Məhkəmə qərarları › İş №2(010)-1941/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1941/2025

03.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1941/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi Abuşova X6 Sirac Şakir oğlu maraqlı şəxs qismində cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01812 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, maraqlı şəxs Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X7 anadan olmuşdur. Mediasiya prosesi nəticəsində aralarında olan məsələlərin, o cümlədən nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment barədə xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01812 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən: (Birinci tərəf: X5; İkinci tərəf: Cavabdeh) – 1. Birinci tərəf: X5 ikinci tərəf Cavabdeh ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 onun (ananın) X2 yanında (himayəsində) qalmasına razıdır. 2. Birinci tərəf: X5 birgə nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəf Cavabdeh ona xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər növbəti ayın 10-dək 220 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini onun təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəf Cavabdeh götürdüyü öhdəliklə razıdır. 3. İkinci tərəf: Cavabdeh birinci tərəf X5 ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 (anası) X2 yanında (himayəsində) qalmasına razıdır və buna etiraz etmir. 4. İkinci tərəf: Cavabdeh birinci tərəf X5 ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəf X4 xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər növbəti ayın 10-dək 220 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəf X2 ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. 5. Birinci tərəf X5 ikinci tərəf Cavabdeh bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edirlər. Birinci tərəf X5 nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öz üzərinə öhdəlik götürür. İkinci tərəf Cavabdeh buna razıdır və etiraz etmir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-545/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikah məhkəmə qaydasında pozulmuşdur. Aralarında barışıq sazişi bağlanandan Cavabdeh bir neçə ay aliment ödədikdən sonra alimentin ödənilməsini dayandırmışdır. Artıq 1 ildir ki, Cavabdeh uşağın saxlanılması üçün razılaşdırılmış alimenti ödəmir. Bununla bağlı dəfələlər cavabdehə müraciət etsə də, Cavabdeh alimenti ödəməkdən yayınır və üzərində məsuliyyət olmadığından buna tam arxayınlıqla edir. Bu səbəbdən aralarında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiqlənməsinə və icraya yönədilməsinə zərurət yaranmışdır ki, Cavabdeh məcburi icra qaydasında müəyyən olunmuş alimentin alınması həyata keçirilsin. Çünki, uşağın saxlanılması üçün yalnız onun maddi vəziyyəti kifayət etmir. Ərizənin dəqiqləşdirilməsi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01812 saylı barışıq sazişinin alimentin ödənilməsinə dair hissədə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları X5 (birinci tərəf) və Cavabdeh (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01812 nömrəli barışıq sazişinin şərtləri aşağıdakılardır: “1. Tərəflər: Birinci tərəf (X5) ikinci tərəf (Cavabdeh) bu sazişi imzalamaqla Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd olunmuş xx.xx.2021-ci il tarixli, 265 nömrəsi ilə qeyd edilmiş nikahın pozulmasına (ləğv edilməsinə) razıdırlar.

2. Birinci tərəf (X5) ikinci tərəf (Cavabdeh) ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 onun (ananın) X2 yanında (himayəsində) qalmasına razıdır.

3. Birinci tərəf (X5) birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəf (Cavabdeh) ona xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər növbəti ayın 10-dək 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini ikinci tərəfə (Cavabdeh) təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin (Cavabdeh) götürdüyü öhdəliklə razıdır.

4. İkinci tərəf (Cavabdeh) birinci tərəf (X5) ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 (anası) X2 yanında (himayəsində) qalmasına razıdır və buna etiraz etmir.

5. İkinci tərəf (Cavabdeh) birinci tərəf (X5) ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəfə (X5) xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər növbəti ayın 10-dək 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin (X5) ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür.

6. Tərəflər: Birinci tərəf (X5) və ikinci tərəf (Cavabdeh) bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edirlər. Birinci tərəf (X5) nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öz üzərinə öhdəlik götürür və ikinci tərəf (Cavabdeh) buna razıdır və etiraz etmir”. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-545/2024 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilmiş, iddiaçı X5 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 265 saylı nikahın pozulması qət edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişində nəzərdə tutulmuş alimentin ödənilməsi xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 10-dək müəyyənləşdirilmişdir. Hazırda ərizəçi barışıq sazişinin alimentin ödənilməsinə dair bəndinin məhkəmə qaydasında təsdiq edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir.

Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün tərəflər arasında müddət müəyyən edilmişdir. Həmin barışıq sazişi ilə tərəflər bir sıra məsələlərlə yanaşı, yetkinlik yaşına çatmayan uşaqları üçün alimentin məbləği və ödənilməsi qaydasını də razılaşmışlar. Belə ki, sazişin 5-ci bəndi ilə Cavabdeh xx.xx.2020ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər növbəti ayın 10-dək X4 hər ay 220 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Barışıq sazişi ilə razılaşdırılmış aliment məbləğinin ödənilməsi üçün 10 gün könüllü icra müddəti müəyyən edilmiş, hazırkı iş üzrə maraqlı şəxs tərəfindən bir neçə ay ödənişlər edilsə də, növbəti ayların nəzərdə tutulan aliment ödənişi ödənilməmişdir. Nəticədə sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi sazişin müvafiq bəndinin təsdiqi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin müvafiq bəndinin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, qanunazidd deyildir, həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə isə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin müvafiq bəndi məcburi icranın təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Qanun yalnız iki halda məhkəməyə mediasiyada bağlanmış barışıq sazişinin təsdiqindən imtina etmək səlahiyyəti vermişdir. Bunlardan biri sazişin və ya onun bir hissəsinin qanuna zidd olduğu, digəri isə sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduğu hallardır. Yəni, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi yalnız prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. İradə ifadəsi zədələnmiş, yaxud barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ümumi qaydada iddia qaldırmaq hüququna malikdir.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01812 nömrəli barışıq sazişinin alimentə dair hissəsi (5-ci bəndi) təsdiq edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Quliyeva (Abuşova) Aynur Vaqif qızı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-01812 nömrəli barışıq sazişinin aşağıdakı bəndi təsdiq edilsin: “...5. İkinci tərəf (Cavabdeh) birinci tərəf (X5) ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəfə (X4) xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər növbəti ayın 10-dək 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin (X2) ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür...” Qətnamə dərhal icra edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar