Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1386/2022 28.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə qalmış ona məxsus qızıl-zinət əşyaları: ağ komplekt qızıl-boyunbağı klonlu, üzük, sırğa, qolbaq-cəmi 2200 manat; nişan üzüyü (ağ qızıl)-800 manat; qolbaq (sarı qızıl)-300 manat; üzük (sarı qızıl)-100 manat; klon (sarı qızıl)-200 manat, ümumi dəyəri 3600 manatlıq qızıl-zinət əşyalarının, mediatora ödədiyi 50 manatın və məhkəmənin hesabına ödədiyi 58 manat dövlət rüsumu məbləğin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun cavabdehlə 01 mart 2019-cu il tarixli aralarında bağlanmış nikah Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(010)5391/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan olmuş uşaqları hal-hazırda onun himayəsindədir. Onların nikahları hələ pozulmamışdan əvvəl aralarında baş vermiş mübahisələr nəticəsində cavabdeh onu yaşadıqları evdən çıxarmış və bu zaman ona aid olan qızıl-zinət əmlakını ona verməmiş və bugünkü vaxta qədər də özündə saxlayır. Bu barədə o, cavabdehlə dəfələrlə telefon vasitəsilə əlaqə saxlasa da, cavabdeh ona aid olan qızıl-zinət əmlakını qaytarmaq istəmir. Qızıl-zinət əşyalarının cavabdeh tərəfindən ona qaytarması probleminin həlli ilə bağlı o, Mediasiya Şurasına müraciət etmişdir. Lakin qarşı tərəf mediator tərəfindən xəbərdar edilməsinə baxmayaraq, mediasiya sesiyasında iştirak etmədiyinə görə məsələnin həlli ilə bağlı ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdehdə qalmış ona məxsus qızıl-zinət əşyaları: ağ komplekt qızılboyunbağı klonlu, üzük, sırğa, qolbaq-cəmi 2200 manat; nişan üzüyü (ağ qızıl)-800 manat; qolbaq (sarı qızıl)-300 manat; üzük (sarı qızıl)-100 manat; kulon (sarı qızıl)-200 manat, ümumi dəyəri 3600 manat dəyərində olan qızıl-zinət əşyalarının cavabdehdən alınıb ona verilməsi və mediasiya xərcinin və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunmuş qızıl-zinət əşyalarından 200 manat dəyərində yazdığı klon cavabdeh tərəfindən iddiaçıya heç vaxt alınmamış və ona hədiyyə verilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya aldıqları ağ komplekt qızılların dəyəri 1200 manat, nişan üzüyünün dəyəri isə 350 manat olmuşdur. Həmin qızıl-zinət əşyaları həmişə iddiaçının özündə olmuş və iddiaçı evdən gedərkən həmin əmlakları özü ilə aparmışdır. İddiaçının yalan danışdığı ondan bəlli olur ki, cavabdeh onu heç vaxt evdən qovmamışdır. Yaşadıqları müddətdə aralarında mübahisələr olmuş və iddiaçı hər dəfə valideynlərinin evinə getmişdir. Hətta iddiaçı özünə məxsus olan cehiz əmlaklarını da 08 iyun 2019-cu ildə götürüb evdən aparmışdır. Buna baxmayaraq cavabdeh hər dəfə ailəsini qorumaq üçün iddiaçı ilə barışmış və onu yenidən evlərinə aparmışdır. Lakin görünür ki, iddiaçının məqsədi cavabdehlə ailə qurmaq olmamışdır. Sonuncu dəfə tərəflərin arasında heç bir mübahisə olmadan 2020-ci ilin noyabr ayının 17-də iddiaçı anası ilə həkimə getmək bəhanəsi ilə evdən çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Sonradan cavabdehə məlum oldu ki, iddiaçı boşanmaq niyəti ilə evdən çıxıb getmişdir. Gedərkən bir daha qayıtmayacağını bildiyi üçün iddiaçıya toy zamanı alınmış qızıl-zinət əşyalarını, hətta anasına məxsus olan qızıl tros sepidə götürüb özü ilə aparmışdır. Dəfələrlə təkid etməsinə baxmayaraq iddiaçı cavabdehlə artıq yaşamaq istəmədiyini bildirərək boşanmaq üçün özü məhkəməyə müraciət etmişdir. Hesab edir ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının məqsədi ağlına gələn şişirdilmiş qiymətlər yazaraq cavabdehdən pul qoparmaqdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, İddiaçı onun qardaşı qızıdır. Xatirənin 2019-cu ildə toyu olmuş və o gəlin köçmüşdür. Onun üç günlüyündə onlara qonaq getmiş və məlum olmuşdur ki, Xatirənin qayınanası qızılları ondan almışdır. İki ay sonra Xatirənin evində mübahisə yaranmış və onlar bütün cehiz əşyalarını götürmüşlər. Bütün cehizləri götürəndə akt tərtib edilmişdir. 2019-cu ilin iyun ayında onlar ayrılsalar da, sonradan barışdılar və Xatirənin qaynatası onlara yenidən yataq mebeli almışdır. Lakin 2020-ci ilin noyabr ayında Xatirə korona xəstəliyinə tutulmuş və onu atası evinə gətirmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, Xatirənin qardaşının həyat yoldaşıdır. Xatirə 2020-ci ilin noyabr ayında korona xəstəliyinə yoluxmuş və onun yoldaşı Ramil avtomobillə onu gətirərək atası evinə qoymuşdur. Sonra isə onu gəlib aparmamışdır. Xatirəyə yüngül üzük və sep alınmışdır və Xatirə həmin qızılları gündəliyə taxırdı. Qızıl-zinət əşyalarını Xatirədə görməyib, onun bildiyinə görə həmişə qızıllar qaynanasında olurdu. Xatirə qızıl-zinət əşyalarını özü ilə götürməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Ramil onun oğlu, Xatirə isə keçmiş gəlinidir. Ramil Xatirə ilə ailə qurduqdan 2 ay sonra Xatirə valideynlərinin evinə çıxıb getmişdir. Həmin vaxt özünə məxsus olan bütün cehiz əşyalarını götürüb aparmışdır. Xatirəyə alınmış qızılları o və həyat yoldaşı birlikdə almışdır. Ona 350 manat dəyərində 1 ədəd nişan üzüyü və 1200 manat dəyərində bir ədəd 750 əyarlı, ağ qızıldan ibarət komplekt almışdır. O, qolbaq, üzük və klon almamışdır. Xatirə oğlu ilə ailə qurandan sonra qızıllar həmişə onun özündə olmuşdur. Noyabr 2020-ci ildə Xatirənin anası ondan xahiş etmişdir ki, onun atası evinə gəlməsinə icazə versinlər. Ramil bu səbəbdən onu avtomobillə 3-4 günlük atasının evinə aparmışdır. Həmin vaxtdan Xatirə atasıgilə getmiş və dəfələrlə ona evə qayıtmasını bildirsə də, Xatirə isə gəlməkdən imtina etmiş və həkimə gedəcəyini bildirmişdir. O, Xatirənin korona xəstəliyinə tutulduğunu bilmirdi, o getdikdən sonra müəyyən olundu ki, o xəstədir. Birinci dəfə atası evinə gedəndə Xatirə qızılları aparmamış, lakin sonuncu dəfə çıxıb gedəndə görmüşdür ki, o qızılları özü ilə aparmışdır. Xatirə sonuncu dəfə evdən gedəndə onun tros sepini, hətta oğlunun kiçik toyunda olan qızılları da götürüb aparmışdır. Xatirə çıxıb gedəndən sonra ona demişdir ki, onlar ayrılıblar. İş üzrə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Cavabdeh onun qardaşıdır. Onun qardaşı ilə Xatirənin arasında tez-tez mübahisələr baş verirdi. 2020-ci ilin noyabr ayının 17-də Ramil sonuncu dəfə Xatirəni atası evinə aparmışdır. O evə qayıdanda anası demişdir ki, Xatirə qızılları özü ilə aparmışdır. Toy mərasimində o, Xatirəyə qolbağ hədiyyə etmişdir. Başqa şəxslərin toy ərəfəsində hədiyyə verməsi ilə bağlı onun məlumatı yoxdur. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli 2(010)-5391/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı Asan Xidmət X1 01 mart 2019-cu il tarixli 577 nömrə ilə qeydə alınmış nikahın pozulması, 01 iyul 2021-ci il təvəllüdlü X2 İddiaçı yanında qalması müəyyən edilməsi, 01 iyul 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat və uşaq üç yaşına çatana qədər saxlanılması üçün 50 manat olmaqla, cəmi 225 manat sabit pul məbləğində aliment 14 sentyabr 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində keçirilnən ilkin mediasiya sessiyasında iştirak etmiş və mediassiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-1386/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/3744 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən 3 adda qızıl-zinət əşyalarının 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2520,00 manat müəyyən edilir. Digər 2 adda mal haqqında kifayət qədər məlumat (çəkisi, əyyarı) olmadığında həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olduğundan ona məxsus qızıl-zinət əşyalarının bir qismi cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə iclasında iddiaçının təqdim etdiyi fotoşəkillərə baxış keçirilərkən və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçının toy mərasimində üzərində həqiqətən qızıl-zinət əşyalarının olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan, iddiaçının evdən hansı şəraitdə getməsi halından təsdiq olunur ki, iddiaçı evdən valideynlərinin evinə qonaq qismində getmiş və özü ilə qızıl-zinət əşyalarını aparmamış, həmin qızıl-zinət əşyaları cavabdehin yaşadığı mənzildə qalmışdır. Cavabdehin nümayəndəsinin izahatından müəyyən olunmuşdur ki, 1 ədəd komplekt və 1 ədəd nişan üzüyü alınmış və toy ərəfəsində iddiaçıya hədiyyə verilmişdir. Şahid ifadəsindən müəyyən olunur ki, 1 ədəd qolbağ onun tərəfindən toyda iddiaçıya hədiyyə verilmişdir. Məhkəmə, belə qənaətə gəlir ki, iddiaçıya toy ərəfəsində qızıl-zinət əşyalarının alınması və ona hədiyyə verilməsi, həmçinin hədiyyə edilmiş əmlakın cavabdehdə qalması iş üzrə sübutlarla təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus olan 1 ədəd komplekt (klonlu boyunbağı, üzük, sırğa, qolbaq) ağ qızıl, 750 əyarlı, 2 karat, çəkisi 18.1 qram, 1 ədəd nişan üzüyü ağ qızıl, 750 əyarlı, çəkisi 5.5 qram, brilyant qaşlarla bəzədilmiş, 1 ədəd qolbağ sarı qızıl və 1 ədəd üzük sarı qızıl, 583 əyarlı, çəkisi 2 qramdan ibarət qızıl-zinət əşyaları Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, qətnamə icra olunan zaman qızıl-zinət əşyalarının naturada mövcud olmadığı aşkar olunarsa, onun dəyəri 2520 manat məbləğində pul vəsaiti Cavabdeh alıanaraq İddiaçı ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan 1 ədəd komplekt (klonlu boyunbağı, üzük, sırğa, qolbağ) ağ qızıl, 750 əyarlı, 2 karat, çəkisi 18.1 qram, 1 ədəd nişan üzüyü ağ qızıl, 750 əyarlı, çəkisi 5.5 qram, brilyant qaşlarla bəzədilmiş, 1 ədəd qolbağ sarı qızıl və 1 ədəd üzük sarı qızıl, 583 əyarlı, çəkisi 2 qramdan ibarət qızıl-zinət əşyaları Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qətnamə icra olunan zaman qızıl-zinət əşyalarının naturada mövcud olmadığı aşkar olunarsa, onun dəyəri 2520 (iki min beş yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh alıanaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1386/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1386/2022
28.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver