Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-140/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas kаtibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Bakı şəhəri Suraxanı rayonu X8) “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadənin aradan qaldırılması və cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Bakı şəhəri Suraxanı rayonu X8) “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadənin aradan qaldırılması və cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Bakı aeroport yolunun sol tərəfində yerləşən 400 m2 torpaq sahəsindən çıxarılmasını, cavabdehə zəbt edilmiş, ona məxsus torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin qadağan edilməsi, onun hasarının cavabdeh tərəfindən sökülərək qapı açılan hissəsinin mişar daşı ilə sementlə hörülərək bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, X4 xx.xx.2003-cü il tarixli, 23 saylı sərəncamına əsasən Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Bakı aeroport yolunun sol tərəfində yerləşən 400 m2 torpaq sahəsi onun qanuni istifadəsindədir. Həmin torpaq sahəsini o hasara almış və istifadə etmişdir. Arvadı Nümayəndə2 onkoloji xəstəliyə tutulduğu üçün onlar bir müddət oraya gedə bilməmişdir. Belə ki, arvadının müalicəsi ilə bağlı Türkiyə Respublikasında, həmçinin başqa müalicə müəssisələrində olmuşlar. Bütün əmlakını satıb arvadının müalicəsinə xərcləmişdir. Arvadı İİ qrup əlildir. Cavabdeh bundan istifadə edərək, öz istifadəsində olan torpaqdan onun torpağına kiçik qapı açaraq onun qanuni istifadəsinə verilmiş torpaq sahəsini zəbt etmişdir və onu öz torpaq sahəsinə buraxmır. Bununla da cavabdeh onun qanuni sahiblik və istifadə hüquqlarını pozur. O, torpaq sahəsinə daxil olmaq istəyəndə bütün qohumlarını oraya yığır, dava-dalaş salır və onu təhqir edir. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etsə də, ona mübahisənin mülki xarakter daşıdığını, müvafiq bələdiyyəyə və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X5 müraciət etmiş, orada ona torpaq sahəsinin onun olduğunu, məhkəmədə hüquqlarının bərpa olunacağını bildirmişlər.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək bildirdi ki, onlar mübahisəli torpaq sahəsindən istifadəyə dair bələdiyyə sərəncamını 2003cü ildə X1i yolla əldə etmişlər. Uzun illərdir ki, onkoloji xəstə olduğu üçün həmin torpaq sahəsi ilə maraqlana bilməmişlər. Xəstəliyi ilə əlaqədar bütün əmlaklarını satdıqlarından hazırda həmin torpaq sahəsinə ehtiyacları var. Bundan əlavə, cavabdehin bildirdiyindən fərqli olaraq o, Gülnaz adlı şəxs tanımır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, bundan əvvəl də mübahisəli torpaq sahəsi ilə bağlı ona qarşı iddia qaldırılmışdır. Həmin iddianı qonşuları olan Gülnaz adlı qadın 2018-ci ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində qaldırmış, onun iddiası subyektiv hüququn olmaması əsası ilə rədd edilmişdir. Daha sonra həmin şəxs 2021-ci ildə ona qarşı yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə icraata məhkəmə tərəfindən xitam verilmişdir. Ona qarşı hazırkı iddianı qaldıran Cavabdeh isə həmin Gülnaz adlı qadının tanışıdır. Belə ki, o iddiaçının qonşusu olan Gülnazın evinə gəlib-gedən görmüşdür. Nə iddiaçı, nə də onun arvadı onların iddia etdikləri kimi bir dəfə olsun onun yaşadığı yerə gəlib, torpaq sahəsindən çıxarılmalarını tələb etməmişdir. Belə ki, o, nə iddiaçını, nə də onun nümayəndəsi olan arvadını bir dəfə də olsun görməmişdir. Həmin qadın ona qarşı özünün qaldırdığı iddialardan bir nəticə çıxmayacağını başa düşdükdən sonra hazırkı iş üzrə iddiaçını öyrədərək belə bir iddia qaldırmışdır. Hansı ki, həmin şəxsin bu torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Onun adına verilmiş bələdiyyə sənədi isə saxtadır. Bundan əlavə, onlar (cavabdeh və ailəsi) məcburi köçkündür və mübahisəli torpaq sahəsi üzərində ev tikərək həmin evdə məskunlaşmışlar. Hazırda dövlət məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə məcburi köçürülməsini həyata keçirmir. Bu səbəbdən mübahisəli torpaq sahəsi üzərində tikdikləri ev onların yeganə yaşayış yerləridir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 cavabdehin izahatına uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
İş materialları.
7. Bakı şəhəri X4 xx.xx.2003-cü il tarixli, 23 saylı sərəncamından görünür ki, Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində (İlovoy) yerləşən 400 m2 torpaq sahəsi vətəndaş X6 istifadəsinə verilmişdir.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İdarənin mütəxəssisləri tərəfindən mübahisəli ünvanda baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi dörd tərəfdən mişar daşla hasarlanmışdır. Faktiki sahəsi 400 m2 təşkil edir digər şəxsin istifadəsindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin qeydiyyatı barədə məlumat aşkar olunmamışdır. Təqdim edilmiş cizgidə dəqiq istinadlar və istinad məsafələri qeyd edilməmişdir. Eyni zamanda yerləşməsi tamamilə uyğunsuzluq təşkil edir. İşin faktiki halları.
9. Bakı şəhəri X8 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı Aeroport yolunun sol tərəfində yerləşən 400 m2 torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə dair xx.xx.2023-cü il tarixli sərəncam verilmişdir.
10. Cavabdeh hazırda ailəsi ilə birlikdə həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayır.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.
Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi.
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
14. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
16. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı Aeroport yolunun sol tərəfində yerləşən 400 m2 torpaq sahəsi hazırda iş üzrə cavabdehin faktiki istifadəsindədir. Belə ki, Cavabdeh Füzuli rayonundan məcburi köçkündür və ailəsi ilə birlikdə həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində məskunlaşmışdır.
17. İş üzrə İddiaçı isə Bakı şəhəri X8 tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli sərəncama əsasən, torpaq sahəsinin onun istifadəsində olduğunu, buna baxmayaraq cavabdehin həmin sahəni zəbt etdiyini iddia edir və bu əsasla cavabdehin həmin sahədən çıxarılmasını tələb edir.
18. İddiaçının tələbini əsaslandırarkən istinad etdiyi müvafiq bələdiyyə sərəncamı məhkəməyə təqdim edilmişdir. Həmin sərəncamdan görünür ki, Bakı şəhəri X8 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Bakı Aeroport yolunun sol tərəfində yerləşən 400 m2 torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə dair xx.xx.2003-cü il tarixli sərəncam verilmişdir. Bununla belə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, bələdiyyənin həmin torpaq sahəsi üzərində sərəncam vermək, bu torpaq sahəsini kiminsə istifadəsinə vermək səlahiyyəti olmamışdır. Belə ki, daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan tərəfindən verilmiş məlumatdan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən həmin sahə dövlət mülkiyyətindədir. Həmçinin torpaq sahəsi üzərində hər hansı istifadə hüququnun qeydə alındığı müəyyən edilməmişdir.
19. Yuxarıda istinad edilmiş qanunvericilik normalarından görünür ki, bələdiyyələrin yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi ilə bağlı səlahiyyətləri müəyyən edilmişdir. Bu vəziyyətdə Bakı şəhəri X4 dövlət mülkiyyətində olan torpaq sahəsini iddiaçının istifadəsinə vermək səlahiyyəti olmamış, bu səbəbdən xx.xx.2003-cü il tarixli sərəncam qanunsuz olmuşdur. Odur ki, iddiaçının bu sərəncama əsaslanaraq mübahisəli torpaq sahəsi üzərində hər hansı hüquqa malik olması istisna edildiyindən onun cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etməyə subyektiv hüququ olmamışdır. Belə olan halda iddia təmin edilməməlidir.
Məhkəmə xərcləri.
20. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi və Bakı şəhəri Suraxanı rayonu X8) “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadənin aradan qaldırılması və cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva