Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1651/2020 06.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Tural Nurulla oğlu Məmmədovun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlislam qızına qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın və cehiz əmlakın götürülməsi tələbinə dair mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlislam qızına qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın və cehiz əmlakın götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etdikləri və cavabdehin adına rəsmiləşdirilmiş “Mitsubishi Pajero” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə cavabdehin mülkiyyət hüquqlarının tanınması, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzildə olan siyahıda göstərilən cehiz əşyalarının qaytarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında nikah Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Həmi nikah Yasamal Rayon Məhkəməsinin 2 (004)-5293/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin nikahdan tərəflərin bir uşağı - xx xxxxx 2018-ci il təvəllüdlü X1 doğulmuşdur. Azyaşlı uşaq, yuxarıda qeyd olunan qətnamə ilə nikah pozulduqdan sonra anasının himayəsində saxlanılmışdır. Tərəflərin birgə nikah zamanı ailənin ümumi büdcəsindən 2018-ci ildə “Mitsubishi Pajero” markalı **-NM-*** dövlət qeydiyat nişanlı avtomobili əldə etmişlər. DİN BDYPİ-dən alınan məlumata əsasən həmin avtomobil hazırda da, Cavabdeh1 sahibliyi və istifadəsindədir. İddia tələbinin ikinci hissəsi iddiaçının cehiz əmlakı ilə bağlıdır. Belə ki, iddiaçı cavabdehlərin yaşadığı və Qızılgül Nəsrovanın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə gəlin köçürülmüşdür və özü ilə cehiz əmlak gətirərək həmin ünvanda yerləşdirmişdir. İddiaçı nikah pozulduqdan sonra həmin mənzildə yaşamır, özünə məxsus əmlaka sahiblik edə bilmir. Dəfələrlə bu barədə cavabdehlərə bildirsə də, onlar əmlakı könüllü verməkdən imtina etmişlər. Daha sonra, sahə inspektorunun iştirakı və müşahidəsi ilə əmlakı götürməyə getsə də, cavabdeh qapını açmamış, iddiaçıya əmlakını götürməyə maneə yaratmışdır. Cehiz əmlak aşağıdakı əşyalardan ibarətdir: “Pırlanta” markalı Türkiyə Cümhuriyyətinin istehsalı olan qonaq otağı və yataq otağı mebel dəsti-5000 AZN, divan-800 AZN, 2 ədəd “Shivaki” markalı televizor-2400 AZN, “Samsung” markalı tozsoran-170 AZN, “Panasonic” markalı ətçəkən maşın-200 AZN, “Eglo” mağazasından alınmış 2 ədəd çilçıraqlar-1200 AZN+600 AZN = 1800 AZN, “Vitak” markalı multivarka-150 AZN, “Gorenje” markalı ütü-80 AZN, yataq və qonaq otağı üçün pərdələr-2400 AZN=800 AZN, digər- qazanlar, tavalar, bogemalar, stəkanlar, nəlbəkilər, yataq dəstləri, serviz, bokallar, vazalar və ütü masası. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə dərək, tələbin hər iki hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini avtomobilin ½ hissəsinə iddiaçının mülkiyət hüquqlarının tanınnması hissəsinə etiraz etdiklərini, tələbin cehiz əşyaları ilə bağlı hissəsini isə qəbul etdiklərini bildirərək, iddia tələbində göstərilən cehiz əşyalarının cavabdehlərə məxsus evdə olduğunu və həmin əşyaların iddiaçıya verilməsinə etiraz etmədiklərini bildirdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2 (004)-5293 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı nikahın pozulması, uşağın valideyn himayəsində qalması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4792 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur... Həmin qətnamə ilə müəyyən edilir ki, tərəflər “3 saylı Bakı ASAN xidmət” mərkəzinin qeydiyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 173205 saylı nikah haqqında şəhadətnamə əsasında xx.xx.2016-cı il tarixdə nikah bağlayaraq ailə münasibətlərinə girmişlər. -Daxili İşlər Nazirliyi Baş Dövlət X3 xx.xx.2019-cu il tarixli, 112194-1219 saylı vəkil sorğusuna cavabından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 adına xx.xx.2018-ci il tarixdən “Mitsubishi Pajero” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşlar, xx.xx.2019-cu il tarixində nikahları məhkəmə qaydasında pozulmuşdur. İddia tələbinin birinci hissəsini birgə nikah dövründə əldə edilmiş avtomobilin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasını, ikinci hissəsini cavabdehlərə məxsus mənzildən cehiz əşyalarının götürülməsi təşkil edir. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, Ailə Məcəlləsinin 32.1.-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.-ci maddəsinə əsaən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. İşdən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan “Mitsubishi Pajero” markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə rəsmi qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh1 arasında nikah xx.xx.2016-cı il tarixində bağlandığına görə xx.xx.2018-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan avtomobil birgə nikah dövründə əldə edilmiş hesab edilməli və həmin avtomobilə iddiaçının ½ hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İddia tələbinin cehiz əşyaları ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi? Beləliklə, məhkəmə hesab edir ki, tələb edilən əşyaların iddiaçıya məxsus olması və onların cehiz əşyaları kimi cavabdehlərə məxsus mənzildə olması cavabdeh tərəfin etirafı ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, həmin əşyalar iddiaçıya məxsus olduğundan cavabdeh tərəfdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə aldıqları və Cavabdeh1 adına rəsmiləşdirilmiş “Mitsubishi Pajero” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə Cavabdeh1 mülkiyyət hüququ müəyyən edilsin. Cavabdeh2 Əlislam qızına məxsus ünvan 1 ünvanında yerləşən mənzildə olan İddiaçı məxsus “Pırlanta” markalı Türkiyə Cümhuriyyətinin istehsalı olan qonaq otağı və yataq otağı mebel dəsti, divan, 2 ədəd “Shivaki” markalı televizor, “Samsung” markalı tozsoran, “Panasonic” markalı ətçəkən maşın, “Eglo” mağazasından alınmış 2 ədəd çilçıraqlar, “Vitak” markalı multivarka, “Gorenje” markalı ütü, yataq və qonaq otağı üçün pərdələr, qazanlar, tavalar, bogemalar, stəkanlar, nəbləkilər, yataq dəstləri, serviz, bokallar, vazalar və ütü masası götürülərək İddiaçı qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1651/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1651/2020
06.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver