Məhkəmə qərarları › İş №2(010)-1909/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1909/2024

07.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1909/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi maraqlı şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətina qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mediasiya prosesi nəticəsində onunla "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixli, MŞB/8/2023-02690 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, mediasiya prosesi nəticəsində onun və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixli, MŞB/8/2023-02690 saylı barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən 3379 manat vəsait mərhələli şəkildə ona maraqlı şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli idi. Lakin maraqlı şəxs öhdəliyini yerinə yetirməmişdir. Belə ki, həmin xx.xx.2024-cü il tarixdən 12 gün keçməsinə baxmayaraq heç bir ödəniş edilməmişdir. Bununla da "xxxx" Qapalı Səhmdar Cəmiyyəti həmin barışıq sazişinin şərtlərini pozmuşdur. Qeyd edilənə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (İkinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2023-02690 nömrəli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: “1. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (sabiq işəgötürən) keçmiş işçisi olan Ərizəçi son haqq-hesab üzrə 3379 (üç min üç yüz yetmiş doqquz) manat borcun xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 500 manat (sonuncu ay 379 manat) olmaqla hissə-hissə ödənilməsini öhdəsinə götürür.

2. Bu sazişin 1-ci bəndində göstərilən ödənişlər Birinci tərəf Ərizəçi aid bank kartına köçürülməsi yolu ilə ödənilir.

3. Hazırki Barışıq sazişi imzalandığı andan Birinci tərəf olan Ərizəçi İkinci tərəf "xxxx" QSC-yə qarşı bu mübahisə ilə bağlı digər tələbin (işə bərpa) imtina etdiyini və gələcəkdə bu mübahisə ilə bağlı heç bir iddiaların olmayacağını təsdiq edir.

4. Tərəflər bu mübahisənin məhkəmədənkənar qaydada, Tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edirlər. Barışıq sazişinin şərtləri icra olunmadığı təqdirdə Tərəflər məhkəməyə müraciət etmək (sazişi təsdiqləmək) hüququnu özündə saxlayırlar”. xx.xx.2024-cü il tarixli, 11383 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları Ərizəçi və maraqlı şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə, MŞB/8/2023-02690 saylı barışıq sazişi bağlanmışdır. Mediasiya sazişinin şərtlərinə uyğun olaraq ərizəçiyə ödənişlər xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri arasında ödənilməlidir. İlk ödəniş xx.xx.2024-cü il tarixdə ödənilməli olduğu halda, bu ödəniş həyata keçirilməmişdir. Bununla da barışıq sazişi üzrə ikinci tərəf "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barışıq sazişi ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Maddə 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün tərəflər arasında müddət müəyyən edilmişdir. Belə ki, ilk ödənişin xx.xx.2024cü il tarixində ödənilməsi barışıq sazışı ilə müəyyənləşdirilmiş, lakin həmin tarixdən 12 gün (ərizə məhkəməyə verilən günədək) keçməyinə baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, qanunazidd deyildir, Həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə isə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə həmin saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Qanun yalnız iki halda məhkəmələrə mediasiyada bağlanmış barışıq sazişinin təsdiqindən imtina etmək səlahiyyəti vermişdir. Bunlardan biri sazişin və ya onun bir hissəsinin qanuna zidd olduğu, digəri isə sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduğu hallardır. Yəni qanun məhkəmələrə sazişin və ya onun bir hissəsinin mediasiya iştirak edən tərəfin hüquqlarına toxunduğu hallarda onun təsdiqindən imtina səlahiyyəti verməmişdir. Ona görə ki, barışıq sazişi tərəflər arasında könüllü bağlanır və onların müstəqil iradə ifadəsinə əsaslanır. Bu baxımdan saziş bağlandığı vaxt tərəflərdən birinin iradə ifadəsinin zədələndiyinin sübuta yetirildiyi hallar istisna olmaqla (Çünki bu halda saziş qanuna zidd bağlanmış olur), saziş, sonradan saziş tərəflərindən birinin maraqlarına uyğun olmasa belə təsdiq edilməlidir.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/8/2023-02690 saylı barışıq sazişi təsdiq edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Ərizəçi ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

Qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2023-02690 nömrəli barışıq sazişinin aşağıdakı bəndləri təsdiq edilsin: “1. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (sabiq işəgötürən) keçmiş işçisi olan Ərizəçi son haqq-hesab üzrə 3379 (üç min üç yüz yetmiş doqquz) manat borcun xx.xx.2024 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 500 manat (sonuncu ay 379 manat) olmaqla hissə-hissə ödənilməsini öhdəsinə götürür.

2. Bu sazişin 1-ci bəndində göstərilən ödənişlər Birinci tərəf Ərizəçi aid bank kartına köçürülməsi yolu ilə ödənilir.

3. Hazırki Barışıq sazişi imzalandığı andan Birinci tərəf olan Ərizəçi İkinci tərəf "xxxx" QSC-yə qarşı bu mübahisə ilə bağlı digər tələbin (işə bərpa) imtina etdiyini və gələcəkdə bu mübahisə ilə bağlı heç bir iddiaların olmayacağını təsdiq edir.

4. Tərəflər bu mübahisənin məhkəmədənkənar qaydada, Tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edirlər. Barışıq sazişinin şərtləri icra olunmadığı təqdirdə Tərəflər məhkəməyə müraciət etmək (sazişi təsdiqləmək) hüququnu özündə saxlayırlar”. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, 11383 nömrəli mədaxil qəbzi) maraqlı şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar