Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-143/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hədiyyə kimi verilmiş qızıl dəstinin (Dəstə daxildir: Brilliant qaşları olan qızıl dəsti - 750 əyarlı – 40 qram; Nişan üzüyü - 1 ədəd – 750 əyarlı - 9 qram; Qızıl qolbağ – 1 ədəd - 583 əyarlı – 10 qram ; Tros boyunbağı (sep) - 1 ədəd – 583 əyarlı - 12 qram Qızıl dəsti - 585 əyarlı -18 qram (dəstə daxildir: təkqaşlı (brilliant qaşlı) 2 ədəd sırğa uşaq üçün, 1 ədəd nazik sep, 1 ədəd klon), qızıl-zinət əşyaları olmadıqda 10000 (on min) manat pulun, ödənilmiş 120 manat: dövlət rüsumunun, mediasiya sessiyası üçün ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. O, iddia üzrə cavabdeh - Cavabdeh1 ilə xx.xx.2007-ci ildə ailə həyatı qurmuşdur. Həmin tarixində onların nikahımız Şəki şəhər VVADQ şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Sonradan cavabdehlə münasibətləri pisləşmiş və Suraxanı rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(010)-2072/2021 nömrəli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh1 arasında 23 oktyabr 2007-ci il tarixdə Şəki şəhəri Qeydiyyat Şöbəsində bağlanmış 447 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 14 oktyabr 2008-ci il təvəllüdlü X3 atası-Cavabdeh1, 17 noyabr 2011-ci il təvəllüdlü X7 və 12 iyun 2015-ci il təvəllüdlü X5 anaları-İddiaçı yanında saxlanılmaları, Cavabdeh1 17 noyabr 2011-ci il təvəllüdlü X2 və 12 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Əlavə olaraq bildirir ki, cavabdeh tərəfindən vaxtilə yaşadıqları və ünvan 1 ünvanında yerləşən mənzildən məcburi şəkildə çıxarılmışdır. O da məcbur olaraq müvəqqəti atasının mənzilinə məskunlaşmışdır. Sonradan mənzilə köçürülmə tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etsə də iddiası təmin edilməmişdir. Cavabdehin atası Akif Məmmədov paralel olaraq Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin 2(010)-3125/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi (hakim Leyla Talıbova) ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvaninda yeləşən evdən ona məxsus olan cehiz əşyaların çıxarılması qət edilmişdir. Məhkəmə prosesinin gedişatında ona cavabdeh tərəfindən bildirilmişdir ki, cehiz əşyalarla bağlı məhkəmə prosesi bitdikdən sonra qızıl-zinət əşyalarımı geri verəcək. Hər dəfə qızıllarla bağlı mübahisə olanda da cavabdeh ona bildirirdi ki, qızıllara 10000 (on min) manat pul vermişdir. Sonradan başa düşmüşdür ki, cavabdeh sadəcə bununla vaxt qazanmaq məqsədi güdürmüş. Bu günədək də ona məxsus olan qızıl zinət əşyaları geri qaytarılmayıb. Halbuki həmin qızıl-zinət əşyaları onun əmlakı sayılır və cavabdeh qeyd edilən qızıl-zinət əşyalarını ona geri qaytarmağa borcludur. Qızıl-zinət əşyaları aşağıdakılarıdır: 1 Brilliant qaşları olan qızıl dəsti ( 1 cüt sırğa, 1 ədəd boyunbağı ( kolyesi ilə birlikdə) 1 ədəp qızıl üzük, 1 ədəd qolbağ) – 750 əyarlı – 40 qram; 2 Nişan üzüyü - 1 ədəd - 750 əyarlı - 9 qram 3. Qızıl tros qolbağ – 1 ədəd - 583 əyarlı - 10 qram; 4. Tros boyunbağı (sep) – 1 ədəd - 583 əyarlı – 12 qram; 5. Qızıl dəsti – 585 əyarlı -18 qram. ( dəstə daxildir: təkqaşlı (brilliant qaşlı) 2 ədəd sırğa uşaq üçün, 1 ədəd nazik sep, 1 ədəd klon) Əlavə olaraq bildirir ki, qızıl-zinət əşyalarının geri qaytarılması ilə bağlı mediasiya prosesinə başlamış və cavabdehə mediasiya təklifi göndərmişdir. Lakin cavabdeh nə mediasiya təklifinə münasibət bildirmiş, nə də mediasiya təşkilatına gəlməmişdir. Nəticə etibarilə Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli MŞB/11/2024- 00045 saylı "ilkin mediasiya sessiayasında iştirak edilməməsi barədə" arayış verilmişdir. Yekun olaraq bildirirəm ki, bütün digər cehiz əşyaları vaxtilə yaşadığı və çıxarıldığı evdə qalmışdır. Sonradan ona məxsus olan qızıl-zinət əşyalarını götürmək istəyəndə qızıl-zinət əşyaları verilməmişdir və bugünədək də verilməməkdədir. Cavabdehin qanunsuz hərəkətləri ilə onun hüquqları kobud şəkildə pozulur. Bu səbəbdən də ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəflə 2011-ci ildən münasibətləri pozulmuşdur. Son məqamda həyat yoldaşı və ailəsi tərəfindən döyülmüşdür. Məhkəmə iclasında İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, qızıl-zinət əşyaları oğurlanıb və onlarda deyildir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək iddia tələbinin tam əsassız olduğunu, bu səbəbdən də təmin edilməməsini xahiş etdi
İş materialları
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarından müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-(010)- 3125/2022-nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdeh İddiaçı qarşı onun mülkiyyətində olan Zığ qəsəbəsi, H.Allahverdiyev 62 küçəsi, ev 101 C ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı öz hesabına cehiz, ev əşyaları ilə birlikdə 107 adda cehiz əmlakının çıxarılması barədə iddiası təmin olunmuşdur. Eyni zamanda, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-(010)-240/2023-nömrəli, 11 yanvar 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X8 və Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (103)- 2788/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli və 11 yanvar 2023-cü il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qeyd edilən qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya Məhkəməsinin həmin qərarından, həmçinin müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2 (010)-2072/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2007-ci il tarixli nikah pozulmuşdur.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sənədlərin saxlanma müddətinin bitməsi ilə bağlı məhv edildiyindən Cavabdeh1, həmçinin X6 yaşadığı evdə qızıl-zinət əşyalarının oğurlanması barədə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət etmələri ilə bağlı məlumat vermək mümkün olmamışdır.
12. Bakı 11 saylı X4 Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı İMS-də iştirak edən tərəfdir.
11. 9/9917 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert təyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda və iddia ərizəsində qeyd edilən zərgərlik məmulatlarının 2024cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3790,00 manat müəyyən edilir. Digər 02 adda zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların ayrı-ayrılıqda sayı, keyfiyyəti, ölçüsü və s. barədə məlumatolmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.
9. İş materiallarına qızıl-zinət əşyalarının görüntüsünü əks etdirən fotoşəkillər təqdim edilmişdir.
İşin faktiki halları
9. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər 2007ci ildə nikaha daxil olmuşlar, 2021-ci ildə nikahları rəsmi qaydada pozulmuşdur. İddiaçı bildirir ki, ona məxsus qızıl-zinət əşyaları cavabdeh tərəfdə qalmışdır. Tərəflər arasında nikah pozulduqdan sonra iddiaçı ilə cavabdeh və onun ailə üzvləri arasında 202-2023-cü illərdə qarşılıqlı məhkəmə çəkişmələri olmuşdur. İdidaçı tələbinin əsası kimi qızıl-zinət əşyalarının görüntüsü əks olunan fotoşəkillərə əsaslanır. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir və bildirir ki, qızıl-zinət əşyaları oğurlanmışdır. Tərəflərin izahatlarından müəyyən edilir ki, 2012-ci ildə onların yaşadıqları evdə oğurluq hadisəsi ilə bağlı polisə müraciət edilmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
14. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İddiaçı tələbində ona əsaslanır ki, o cavabdehlərə məxsus olan yaşadığı evdən məcburi çıxarılarkən qızıl-zinət əşyalarını özü ilə götürməmişdir. Sonradan, həmin əşyaları götürmək istəsə də, cavabdeh tərəf onları verməkdən imtina etmişdir. İşə əlavə edilmiş sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 nikahı məhkəmə qaydasında 2021-ci ildə pozulmşdur. İddiaçı tərəfin izahatından o da müəyyən edilir ki, onun Cavabdeh1la münasibətləri nikahları məhkəmə qaydasında pozulmamışdan daha əvvəl faktiki olaraq pozulmuşdur. Həmçinin, o da müəyyən edilir ki, iddiaçı cavabdehlərə məxsus evi özü tərk edib getmişdir. Sonradan isə, elə nikah pozulan ildə də, tərəflər bir-birilərinə qarşı məhkəmə mübahisələri açmışlar. Beləliklə, işin faktiki hallarından görünən odur ki, tərəflər artıq 2021-ci ildən mübahisəli vəziyyətdə olmuşar, iddiaçının cehiz əşyaları məhkəmə qaydasında cavabdehlərə məxsus evdən çıxarılmış, eyni zamanda iddiaçının həmin evə köçürülmə tələbi də təmin edilməmişdir. İddiaçı hazırkı tələbi həmin vaxtı cavabdehlərə qarşı qaldırmamasının səbəbini məhkəmə proseslərinin bitməsini gözləməsi ilə əlaqələndirir. Məhkəmə iddiaçı tərəfin mövqeyini inandırıcı hesab etmir. Ona görə ki, artıq 2021-ci ildə iddiaçıya qarşı cehiz əşyalarının evdən çıxarılması tələbi qaldırılarkən qızıl-zinət əşyaları ilə bağlı cavabdehlərə qarşı heç bir tələbi olmamış, iddiaçı bu tələbini yalnız 2024-cü ilin 5-ci ayında qaldırmışdır. İşin bütün bu hallarını nəzərə alaraq, eyni zamanda qızıl-zinət əşyalarının həqiqətən də cavabdehlərdə qalmasına dəlalət edən hər hansı əsaslı dəlilin olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi formal mülahizələrə əsaslanımşdır və təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi :
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 120 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov