Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1704/2024 23.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ İş № 2(010)-1704/2024 Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 23 aprel 2024-cü il Bakı şəhəri Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X5 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi Ərizəçinin nümayəndəsi və vəkili tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X5 xx.xx.2023-cü il tarixdə ölməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və xx.xx.2022-ci il tarixli vəsiyyətnaməyə əsasən öz əmlakını ona vəsiyyət etmişdir. Həmin şəxs ölən zaman təcili tibbi yardım çağırılmamışdır, bu səbəbdən ölüm faktını təsdiq edən tibbi sənəd mövcud deyildir. X5 ölüm faktının qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamənin olması zəruridir. xx.xx.2024-cü il tarixdə onun tərəfindən Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsinə X5 ölüm faktının qeydə alınması ilə bağlı müraciət ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, X11 barəsində ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölüm faktının müəyyən edilməsindən imtina edilmiş, ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olması qeyd olunmuşdur. Hazırda miras əmlak üzrə ona vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı müəyyən sənədləşmə işləri ilə əlaqədar olaraq ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək bildirdi ki, arayışdan görünür ki, şəxs ölmüş, lakin qohumları ölüm faktının müəyyən olunması üçün müraciət etməmişlər. Həmin arayışın əsli ərizəçinin digər qohumlarındadır, lakin dəqiq olaraq hansı qohumunda olması ilə bağlı məlumat onlara məlum deyildir. Vəfat edən şəxs onkoloji xəstəlikdən əziyyət çəkmişdir. Qohumlarının sözlərinə görə vəfat edən şəxsin öz xəstəliyindən məlumatı olmuş, rayona qohumlarının yanına getmiş və orada vəfat etmişdir. Rayonda həmin şəxsin dəfn olunduğu yerin fotoşəkilləri də iş materiallarına əlavə edilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Suraxanı rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, ərizəçi Xəlfənin gəlini sayılır. O isə Xəlfəylə qonşu olmuş və xəstə olarkən ona baş çəkmişdir. Sonradan eşitmişdir ki, Xəlfə rayona getmiş və orada vəfat etmişdir. Xəlfənin vəfatından sonra ərizəçi burada cümə axşamları keçirmişdir ki, onun ailə üzvləri həmin mərasimlərdə iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, ərizəçi onların gəlinidir. Xəlfə isə onun ögey atasıdır. Xəlfə xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Arada Xəlfə ilə telefon vasitəsilə danışıqlar aparmış və Xəlfə ona demişdir ki, öz vətəninə gedib orada dincəlmək, hava almaq istəyir. Daha sonra Xəlfə Ağcabədi rayonuna getmiş, bir neçə gün sonra eşitmişlər ki, Xəlfə rəhmətə getmişdir. O, Xəlfənin dəfn və yas mərasimlərində də iştirak etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Ağdam Rayon Mərkəzi X10 X4 X14 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tibbi arayışdan müəyyən olunur ki, təcili tibbi yardım briqadası çağırış üzrə ünvana çatmış, xəstə X5 həkimə qədər öldüyü müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən X1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-Ə-15-10 nömrəli cavab məktubundan müəyyən olunur ki, ona ölüm faktının təsdiq edilməsi ilə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri izah edilmiş və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Bərdə şəhəri “İmamzadə” məscidi dini icması tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 05 nömrəli arayışdan müəyyən olunur ki, ünvan 4 ünvanında yaşayan mərhum X11 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, cənazəsi Bərdə şəhərində şəhidlər qəbirstanlığının cənub hissəsinə gətirilərək dəfn edilmişdir. 5 ədəd fotoşəkildən üzərində “X3. xx.xx.1951-xx.xx.2023” yazılan qəbir daşı görünür. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli vəsiyyətnamənin surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında qeydiyyatda olan X11 ölən günədək ona məxsus olan ünvan 6 ünvanında yerləşən 4 saylı mənzilini xx.xx.1973-cü il təvəllüdlü Ərizəçi vəsiyyət etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən X5 ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi X5 ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi qızının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər ölümün baş verdiyi gün ünvana çağırış üzrə gedən təcili və təxirəsalınmaz X14 əməkdaşları tərəfindən verilmiş həkimə qədər ölümə dair tibbi arayış, mərhumun qəbiristanlıqda dəfn edilməsinə dair yerli icra nümayəndəliyinin təsdiqlədiyi akt, qəbir daşının fotoşəkli ilə təsdiq edilmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum bacısının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1951-ci il tarixdə Laçın rayonun Danbulaq kəndində anadan olmuş X5 xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunda ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1951-ci il tarixdə Laçın rayonun Danbulaq kəndində anadan olmuş X5 xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva