Məhkəmə qərarları › İş №2(010)-202/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-202/2020

09.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-202/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərdiyi ona məxsus 17616 manat dəyərində olan cehiz əmlakının və ona borclu olduqları 15000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasına dair ərizəsini məhkəməyə təqdim edərək 15000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi həcminin azaldılması Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X7 doğulmuşdur. Rəsmi nikaha daxil olduqdan sonra el adəti ilə cavabdehin yaşadığı evə gəlin köçmüşdür. Valideynləri tərəfindən ona verilmiş cehiz əmlakı gəlin köçməmişdən əvvəl onun qohumları tərəfindən həmin ünvana aparılaraq, yaşayacağı otaqlarda qurulmuş və bəzədilmişdir. Lakin Cavabdeh1 ilə aralarında olan nikah uğursuz olmuş və nikahın pozulması ilə bağlı məhkəmədə mülki iş vardır. Cavabdehin evindən çıxdığı zaman özü ilə birlikdə apardığı yataq mebel dəsti (şfoner, taxt-çarpayı, 2 ədəd tumboçka, güzgü trümo- 1 dəst- qiyməti 4560 manat, mətbəx stolu-250 manat, mikrosoba-qiyməti 400 manat, 1 ədəd yatatq otağı üçün pərdə -230 manat, 1 ədəd qonaq otağı üçün pərdə-350 manat, kiçik yataq otağı-90 manat, televizor-2700 manat, televizor- 430 manat, çilçıraq - 350 manat, çılşıraq-150 manat, qazan dəsti -200 manat, 2 ədəd tava-70 manat, 1 ədəd qab dəsti 600 manat, 1 ədəd qab dəsti-180 manat, çay dəsti-200 manat, qaşıq dəsti-180 manat, ətçəkən maşın-300 manat, ətçəkən maşın-250 manat, bıçaqlar -20 manat, şirə çəkən-190 manat, mikser, blender-170 manat, 2 ədəd padnos 71 manat, doğrama taxtası 23 manat, çaynik -55 manat, tefal çaynik-dəsti 130 manat, luninak qab dəsti 110 manat, su qabı,su stakanı, meyvə qabı -60 manat, xrustal qablar (çex ist.) 12 ədəd stakan nəlbəki 100 manat, 12 ədəd böyük bakal, 12 ədəd kiçik bakal, 2 ədəd mürəbbə qabı, 2 ədəd qənd qabı, 2 ədəd konfet qabı, 12 ədəd limon qabı, 12 nəlbəki, 12 ədəd armudu stəkan,12 ədəd çaşka, 2 ədəd meyvə qabı-3000 manat, 2 ədəd padnos -55 manat, digər xrustal qablar, çex-6 ədəd bakal-170 manat, xrustal çay dəsti (nəlbəki,stakan, mürəbbə qabı, qənd qabı) 720 manat, 6 ədəd bakal-210 manat, 6 ədəd bakal -120 manat, 6 ədəd bakal -160 manat, 20 ədəd dəsmal -670 manat, 7 dəst mətbəx dəsmalı-92 manat, 4 ədəd adyal- 190 manat, ümumilikdə 17.616 (on yeddi min altı yüz on altı) manat məbləğində cehiz əşyaları cavabdehin evində qalmışdır. Hal-hazırda özünə məxsus olan əmlakları evdən aparmışdır. Bundan başqa cavabdeh evini təmir etdirmək üçün onun (iddiaçının) atasından bankdan 15000 manat götürmək üçün ona kömək etməsini xahiş etmiş, onun atası isə qızının həmin evdə köçüb yaşamasına görə 15000 manata mübahisəli mənzili təmir etdirmişdir. Həmin mənzildə eyvanın sökülməsi və yenidən tikilməsi, eyvanda pəncərələrin dəyişməsi, döşəmənin vurulması (metlax), mənzildəki pəncərələrin dəyişməsi, döşəmə üçün taxtanın alınması, mənzildəki 4 qapının yenidən düzəldilməsi, alkipan işinin görülməsi və işıq sistemi yenidən yığılmışdır. Mənzilin təmir olunmasına və ustalara verilən pul onun atası tərəfindən toy hədiyyəsi olaraq verilmişdir. Buna görə də ona borclu olduqları 15000 manat məbləğində pul cavabdehlərdən alınaraq ona qaytarılmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X2 eyni məzmunlu izahat verərək bildirmişdir ki, İddiaçı onun qızıdır. Onun qızı ailə quran zaman ünvan 1 mənzil 79 ünvanındakı mənzili onun tərəfindən təmir olunmuşdur. Həmin mənzildə eyvanın sökülməsi və yenidən tikilməsi, eyvanda pəncərələrin dəyişməsi, döşəmənin vurulması (metlax), mənzildəki pəncərələrin dəyişməsi, döşəmə üçün taxtanın alınması, mənzildəki 4 qapının yenidən düzəldilməsi, alkipan işinin görülməsi və işıq sistemi yenidən yığılmışdır. Həmin mənzilin təmirini onun tərəfindən tutulmuş usta tərəfindən həyata keçirilmişdir və mənzilin təmirinə 15000 manat pul xərclənmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı gəlin köçdüyü evə ailə üzvləri ilə birlikdə gələrək ona iddiaçıya məxsus olan cehiz əşyalarını və əmlaklarını cavabdehin qohumlarının şahidliyi ilə aparmışlar. Bundan başqa həmin mənzil təmirlidir, lakin iddiaçı tərəfindən deyil, cavabdehlər tərəfindən təmir olunmuşdur. Həmin mənzilin iddiaçı tərəfindən təmir olunması ilə bağlı sübut təqdim olunmamışdır. Təyin olunmuş ekspertiza rəyi ilə razı deyildir, belə ki, ekspertiza rəyində qiymətlər şişirdilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehlərin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə şahid X4 ifadə verərək bildirmişdir ki, İddiaçı atası Akif ilə bir neçə ildir ki, dostluq edirlər. O qırx ilə yaxındır ki, usta kimi fəaliyyət göstərir. Bir gün Akif ona qızının ailə qurmasını və onun köçdüyü mənzilin təmirsiz olduğunu bildirmişdir və həmin mənzilin onun tərəfindən təmir olunmasını xahiş etmişdir. O başqa fəhlələrlə birlikdə həmin evi təmir etmişlər. Həmin mənzildə eyvanın sökülməsi və yenidən tikilməsi, eyvanda pəncərələrin dəyişməsi, döşəmənin vurulması (metlax), mənzildəki pəncərələrin dəyişməsi, döşəmə üçün taxtanın alınması, mənzildəki 4 qapının yenidən düzəldilməsi, alkipan işinin görülməsi və işıq sistemi yenidən yığılmışdır. Cavabdeh Təranə xanım isə onlar evi təmir edən zaman gəlib gedirdi. Həmin mənzilin təmir xərclərini X2 çəkmişdir. İş materiallarına əlavə edilmiş Asan 4 tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı, X7, Cavabdeh2 və Cavabdeh1 ünvan 2 mənzil 79 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-4706/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 4211 nömrəli ekspertiza rəyindən görünür ki,Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, 21B saylı evin, 79 mənzilində (hamam və tualetdən başqa) eyvanın sökülməsi və yenidən tikilməsi, eyvanda pəncərələrin dəyişməsi, döşəmənin vurulması (metlax), mənzildəki pəncərələrin dəyişməsi, döşəmə üçün taxtanın alınması, mənzildəki 4 qapının yenidən düzəlməsi, alçipan işlərinin görülməsi və işıq sisteminin yığılması kimi aparılan təmir işlərinin ümumi dəyərinin təqribən 14570,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6.-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7.-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8.-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1094-cü maddəsinə əsasən, əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı mübahisəli mənzilə gəlin köçərkən həmin mənzildə təmir işləri aparmaqla bu işlərə öz vəsaitini sərf etmiş, cavabdehlər isə heç hüquqi əsası olmadan, yəni əsassız varlanmaqla təmir xərclərini iddiaçıya verməkdən imtina etməkdə haqsızdır. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (MM-nin 21.1-21.3-cü mad.) Mülki qanunvericiliyin məzmunundan göründüyü kimi, vicdanlı sahibin ayrılması mümkün olmayan əmlakın dəyərindən artıq olmamaq şərti ilə yaxşılaşdırma üçün çəkdiyi məsrəflərinin əvəzinin ödənilməsini əsassız varlanmış cavabdehdən tələb etməsi hüququna malik olması müəyyən edilmişdir. Yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olması isə zəruri hal kimi qanunvericilikdə nəzərdə tutulmamış və yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olmasına zərurət yoxdur. Ekspertiza rəyinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən mübahisəli mənzildə 14570 manat dəyərində təmir-tikinti işləri aparılmışdır. Qeyd olunanlara əsasən 14570 manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 14570 (on dörd min beş yüz yetmiş) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar