Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1252/2022 26.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, İddiaçı və Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X1rşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdeh X1rşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən siyahısını təqdim etdiyi əşyaların Mərziyə Əhmədovanın (Qərəhməzli) yaşadığı ünvana çatdırılıb, qəbul və təhvil aktının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən, İddiaçı ilə cavabdeh X5 arasında 07.03.2019-cu ildə nikah qeydə alınmışdır. Bizim birgə nikahdan 28.09.2020-ci ildə X7 dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli qətnaməsi ilə aramızda olan nikah pozulmuşdur. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin verdiyi AZ-İ 399937 saylı şəhadətnaməyə əsasən aramızda olan nikahın ləğvi 21.12.2021-ci il tarixində akt qeydləri kitabında qeydə alınmışdır. Qeyd edim ki, bizim ailə 17.01.2021-ci il tarixindən formal xarakter daşımışdır. Cavabdehin anasının və bacısının bizim ailə münasibətlərinə əsassız müdaxiləsi, eyni zamanda da keçmiş həyat yoldaşımın ailəyə qarşı laqeyd olması bizim bir yerdə yaşamağımızı mümkünsüz etmişdir. 17.01.2021-ci il tarixindən etibarən Mərziyə Qərəhməzli mənim razılığım olmadan uşağı da götürərək öz anasının evində yaşamağa getmişdir. Həmin müddətdən etibarən rəsmi surətdə həyat yoldaşım olmasına baxmayaraq, cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, hər ay sabit pul məbləğində 375 manat aliment almağa başlamışdır. Məhkəmənin qərarı ilə həmin tarixdən mənim əmək haqqımdan 25% məbləğində aliment tutularaq cavabdehə ödənilir. Rəsmi surətdə əlavə olaraq da övladımın üç yaşı olana qədər cavabdehin uşağa baxması üçün 50 manat ödəniş təyin olunmuşdur. Qarşı tərəflə normal ünsiyyət saxlamaq mümkün olmadığı üçün birgə nikah dövründə əldə olunmuş və ərlə arvadın ümumi mülkiyyəti sayılan əmlakın bölünməsi barədə cavabdehlə mənim aramda razılıq əldə oluna bilməmişdir. 2021-ci ilin sentyabr ayında cavabdehin Mediasiya Şurasına müraciəti əsasında mənə cehizlərin qaytarılması ilə bağlı siyahı göndərilmişdir. Məh siyahıda qeyd olunan əşyaları nəzərdən keçirdikdən sonra bəziləri istisna olmaqla keçmiş həyat yoldaşımın mənim evimə gətirdiyi bütün cehiz əşyalarını qaytarmağa razılıq vermişəm. Məhkəməyə də bildirirəm ki, siyahıda qeyd olunan əşyaların yalnız bir hissəsi keçmiş həyat yoldaşım Mərziyə Əhmədovanın cehizidir. Siyahıda qeyd olunan digər əşyalar isə bizim birgə nikahımız dövründə əldə olunmuşdur. Bir qisim əşyalar isə nikaha daxil olmazdan əvvəl mənim evimdə artıq mövcud idi. Bu səbəbdən digər əşyaların alınmasına ehtiyac duyulmamışdır. Beş ay əvvəl qarşı tərəfin Mediasiya Şurasına müraciəti əsasında mənə məktub göndərilmişdir. Mən də bu məktub əsasında qarşı tərəflə keçmiş ailə münasibətlərimizdən irəli gələn mübahisələrin tənzimlənməsi istiqamətində mediatorun köməyini qəbul etmişdim. Cavabdeh tərəfindən Mediasiya Şurasına müraciət edilməsinə baxmayaraq, çağırış əsasında iki dəfə keçirilən mediasiya sessiyasında iştirak etməkdən boyun qaçırmışdır. Mən qarşı tərəflə bir ildən artıqdır ki, ümumiyyətlə əlaqə saxlaya bilmirəm. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar konkret nəticəyə gəlinməsinə baxmayaraq, qarşı tərəf mənə qanuni şəkildə övladımla görüşməyə belə imkan vermir. Müxtəlif əsassız bəhanələrlə görüşə mane olurlar. Mərziyə Əhmədovanın cehizi: “Oscar” yatar otağı mebeli (iki nəfərlik çarpayı, çarpayı şkafları və iki ədəd yan tumba); bir ədəd “Hitachi” soyuducu; bir ədəd “Philips” şirəçəkən; bir ədəd “Kenwood” mikser; bir ədəd “Philips” blender; tava dəsti; üç ədəd kəsmə lövhələri; paxlava üçün iri dairəvi tava; dolma üçün daş; bitkiləri sulamaq üçün pulverizator; üç ədəd dekorativ bitki; mətbəx üçün çay dəsmalları; iki ədəd boş balon; qab üçün sarı süngər; qəhvəyi qatlanan taburet; qapaqlı qəndqabı; iki ədəd çaydan üçün stend; bir ədəd yuyulan qabları yığmaq üçün quruducu; qırmızı metal çaynik (istifadəyə yararsız olduğu üçün tullanıb); bir ədəd saç üçün fen; bir ədəd pişik suveniri; on iki nəfərlik qaşıq-çəngəl dəsti; iki ədəd oxlov və lövhə; mətbəx qaşıq-çömçə dəsti (qaytarılıb); dörd ədəd “Luminarc” sıyıq kasası; altı ədəd tünd mavi kasa; iki ədəd püre dəyirmanı; şəkər qabı; bir litrlik minalanmış qazan; bir ədəd “çələbi” çaynik; iki ədəd podnos; bir ədəd salfetka qabı; iki ədəd dərin dekorativ boşqab; üç ədəd çaynik üçün setka; yumurta sarısı üçün fırça; mətbəx üçün dəmir çəkic; tərəvəz üçün iki ədəd emayə (şirəli) qab; üç ədəd plastik (biri qırmızı, ikisi şəffaf); üç ədəd süzgəc (biri plastik); qozqıran. Nikahımız dövründə cavabdehlə mən aşağıdakı əmlakları əldə etmişik: Məişət texnikası, mətbəx qabları və əşyaları: bir ədəd “Panasonic” ütü; bir ədəd “Panasonic” tozsoran; iki nəfərlik çarpayı üçün üç dəst yataq dəsti; bir ədəd yataq örtüyü; iki ədəd yastıq; bir ədəd demisezon yorğan; bir ədəd altı stəkanlı “Luminarc” dəsti; bir ədəd nota naxışlı çay üçün stəkan; dörd ədəd kvadrat, dörd ədəd dairəvi “Luminarc” salat qabı; yemək dəsti (6x3=18 ədəd); altı ədəd desert boşqabı; altı ədəd mürəbbə üçün qab (rozet); iki ədəd çay üçün stəkan; altı ədəd fincan; bir ədəd gümüşü qab; iki ədəd yaşıl naxışlı boşqab; altı ədəd albalı naxışlı çay qaşığı; altı ədəd nəlbəki və çay üçün şüşə qədəh; iki ədəd düz və istiot qabı; iki ədəd dənli bitkiləri saxlamaq üçün qab; iki ədəd desert üçün spatula; qutuda şəkər kraker; yeddi ədəd ərzaq saxlama qabı; iki ədəd bişmə qəlibləri; bişirmə şüşə qab; iki ədəd balaca vanna (qaytarılıb); dekorativ boşqab; iki ədəd salat üçün şüşə qab; tortun saxlanılması üçün forma. Qarşı tərəfin evində qalan məniş şəxsi əşyalarım (Qaraçuxur qəsəbəsi, 1-ci vağzal küçəsi, ev 11): 1271 manat dəyərində “HP” noutbuk; 2773 manat dəyərində “İphone” mobil telefon; 160 manat dəyərində çay üçün beş litrlik samovar; 142 manat dəyərində ev üçün istilik cihazı; 190 manat dəyərində nikahda alınan kişi üzüyü”. İddia tələbinə əlavə. Daha sonra, İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək qarşı tərəfin evində qalan özünə məxsus əşyaların - 1271 manat dəyərində “HP” noutbuk; 2773 manat dəyərində “İphone” mobil telefon; 160 manat dəyərində çay üçün beş litrlik samovar; 142 manat dəyərində ev üçün istilik cihazı; 190 manat dəyərində nikahda alınan kişi üzüyü – cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edib məhkəməyə ərizə verərək bildirdi ki, sonradan iddia tələbinə əlavə verərək tələb etdiyi samovar, ev üçün istilik cihazı və üzüyü artıq tələb etmir. Tələb etdiyi noutbuku cavabdehin özü ilə gətirdiyi noutbukun əvəzi olaraq cavabdehin bacısına, “İphone” markalı mobil telefonu isə cavabdehin özünə hədiyyə etmişdir və bu əşyaların heç birini hazırda cavabdehdən tələb etmir. İddia ərizəsində cavabdehin cehizi kimi göstərilmiş əşyalardan “Hitachi” markalı soyuducudan başqa hamısını cavabdehə təhvil vermişdir və soyuducunu da verməyə etiraz etmir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddianı qismən qəbul edib məhkəməyə ərizə verərək bildirdi ki, iddia ərizəsində onun cehiz əşyaları kimi göstərilmiş əşyalardan “Hitachi” markalı soyuducudan başqa digərləri ona qaytarılmışdır. Lakin iddiaçının evində onun başqa cehiz əşyaları da mövcuddur. Hansı ki, iddiaçı ümumiyyətlə o əşyaları cehiz kimi siyahıda göstərməmişdir. Öz siyahısında olan cehizlərdən soyuducudan başqa qalanlarını səliqəsiz formada olsa da qaytarmışdır. Lakin onun başqa cehizləri də var. İddiaçı onların bəzilərini birgə nikah dövründə əldə edilmiş əmlak kimi göstərmişdir. O, bu əşyaları iddiaçıdan tələb edəcəkdir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. İş materialları. X2 tərəfindən verilmiş 06.12.2021-ci il tarixli, MŞİH-09987 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, X5 İddiaçı ilə olan “cehiz əşyaların qaytarılması və sair tələb barədə” mübahisə üzrə 06.12.2021-ci il tarixə, saat 17:30-18:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyindən bu arayış tərtib edilmişdir. Otuz ədəd fotoşəkildən müxtəlif mebel və məişət əşyaları görünür. Yerində müayinə. Məhkəmə tərəfindən cavabdeh X3 yaşadığı ünvan 1 ünvanında cavabdehin iştirakı ilə yerində müayinə keçirilmiş, iddia ərizəsində “Mərziyə Əhmədovanın cehizi” başlığı ilə qeyd edilmiş əşyaların siyahısından “Hitachi” markalı soyuducudan başqa qalanlarının cavabdehin evində olduğu müəyyən edilmişdir. İşin faktiki halları. İddiaçı və cavabdeh X5 keçmiş ər-arvaddır. Onlar arasında olan nikah rəsmi olaraq pozulsa da ailə qurarkən cavabdeh tərəfindən iddiaçının mənzilinə gətirilmiş cehiz əşyalarla bağlı aralarında mübahisə olmuşdur. Belə ki, İddiaçı “Mərziyə Əhmədovanın cehizi” başlıqlı siyahı tərtib edərək, bu siyahıda göstərilmiş cehiz əşyalarının özünə məxsus mənzildən çıxarılmasını xahiş etmişdir. İş məhkəmənin icraatında olduğu dövürdə İddiaçı həmin siyahıdakı əşyalardan “Hitachi” markalı soyuducudan başqa qalanlarını cavabdehə təhvil vermişdir. Məhkəmə tərəfindən cavabdehin evində yerində müayinə keçirilmiş və iddiaçının siyahısında göstərilmiş cehiz əşyalarından soyuducudan başqa qalanlarının evdə olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı həmin soyuducudan başqa qalan əşyaları qaytardığını, bu soyuducunu da qaytarmağa heç bir etirazı olmadığını bildirmişdir. Cavabdeh isə öz növbəsində məhkəməyə ərizə verərək, iddiaçının siyahısında onun cehiz əşyaları kimi göstərilmiş əşyalardan soyuducudan başqa qalanlarının ona qaytarıldığını, lakin siyahıda göstərilməyən cehiz əşyalarının olduğunu və iddiaçının həmin əşyaları qaytarmadığını bildirmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddia ərizəsində cavabdehin cehiz əşyaları siyahısında qeyd edilmiş əşyalardan “Hitachi” markalı soyuducudan başqa qalanları artıq iddiaçı tərəfindən cavabdehə qaytarılmış, beləliklə, iddiaçının mənzilindən çıxarılmışdır. Belə ki, bu hal həm tərəflərin məhkəmə iclasında verdikləri ərizələr və izahatlardan, həm də cavabdehin evində keçirilmiş yerində müayinədən müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının evindən çıxarılmasını tələb etdiyi əşyalardan soyuducudan başqa qalanları artıq evdən çıxarılmış olduğundan iddia yalnız soyuducuya münasibətdə təmin edilə bilər. Bu hissədə məhkəmə qeyd edir ki, hər nə qədər iddia tələbi “əşyaların Mərziyə Əhmədovanın (Qərəhməzli) yaşadığı ünvana çatdırılıb, qəbul və təhvil aktının təmin edilməsi” kimi ifadə edilsə də məhkəmə bu tələbi “cehiz əşyaların evdən çıxarılması” tələbi kimi qiymətləndirmişdir. Çünki bu əşyaların iddiaçıya məxsus evdən hansı qaydada çıxarılması (akt tərtib edilərək çıxarılması, çıxarıldıqdan sonra məhz cavabdehin evinə aparılması və s.) qətnamənin icrası ilə bağlı olan məsələdir. Nəzərə alınmalıdır ki, iddiaçının evində olsa da bu əşyalar cavabdehə məxsusdur. Bu baxımdan iddiaçı bu cehiz əşyalarının yerləşdiyi evin sahibi kimi yalnız bu əşyaların evindən çıxarılmasını tələb edə bilər. Əşyaların hansı qaydada çıxarılacağı, cavabdehə harda təhvil veriləcəyi isə əşyaların sahibi olan cavabdehə bağlı məsələlərdir və hər bir halda icra mərhələsində həll edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia “Hitachi” markalı soyuducunun iddiaçının mənzilindən çıxarılması şəklində qismən təmin edilməlidir. Məhkəmə ona görə belə nəticəyə gəlir ki, cavabdehə məxsus cehiz əşyasının iddiaçının mənzilində qalması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. İddiaçının mənzilində iddia ərizəsindəki siyahıda göstəriləndən başqa da cehiz əşyalarının olduğunu və bu əşyaların qaytarılmadığını iddia edən cavabdehə münasibətdə məhkəmə qeyd edir ki, hazırda məhkəmə tərəfindən məhz iddiaçının siyahısında göstərdiyi cehiz əşyaların iddiaçının mənzilindən çıxarılması tələbi üzrə işə baxılır. Bu baxımdan cavabdehin iddia etdiyi “başqa cehiz əşyaları” bu iddia tələbindən kənara çıxır. Digər tərəfdən, cavabdeh tərəfindən əlavə cehiz əşyaların tələb edilməsi ilə bağlı qarşılıqlı iddia ərizəsi ilə də məhkəməyə müraciət edilməmişdir. Cavabdeh yalnız “iddia ərizəsinə etiraz” adı ilə məhkəməyə ünvanlanmış müraciətinə özünə məxsus cehiz əşyalarının siyahısını əlavə edərək, bu əşyaları iddiaçıdan tələb etdiyini bildirmiş, lakin bu müraciət qarşılıqlı iddianın verilməsi ilə bağlı qanunla müəyyən edilmiş heç bir tələbə uyğun olmadığından cavabdehin də qeyd etdiyi kimi yalnız iddia ərizəsinə etiraz kimi qiymətləndirilmişdir. Hər bir halda məhkəmə cavabdehə qalan cehiz əşyalarının tələb edilməsinə dair ayrıca iddia ilə məhkəməyə müraciət etmək hüququ olduğunu bildirir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, cavabdeh X4 məxsus “Hitachi” markalı soyuducu İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X4 məxsus “Hitachi” markalı soyuducu İddiaçı Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 2P/53 ünvanında yerləşən mənzilindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1252/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1252/2022
26.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver