Məhkəmə qərarları › İş №2(010)-185/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-185/2022

19.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-185/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19 yanvar 1972-ci ildə Bakı şəhərində anadan olmuş qardaşı X3 10 avqust 2019-cu ildə ünvan 1 ünvanda ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumtlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, 19 yanvar 1972-ci ildə Bakı şəhərində anadan olmuş qardaşı X1 qəfildən pisləşmiş və qardaşına tibbi yardım göstərilməsi üçün təcili tibbi yardıma müraciət etmişlər. Lakin təcili tibbi yardım gələnədək qardaşı evdə vəfat etmişdir. Onlar qardaşını Bakı şəhəri, Bülbülə qəsəbəsində yerləşən qəbristanlıqda dəfn etmişlər. Bu faktı bütün qohumlar da təsdiq edə bilərlər. Qardaşlarının vaxtsız ölməsi onları sarsıtdığından və başları hüzr məclisinə qarışdığından X3 ölməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan sənədləri vaxtında toplayıb ölümün qeydiyyata alınması üçün Qeydiyyat Şöbəsinə təqdim edə bilməmişlər. Bir müddət keçəndən sonra vərəsəlik işinin həll olunması üçün qardaşı X3 ölüm haqqında şəhadətnaməsi tələb olunan zaman Maraqlı şəxsnə müraciət etmişlər və onlara imtina cavabı verilmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, X5 onun qardaşıdır. Qardaşı ağciyər xərçəngindən əziyyət çəkirdi və 10.08.2019-cu ildə vəfat etmişdir.O bir bacı kimi dəfndə də iştirak etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidi dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Suraxanı RPİ tərəfindən verilmiş AZE seriyalı 09942375 nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X5 19 yanvar 1972-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Təcili və X4 Stansiyasının 11 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 10.08.2019-cu il tarixdə, saat 18:05-də ünvan 2 ünvanına X5 adına çağırış olub. Çağırış yerinə gələn 11 saylı bölmənin həkimi kişi cinsli meyit aşkar etmişdir. Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsi tərəfindən 14.01.2022-ci il tarixdə verilmiş 12 №-li arayışdan görünür ki, X2 qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin X6 ünvanladığı 13.12.2019-cu il tarixli, 811 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydasf’nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək məsləhət görülür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinin tələbinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, X3 10 avqust 2019-cu il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun qardaşının ölüm faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X3 10 avqust 2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar