Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1304/2022 22.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh X3 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı əmlak bölgüsü tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məmmədov İddiaçı Nuranə Şahin qızına qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh X3 mülkiyyətində olan BMW-525İ markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilinə ½ hissədə onun (İddiaçı) mülkiyyət hüququnun tanlnması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh X7 ilə 23 mart 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş və nikahları Suraxanı rayonu, VVAQ Şöbəsində 227 nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahlarından 01 iyul 2009-cu il təvəllüdlü X2 və 14 fevral 2015-ci il tarixdə X10 anadan otmuşdur. Sonradan xasiyyətləri müxtəlif olduğundan ailə münasibətləri pozulmuş, iddiaçı hal-hazırda valideynlərinin himayəsində yaşayır. Daha sonra cavabdeh X7 ona qarşı Suraxanı rayon Məhkəməsində iddia qaldıraraq nikahın pozulmasını xahiş etmişdir. Birgə nikahda olduqları zaman, yəni 2014-cü ildə o qaynı ilə birlikdə Gürcüstan Respublikasına getmiş və oradan özünə hazırda mübahisələndirilən avtomobili gətirmişdir. 2017-ci ildə həmin avtomobili həyat yoldaşı X3 adına rəsmiləşdirmişdir. Sonradan onun dostu Əsgərə 8000 manat borcu olduğundan həmin avtomobili etibarnamə əsasında alqı-satqı yolu ilə Əsgərin adına rəsmiləşdirmişdir. Sonra isə Əsgərin adından etibarnamə götürərək həmin avtomobili yenidən X3 adına alqı-satqı yolu ilə rəsmiləşdirmişdir. Hal-hazırda həmin avtomobil birgə nikah dövründə əldə edildiyindən ½ hissədə payların müəyyən edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında 23.03.2006-cı ildə nikah bağlanmışdır. Birgə nikah dövründə onlar BMW-525İ markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobili alıb cavabdehin adına rəsmiləşdirmişlər. Belə ki, həmin avtomobili iddiaçı öz vəsaiti hesabına almış və sonradan cavabdehin adına rəsmiləşdirmişdir.Qeyd edilənlərə əsasən məhkəmədən BMW-525İ markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilinin cavabdeh X7 ilə İddiaçının birgə nikah dövründə əldə edildiyindən ümumi birgə mülkiyyət hesab edilməsi, həmin əmlakın ½ hissəsinə iddiaçının və ½ hissəsinə cavabdehin payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o iddia tələbini qəbul etmir. Belə ki, o, İddiaçı ilə 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, daha sonra müəyyən səbəblərə görə münasibətləri korlanmış və nikahları rəsmi olaraq pozulmuşdur. Birgə nikah dövründə ona BMW-525İ markalı avtomobil alınmış və həmin avtomobilin dəyəri onun qardaşı tərəfindən ödənilmişdir. Mübahisələndirilən avtomobil onun adına rəsmiləşdirilmişdir, lakin o sonradan xəbər tutmuşdur ki, həyat yoldaşı başqa şəxsin adına keçirtmişdir. Onun tələbindən sonra qardaşı həmin avtomobilin dəyərini ödəyib yenidən cavabdehin adına rəsmiləşdirmişdir. BMW-525İ markalı, ** GM *** dövlət nömrə nişanlı minik avtomobili birgə nikah dövründə əldə edilsə də, ona məxsusdur və buna görə də iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi (vəkilİ) Vəkil1 məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, cavabdeh İddiaçı ilə 23.03.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin nikahları Suraxanı rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli, 2(010)-4030/2021 saylı qətnaməsinə əsasən pozulmuşdur. Tərəflər rəsmi nikah dövründə BMW-525İ markalı, ** GM *** dövlət nömrə nişanlı minik avtomobili almışlar, lakin avtomobilin dəyəri cavabdehin qardaşının vəsaiti hesabına alınmışdır. Sonradan iddiaçı həmin avtomobil başqa şəxsin adına rəsmiləşdirilmişdir. 2020-ci ildə tərəflər arasında münasibətlər pisləşdiyindən Nuranənin qardaşı pulunu verərək yenidən avtomobili bacısına qaytarmışdır. Buna görə də hazırkı iş üzrə avtomobilin ½ hissəsinin bölünməsi barədə iddia tələbi əsassızdır. Belə ki, hazırda həmin avtomobil cavabdehin adına rəsmləşdirilmiş və cavabdehə aiddir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin (vəkilinin), cavabdehin və onun nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞİH6-08735 saylı arayışdan görünür ki, 22.12.2021-ci il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan iclasda İddiaçı iştirak etmiş və 50 manat mediasiyaya dair xərc ödəmişdir. İş materiallarında olan ADN № 848179 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-GM-*** dövlət qeydiyyat nişanlı BMW-525İ markalı nəqliyyat vasitəsinin sahibi X5r. iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən verilmiş 30.03.2022-ci il tarixli məktuba əlavə edilmiş “BMW 525İ” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilinin qeydiyyat hərəkətləri barəsində məlumatların kompüter çıxarışına əsasən həmin avtomobil 01.02.2014-cü il tarixdə İddiaçı adına rəsmiləşdirilmiş, 14.02.2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X3 adına rəsmiləşdirilmiş, 19.08.2020-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X8 adına rəsmiləşdirilmiş, 07.09.2020-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X3 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli, 2(010)- 4030/2021 saylı qətnaməsindən müəyyən olunur ki, idiaçı X7 ilə cavabdeh İddiaçı arasında 23.03.2006-cı il tarixli, Suraxanı rayonu VVAQ şöbəsində 227 saylı reyestrdə qeydə alınmış nikah akt qeydinin pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 01.07.2009-cu il təvəllüdlü X2 və 14.02.2015-ci il təvəllüdlü X10 anası iddiaçı X3 himayəsində saxlanılması və İddiaçı 01.07.2009-cu il təvəllüdlü X1 və 14.02.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 30 iyun 2021 ci il tarixdən hesablanaraq hər ay 175 (bir yüz yetmiş beş) manat aliment tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23.02.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (maddə 32.1). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 34.1). Oxşar məzmunlu normalar Mülki Məcəllənin 225-ci maddəsində də təsbit edilmişdir. Mülki Məcəllənin 225.4-cü maddəsinə müvafiq olaraq ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Sadalanan maddi hüquq normalarının mənasına görə ər-arvaddan birinin mülkiyyətində olan əmlakın onlar arasında birgə əmlak kimi bölünməsi üçün həmin əmlak nikah müddətində, ər-arvadın birgə vəsaiti (səyləri) hesabına əldə edilmiş olmalı, nikaha daxil olanadək tərəflərdən birinə məxsus olmamalı, həmçinin birgə nikah dövründə əvəzsiz qaydada əldə olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, zəruri sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı ilə X7 23.03.2006-cı ildə rəsmi olaraq nikaha daxil olmuş və birgə nikahdan iki övladları doğulmuşdur. Nikah dövründə birgə təsərrüfat aparmış və BMW-525İ markalı, ** GM *** dövlət nömrə nişanlı minik avtomobilini əldə etmişlər. “BMW 525İ” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilinin qeydiyyat hərəkətləri barəsində məlumatların kompüter çıxarışına əsasən həmin avtomobil 01.02.2014-cü il tarixdə İddiaçı adına rəsmiləşdirilmiş, 14.02.2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X3 adına rəsmiləşdirilmiş, 19.08.2020-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X8 adına rəsmiləşdirilmiş, 07.09.2020-ci il tarixdə alqısatqı müqaviləsinə əsasən yenidən X3 adına rəsmiləşdirilmişdir. İddiaçı tərəf həmin avtomobilin birgə nikah dövründə birgə vəsait hesabına əldə olunduğunu qeyd etmiş, lakin cavabdeh tərəf birgə nikah dövründə başqa şəxsin vəsaiti hesabına əldə olunmasını iddia etsə də, bununla bağlı sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, BMW-525İ markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobili birgə nikah dövründə əldə edildiyindən mübahisəli avtomobilə ½ hissədə X3 və ½ hissədə İddiaçı bərabər payları müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X3 mülkiyyətində olan BMW-525İ markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə X3 və ½ hissədə İddiaçı mülkiyyət hüquqları tanınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1304/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1304/2022
22.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver