Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1330/2021 27.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum övladı X2 xx.xx.2008-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 2008-ci il təvəllüdlü X2 xx.xx.2019-cu il tarixdə Nabran yaşayış massivi ərazisində, Xəzər dənizi akvatoriyasında çimərkən suda boğularaq ölməsi faktı üzrə toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən həmin hadisə ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, 2008-ci il təvəllüdlü X2 xx.xx.2019-cu il tarixdə Xaçmaz rayonu, Nabran yaşayış massivi ərazisində, Xəzər dənizi akvatoriyasında çimərkən suda boğularaq ölməsi faktı üzrə toplanmış materialda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən toplanmış həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla X2 hansı tarixdə, hansı şəraitdə ölməsi faktı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kolleqiyasının xx xxxxxx 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasına əsasən 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə” (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloci istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloci-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X1 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1 -ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquqmühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə ' xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Hesab edirəm ki, Ərizəçi oğlu X2 ölümü haqqında xəbərdarlıq vərəqəsinin mövcud olmasına baxmayaraq, Maraqlı şəxs tərəfindən onun vəfat etməsi faktı qeydə alınmadığı təqdirdə, Ərizəçi maraqlı şəxsin qərarından, hərəkət və hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilənləri nəzərə alan hesab edirəm ki, hazırki ərizə Suraxanı Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə xx xxxxx 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda qeyd edilir ki, ərizəçi ərizəsinə əlavə etdiyi sənədlərin siyahısından maraqlı şəxsdən verilmiş imtina məktubunu əlavə etdiyini qeyd etsə də, ərizəsinə qeyd edilən məktubu əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 153.2.1, 263264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinin qəbulundan imtina edilsin. Ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1330/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1330/2021
27.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver