iddiaçının razılığı olmadan alqı-satqı aparılmışdır. Ev paylı mülkiyyətdir və evin ½ hissəsi vərəsəlik qaydasında 1988-ci ildə ilk olaraq Əliyeva (Fərəcullayeva) Yefrosinya Fərəcovnaya keçib. İddiaçı tərəfdə olan sənədlərdə yalnız 16A ünvanı qeyd olunub və 16B ünvanı barədə hər hansı bir məlumat yoxdur. 1988-ci ildə verilən çıxarış ilkin çıxarışdır və onların iş materiallarına əlavə etdikləri çıxarış 2019-cu ildə verilən sonuncu çıxarışdır. Həmin çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Kazımov (Oktyabr) küçəsi, dalan 2, ev 16A İddiaçı xüsusi mülkiyyətindədir. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən məhkəmə sorğusuna verilmiş cavabda xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportun verilməsi üçün əsas olmuş ilkin sənədlər də məhkəməyə təqdim edilməmişdir. Bütün bunlarla yanaşı, o, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq olunması ilə iddianın rədd edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd etdi ki, qeyd olunan mülki iş üzrə iddia müddəti ötməmişdir. Belə ki, qanunverciliyə əsasən tərəf öz hüququnun pozulduğunu bildiyi gündən həmin müddətin axımı başlayır. İddiaçı öz hüququnun pozulduğunu 2019-cu il tarixdə çıxarış alan zaman bilmişdir. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Əliyeva (Fərəcullayeva) Yefrosinya Fərəcovna iddia tələbini qəbul etməyərək bildirdi ki, onun məhkəməyə təqdim etdiyi sənədlərdən də göründüyü kimi, iddiaçı ilə aralarında vərəsəlik qaydasında pay bölünərkən iddiaçıya verilən evin ½ hissəsinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Kazımov küçəsi, dalan 2, ev 16B ünvanı və ona düşən ½ hissəsinə isə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Kazımov küçəsi, dalan 2, ev 16A ünvanı verilmişdir. Həmin evə dair çıxarış bir ədəddir və 1988-ci ildə verilib. Həmin çıxarışda da ona verilən hissə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Kazımov (Oktyabr) küçəsi, dalan 2, ev 16A-dır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi X14 iddia tələbini qəbul etməyərək bildirdi ki, 1963-cü ildə 16B ünvanı ilə bağlı onlara sənəd verilib və həmin sənədlərin hamısı müvafiq dövlət orqanları tərəfindən verilib. Həmin ünvanda o, 11 nəfər ailə üzvləri ilə birlikdə qeydiyyatdadır. Onlar pul verib evi almışlar. Bundan əlavə, Daşınmaz Əmlakın Dövlət Reyestrindən də məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş sənədlərdən göründüyü kimi sənədləşmələr zamanı heç kimin üstünlük hüququ pozulmamış və hər bir tərəf yalnız öz payına düşən hissəni satmışdır. Həmçinin qeyd olunan mülki iş üzrə iddia müddəti də ötmüşdür. Belə ki, bütün alqı-satqı işləri 18-20 il bundan əvvəl olmuşdur. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Orconikidze rayon X31 İcraiyyə Komitəsinin xx.xx.1985-cil tarixli 10 nömrəli qərarından görünür ki, Əmircan qəsəbəsi, Oktyabr küçəsi, ev 16 “a” ünvanı üzrə iyun 1962-ci ildə Bakı şəhəri İcraiyyə Komitəsi Texniki İnvertarlaşdırma Bürosu tərəfindən verilmiş evin texniki pasportuna əsasən ev və ətrafındakı torpaq 1900-cü ildə 1331,8 kv.m. torpaq sahəsində tikilən birmərtəbəli yaşayış tikilisindən ibarətdir. Yuxarıda qeyd edilən ünvan üzrə bələdiyyələşdirilməmiş tikililərin reyestr kitabından 1968-ci il tarixli səhifə 452, 4 saylı çıxarışa əsasən həmin ev və ətrafındakı torpaq şəxsi mülkiyyət hüququ üzrə vətəndaş X5 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Kazımov küçəsi, dalan 2, ev 16 A ünvanda yerləşən 180.3 kv.m. yaşayış evinin 2 otağı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2019-cu il tarixdə, 2 otağı Cavabdeh2 adına, 1 otağı (y/s – 12.9 kv.m, k/s – 9.3 kv.m) isə xx.xx.2012-ci il tarixdə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 202 nömrəli reyestr kitabının 18652 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmircan qəsəbə inzibati dairə üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 669 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1958-ci il tarixdən bugünə kimi Əmircan qəsəbəsi, Tofiq Kazımov küçəsi (keçmiş Oktyabr küçəsi), ev 16a ünvanında qeydiyyatdadır. Suraxanı RPİ tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZE 0******* seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 2 A ünvanında qeydiyyatdadır. ASAN 4 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh2, X22, X34, X16, X17, X23, X9, X10, X27, X14, X11, X24, X8, Cavabdeh2 Səbuhi oğlu ünvan 2 A ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən Bakı şəhəri 6 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, X2 adına 10 saylı DNK-nın k-2-378 reyestr nömrəli xx.xx.1988-ci il tarixli qanun üzrə vərəsəlik hüququq haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Kazımov küçəsi, dalan 2, 16A saylı evin 1/2 hissəsi qeydiyyatdan keçmişdir. 10 saylı DNK-nın 4Ə/1-25 reyestr nömrəli 27.01,2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 evin 2 otağını (10.0 kv.m+9.0 kv.m və köməkçi sahəsi 23.4 kv.m+5.0 kv.m) X3. 10 saylı DNK-nın 4Ə-1-100 reyestr nömrəli xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsi 19.0 kv.m və köməkçi sahəsi 28.4 kv.m olan 2 otağı X13 adına qeydiyyatdan keçmişdir. 10 saylı DNK-nın 4Ə/1-101 reyestr nömrəli xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən yaşayış sahəsi 19.0 kv.m və köməkçi sahəsi 28.4 kv.m olan 2 otağı Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Kazımov küçəsi, dalan 2, ev 16A ünvanının hüquq subyekti İddiaçı və başqalarıdır. X4 ilə X29 arasında bağlanmış xx.xx.2002-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Kazımov küçəsi, dalan 2, ev 16A ünvanda ümumi sahəsi 1331,80 kv.m. olan torpaq sahəsində yerləşən özünə məxsus yaşayış sahəsi 10,0 kv.m. və 9,0 kv.m. olan 2 otaqdan, köməkçi sahəsi 23,4 kv.m. və 5 kv.m olan sahədən ibarət yaşayaış evini X3. Qeyd olunan müqavilə Cavabdeh3 xx.xx.2002-ci il tarixdə 4Ə/İ-25 reyestr nömrə ilə təsdiq edilmişdir. X4 tərəfindən xx.xx.2002-ci il tarixdə yazılmış ərizənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Kazımov küçəsi, dalan 2, ev 16A ünvanda yerləşən özünə məxsus yaşayış sahəsi 10,0 kv.m. və 9,0 kv.m. olan 2 otaqdan, köməkçi sahəsi 23,4 kv.m. və 5 kv.m olan sahədən ibarət yaşayış evini satmışdır. Gələcəkdə bu evdə yerləşən ona məxsus hissəyə dair bir mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli Sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, sökülməsinin məqsədəuyğun olmasını və orada yaşayan ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini nəzərə alaraq aşkar olunmuş əlavə tikililərin həmin ölçüləri ilə saxlanılması və vət. Y.Fərəcullayevaya məxsus olan hissənin 215,80 kv.m. torpaq sahəsində yerləşmiş, sahəsi 19,0 kv.m. olan iki yaşayış otaqlarından, sahəsi 34,90 kv.m. olan köməkçi otaqlardan – həyətyanı təsərrüfat tikililərindən ibarət hesab olunmasına sərəncam verilmişdir. X29 ilə X25 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X29 ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Kazımov küçəsi, dalan 2, ev 16A ünvanda ümumi sahəsi 1331,80 kv.m. olan torpaq sahəsində yerləşən özünə məxsus yaşayış sahəsi 19,0 kv.m. olan 2 otaqdan, köməkçi sahəsi 28,4 kv.m. olan sahədən ibarət yaşayaış evini X19 satmışdır. Qeyd olunan müqavilə Cavabdeh3 xx.xx.2003-cü il tarixdə 4Ə-İ-100 reyestr nömrə ilə təsdiq edilmişdir. X25 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 məxsus ünvan 2 “a” ünvanda yerləşən iki otaqlı, yaşayış sahəsi 19,0 kv.m., köməkçi sahəsi 28,4 kv.m. olan 1331,80 kv.m. torpaq sahəsində yerləşən evi Cavabdeh2 satmışdır. Qeyd olunan müqavilə Cavabdeh3 xx.xx.2014-cü il tarixdə 4Ə/1-101 reyestr nömrə ilə təsdiq edilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş sənədlərə əlavə edilmiş Bakı şəhər Baş polis idarəsinin İddiaçı ünvanlamış olduğu xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Oktyabr küçəsi, ev 16A ünvanına verilmiş qeydiyyat vəsiqəsinin tapılması barədə Bakı şəhər Baş polis idarəsinin tapıntılar bürosuna məlumat daxil olmamışdır. Tender Komissiyasının çıxarışından görünür ki, İddiaçı adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən Qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır. (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Oktyabr küçəsi, ev 16A) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1.-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1.-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1.-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 373.2.-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair x xxxx 2013-cü il tarixli qərarında deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). İş materiallarından, xüsusilə iddia ərizəsindən və iddiaçının məhkəmədə verdiyi izahatdan da göründüyü kimi, iddiaçı mübahisəli mənzilin 2002, 2003 və 2004-cü illərdə müxtəlif şəxslər arasında alqı-satqı müqavilələrinin predmeti olmasını, habelə, mübahisəli sahənin həmin şəxslərin istifadəsində olmasını, müvafiq texniki sənədlərin o zaman tərtib olunmasını bilmiş, lakin, 2004-cü ildə bağlanmış sonuncu alqı-satqı müqaviləsindən hesablansa belə, 14 ildən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, həmin iddianı qaldırmaq üçün son müddət 2010-cu ilin müvafiq ayı hesab olunur. İddiaçı bildirir ki, texniki pasport alan zaman ona məlum olmuşdur ki, cavabdehə artıq sahə satılıb. Məhkəmə bu arqumentlə razılaşmayaraq qeyd edir ki, ilkin alqı-satqı müqaviləsində satıcı yalnız ona məxsus olmuş sahəni satıb, alıcı isə alıb. Texniki pasportda hansısa sahənin sonradan artırılması həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas olmadığı üçün, buna istinad edərək iddia müddətinin daha sonrakı tarixdən hesablanması yolverilməzdir. Beləliklə, iddiaçı iddia müddətini üzrlü səbəblərdən ötürməsi ilə bağlı məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Qeyd edilənlərə görə, məhkəmə hazırkı iddia tələblərinə iddia müddətinin tətbiq edilməli olması, iddiaçının iddia vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyü və bunun hər hansı bir üzrlü səbəblə bağlılığını əsaslandıra bilmədiyi qənaətinə gəlir. Bununla yanaşı, məhkəmə, iddia vermək üçün müddətin ötürüldüyü qənaətinə gəlsə də, işin tam və hərtərəfli araşdırılmasından imtina etməyib və xüsusilə iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olub-olmamasını da araşdırıb. Bu tələb Konstitusiya Məhkəməsi Plenumu L.İ.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli Qərarında öz əksini tapıb. Həmin qərarda qeyd edilib ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Məcəllənin 215.1.-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5.-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 218-ci maddəsi ümumi paylı mülkiyyətdəki payın satılması qaydasını müəyyən edir. Həmin maddəyə əsasən: maddə 218.1 mumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. maddə 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Qeyd edilən normaları və iş materiallarını araşdırıb məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir. Bununla belə, iddia müddətinin keçməsi hazırkı iddianın rədd edilməsi üçün əsasdır. İddia tələbinin cavabdehin zəbt olunmuş 24 kv.m hissədən çıxarılması ilə bağlı hissəsinə münasibət bildirən məhkəmə hesab edir ki, əvvəla, iddiaçı həmin sahənin Əliyeva (Fərəcullayeva) Yefrosinya Fərəcovna tərəfindən üçüncü şəxslərə satıldığını iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməyib. İkincisi, iddiaçı həmin sahənin ona məxsus olması, qanuni istifadəsində olması və ya onun mülkiyyətindəki əmlakla bağlılığına dair hər hansı sübut təqdim etməyib. O özü də iddia ərizəsində bildirir ki (eyni zamanda məhkəmədə verilən ifadələrdə), vərəsəlik qaydasında ona miras kimi iki otaq qalıb və hazırda onun mülkiyyətindədir. Belə olan halda, həmin sahəni üçüncü şəxslərin qeyri-qanuni sahibliyindən geri alınması ilə bağlı iddia qaldırmaq üçün onun müvafiq subyektiv hüquqa malik olmadığı müəyyən edilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdeh Əliyeva (Fərəcullayeva) Yefrosinya Fərəcovna və qeyrilərinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar