Məhkəmə qərarları › İş №2(010)-1587/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1587/2025

02.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1587/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus “OPEL ASTRA” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil, həmin avtomobil olmadıqda isə onun dəyəri olan 4500 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona məxsus “OPEL ASTRA” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 13 avqust 2022-ci il tarixdə o, xüsusi mülkiyyət hüququ ilə ona (iddiaçıya) məxsus olan “Opel Astra” markalı avtomobili Cavabdeh 1 il müddətinə idarə etmək üçün vermiş, həmin müddətin keçməsinə baxmayaraq cavabdeh ona məxsus avtomobili geri qaytarmamışdır. Razılıqlarına əsasən cavabdeh 1 il müddətində avtomobildən özü istədiyi kimi istifadə edə bilər, lakin bu müddət ərzində o avtomobilə lazımi texniki xidməti göstərməli, avtomobili saz saxlamalı, müddətin sonunda isə avtomobili ona qaytarmalı idi. Bu əsaslarla o mülkiyyətində olan avtomobili 13 avqust 2022-cü ildə Cavabdeh vermiş və həmin tarixdə də avtomobili idarə etməsi üçün notariat kontorunda ona bu barədə etibarnamə də vermişdir. Bundan sonra isə cavabdeh avtomobili aparmış, müddət bitdikdən sonra ondan avtomobili tələb etsə də, o avtomobili geri qaytarmamış, dəfələrlə ondan avtomobili tələb etsə də o, iddiaçının tələbinə əhəmiyyət verməmişdir. Hətta cavabdeh ona məxsus avtomobili qanunsuz idarə etdiyinə görə həmin avtomobillə pozulmuş bütün yol hərəkəti qaydalarına dair inzibati xəta haqqında protokollar adına tərtib edilmiş, ona xeyli miqdarda inzibati cərimə təyin edilmişdir. O, dəfələrlə Baş Dövlət Yol Polis İdarəsinə bu barədə məktub ünvanlayaraq avtomobilin saxlanılıb ona təhvil verilməsini tələb etsə də, bu vaxta qədər avtomobil saxlanılaraq ona təhvil verilməmişdir. Cavabdeh, onun mülkiyyətində olan avtomobili ona qaytarmayaraq onun mülkiyyət hüquqlarını pozmuş, bununla da onun avtomobilini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Ona məxsus avtomobilin 4500 manat dəyəri vardır ki, cavabdehdən həmin avtomobili almaq mümkün olmadıqda, həmin avtomobilin dəyərini ona ödəməlidir. Qeyd olunanlara əsasən iddi tələbinin təmin olunmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

4. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, ona məxsus olan “OPEL ASTRA“ markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil halhazırda cavabdehin istifadəsindədir. Cavabdeh sözügedən avtomobili etibarnaməsi olmadan idarə edir və avtomobilə görə cərimələr hesablanmışdır. Cərimənin məbləği isə 3500 manatdır. O, sözügedən avtomobili alqı-satqı müqaviləsi bağlanmasa da, etibarnamə əsasında Şahid1 4500 manata satmışdır. Avtomobilin duracağa yerləşdirilməsini qeyd edərək, iddianın təmin olunmasını xahiş etmişdir.

5. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, vicdanlı alıcı kimi ödəniş edərək avtomobili almışdır. Belə ki, o, iddiaçını tanımır və avtomobili Şahid1 almışdır. Şahid1 maşının onun adına rəsmiləşdirməli olduğunu bildirsə də, belə bir rəsmiləşdirmə həyata keçirilməmişdir. 2019-cu il tarixli etibarnamə bir il müddətinə verilmiş, sonuncu etibarnamə isə xx.xx.2023-cü ilədək qüvvədə olmuşdur. Hal-hazırda iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

Şahid İfadələri

6. Şahid2 əvvəlki məhkəmə iclasında ifadə verərək, bildirmişdir ki, cavabdeh onun atasıdır, qarşı tərəfi isə tanımır. Belə ki, avtomobili Şahid1 alınmışdır. O, avtomobil almaq üçün maraqlandıqda ona, Şahid1 sözügedən avtomobilin olması haqqında məlumat verilmişdir. Avtomobil alınan zamanı o iddiaçı tərəfi görməmişdir. Həmin vaxt, o, qardaşı, qardaşının dostu və Şahid1 orada olmuşdur. 2019-cu il tarixdə Yeni Suraxanı qəsəbəsində 12 saylı xəstəxanın qarşısında avtomobilin pulunu verərək avtomobili götürmüşdür. Avtomobil ona nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti ilə etibarnamə əsasında verilmiş, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamasının səbəbi isə mövcud borcun tam ödənilib qurtarmaması olmuşdur.

7. Şahid1 əvvəlki məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh sözügedən avtomobili onun adına etibarnamə olmadan sürdüyü üçün, cərimələr İddiaçı adına yazılmışdır, bu səbəbdən də o, məhkəməyə müraciət etmişdir. Sözügedən avtomobili 4-5 il bundan əvvəl İddiaçı etibarnamə ilə almış və daha sonra etibarnamə əsasında avtomobili satmışdır. Avtomobilin satışı zamanı alqı-satqı müqaviləsi bağlanmamışdır.

İş materialları.

8. xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, mülkiyyətçi İddiaçı adından onun verdiyi etibarnamə əsasında etibar edilən Şahid1 tərəfindən Cavabdeh nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti xx.xx.2023-ci il tarixinədək verilmişdir.

9. xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən müəyyən olunur ki, mülkiyyətçi olan İddiaçı adından onun verdiyi etibarnamə əsasında etibar edilən Şahid1 tərəfindən Şahid2 nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti xx.xx.2022-ci il tarixinədək verilmişdir.

10. Qeydiyyatda olan nəqliyyat vasitələri haqqında arayışın surətindən müəyyən olunur ki, «OPEL ASTRA» markalı, ** NE *** dövlət qeydiyyat nişanlı (istehsal ili 1995, ban № W0L000051S2776535) avtomobil xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir.

11. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, Ağdam rayonundan məcburi köçkün Cəfərli X1 rayonu, Yeni Suraxanı qəsəbəsi, Keçmiş Boru Təmiri zavodunda müvəqqəti məskunlaşmışdır.

İşin faktiki halları.

12. İşin faktiki hallarından görünür ki, «OPEL ASTRA» markalı, ** NE *** dövlət qeydiyyat nişanlı minik avtomobili (istehsal ili 1995, ban № W0L000051S2776535) İddiaçı mülkiyyətindədir. Mülkiyyətçi İddiaçı özünün verdiyi izahata görə mübahisəli avtomobili verdiyi etibarnamə əsasında etibar edilən Şahid1 4500 manata satmış, lakin həmin avtomobilə dair alğı-satqı müqaviləsi bağlanmamışdır. Şahid1 həmin avtomobili iddiaçının verdiyi etibarnamə əsasında qeyri-rəsmi olaraq Cavabdeh satmışdır. Cavabdeh nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti xx.xx.2023-ci il tarixinədək verilmişdir. Avtomobilə dair verilmiş etibarnamənin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Maddə 181. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğısatqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Maddə 650. Daşınmaz əşyaların alğı-satqısı haqqında müddəaların rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alğı-satqısına tətbiqi Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 362. Etibarnamə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 365. Etibarnaməyə xitam verilməsi 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.1. etibarnamənin müddətinin bitməsi; Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı.

Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

18. İşin faktiki hallarından görünür ki, «OPEL ASTRA» markalı, ** NE *** dövlət qeydiyyat nişanlı minik avtomobili (istehsal ili 1995, ban № W0L000051S2776535) İddiaçı mülkiyyətindədir. Mülkiyyətçi İddiaçı özünün verdiyi izahata görə mübahisəli avtomobili verdiyi etibarnamə əsasında etibar edilən Şahid1 4500 manata satmış, lakin həmin avtomobilə dair alğı-satqı müqaviləsi bağlanmamışdır. Şahid1 həmin avtomobili iddiaçının verdiyi etibarnamə əsasında qeyri-rəsmi olaraq Cavabdeh satmışdır. Cavabdeh nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti xx.xx.2023-ci il tarixinədək verilmişdir. Avtomobilə dair verilmiş etibarnamənin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır.

19. Məhkəmə hesab edir ki, hazırkı halda mübahisəli avtomobilə dair iddiaçı tərəfindən Şahid1 avtomobilə dair hansı səlahiyyətlərin verilməsi ilə bağlı məhkəmədə məlumat olmasa da, Şahid1 tərəfindən cavabdehə yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Cavabdeh tərəf həmin avtomobilin ona şifahi qaydada satıldığını və buna dair etibarnamə verildiyini bildirsə belə, məhkəmə hesab edir ki, həmin alqısatqı müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun bağlanmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

20. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda, iddiaçı ilə üçüncü şəxs arasında və üçüncü şəxs ilə cavabdeh arasında avtomobilin alğı-satqı müqaviləsinin mövcud olması qeyd edilsə də, həmin müqavilənin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun bağlanması vacibdir. Lakin həm iddiaçı, həmdə cavabdeh tərəfindən təqdim olunmuş sübutlardan bu hal müəyyən olunmamışdır.

21. Məhkəmə hesab edir ki, mübahisəli avtomobil üzərində iddiaçının mülkiyyət hüquqları mövcuddur və həmin avtomobil etibarnamə əsasında sonuncu olaraq cavabdehin istifadəsinə və sahibliyinə verilmişdir. Tərəflərin təqdim etdikləri sübutlardan əmlakın özgəninkiləşdirilməsinə dair etibarlı əqdin mövcudluğu müəyyən olunmadığından cavabdehin həmin əmlak üzərində mülkiyyət hüquqları mövcud ola bilməz. Hazırda həmin etibarnamənin müddəti bitdiyindən həmin avtomobil cavabdehdən alınaraq mülkiyyətçiyə geri qaytarılmalıdır.

Məhkəmə xərcləri.

22. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndirilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, «OPEL ASTRA» markalı, ** NE *** dövlət qeydiyyat nişanlı minik avtomobili (istehsal ili 1995, ban № W0L000051S2776535) İddiaçı mülkiyyətində olduğundan, nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı qaytarılmalı və ödənilmiş 65 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin olunsun. «OPEL ASTRA» markalı, ** NE *** dövlət qeydiyyat nişanlı minik avtomobili (istehsal ili 1995, ban № W0L000051S2776535) Cavabdeh alınaraq İddiaçı qaytarılsın. İş üzrə ödənilmiş – 65 (altmış beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar