Məhkəmə qərarları › İş №2(010)-2122/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2122/2021

17.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2122/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə qarşı "əqdlərin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, əmlaka payın tanınması və avtomobilin qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə qarşı "əqdlərin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, əmlaka payın tanınması və avtomobilin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanılan “X9” markalı 2013-cü il buraxılışlı, ** TZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqısatqısına dair 03.02.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, 03.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “X9" markalı 2013-cü il buraxılışlı, ** TZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində 2/3 pay nisbətində İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "iddia tələbinin həcminin artırılması" tələbinə dair ərizə ilə məhkəməyə muraciət edərək, Cavabdeh1 ilə bağlanılan “X9” markalı 2013-cü il buraxılışlı, ** TZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair 03.02.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, 03.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “X9” markalı 2013-cü il buraxılışlı, ** TZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində 2/3 pay nisbətində İddiaçı mülkiyyət hüququnun tanınması, "SEAT LEON" markalı 2014-cü il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə 2/3 pay nisbətində İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı "iddia tələbinin həcminin azaldılması" barədə ərizə təqdim edərək, Cavabdeh1 ilə bağlanılan “X9” markalı 2013-cü il buraxılışlı, ** TZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair 03.02.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, 03.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “X9” markalı 2013-cü il buraxılışlı, ** TZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində 2/3 pay nisbətində İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlliləri İddiaçı Cavabdeh1 ilə 28.06.2013-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. İddiaçı “nikahın pozulmasına, uşaqların yaşayış yerinin və alimentin müəyyən olunmasına, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair” iddia ərizəsi 12.02.2021-ci il tarixdən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin icraatındadır. Vəkil sorğusu əsasında əldə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 22.02.2021 -ci il tarixli cavab məktubundan görünür ki, “X9” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobil 26.07.2019-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Həmçinin həmin məktubdan görünür ki, 03.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mübahisəli əmlak sonuncunun adından qeydiyyatdan çıxarılmışdır. Hesab edir ki, mübahisəli əmlak birgə nikah dövründə əldə edilib, lakin razılığı olmadan 03.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında başqa şəxsin adına keçirilmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh, İddiaçı ilə 28.06.2013-cü ildə nikaha daxil olmuş və birgə nikahdan 05.03.2015-ci il təvəllüdlü X4 və 16.08.2016-ci il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. 2019-cu ilin iyul ayında əlavə qazanc əldə etmək üçün ucuz qiymətə X3 markalı avtomobili almışdır. 30.07.2019-cu il tarixdə avtomobilin satılması barədə elanı turbo.az saytında yerləşdirmişdir. Bir müddət keçəndən sonra tanışı Cavabdeh3 bildirmişdir ki, qeyd olunan avtomobili almaq istəyir, lakin kifayət qədər pulu yoxdur. Cavabdeh3lə belə razılaşmışlar ki, avtomobilin dəyərinin yarısını dərhal ödəyir, qalan məbləği isə 1-1,5 il ərzində hər ay ödəyəcək, lakin pulun tam ödənilməsinə qədər avtomobil onun adında və istifadəsində qalacaqdır. Arvadı İddiaçı çoxdan avtomobil sürmək həvəsində idi, bu səbəbdən xahiş etmişdir ki, Cavabdeh3 avtomobilin dəyərini ödəyib bitirənə kimi müvəqqəti qeyd olunan avtomobildən istifadə etsin. Cavabdeh3lə bu barədə danışıb razılıq əldə edəndən sonra 15.08.2019-cu il tarixdə arvadı İddiaçı qeyd olunan avtomobilin sürülməsinə dair 1 (bir) il müddətinə etibarnamə vermişdir. 2021-ci ilin yanvar ayında Cavabdeh3 avtomobilin dəyərini tam ödəyib bitirmişdir. Bu səbəbdən 03.02.2021-ci il tarixdə Toyota Prius avtomobilini Cavabdeh3 adına rəsmilləşdirmişdir. Bu barədə İddiaçı məlumatlı idi, razılıq vermiş və istifadəsində olan avtomobili heç bir etiraz etmədən Cavabdeh3 təhvil vermişdir. 2021-ci il tarixdə Cavabdeh3 avtomobilin sonuncu ödənişini edib bitirəndən sonra, İddiaçı ilə razılığa gəlmişdir ki, ona başqa avtomobil alsınlar. Buna İddiaçı ilə olan telefon yazışması da sübuta yetirir. Proses iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında yazılı etirazında irəli sürdüyü dəlillərə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh izahatında əlavə olaraq bildirmişdirki, Xumarla noyabr ayından etibarən münasibətlərində gərginliklər və soyuqluq yaranmasına baxmayaraq cavabdeh ailənin dağılmağını istəmirdi, buna görə də əlindən gələni etməyə çalışırdı. Hətta yanvar ayının ortalarında Qəbələdə bahalı oteldə ailəsini istirahətə aparmışdır. Avtomobilin satışından Xumara 4500 manat dəyərində komplekt də alıb. Yanvar ayının sonunda Xumara hansı avtomobilin alınmasına dair müzakirələr aparırdılar, buna dair “whatsapp” yazışmaları da var. Amma o, ailənin qorunub saxlanılması üçün əlindən gələni etməyə çalışsa da, Xumar ailənin dağılmasını seçdi və boşanma üçün müraciət etdi. Xumarın son vaxtlar çox dəyişildiyini, özünü aqressiv və şübhəli apardığını görsə də, yenə də çalışırdı ki, münasibət düzəlsin. Attığı addımlar buna sübutdur. Odur ki, iddiaçının hazırki iddia tələbi əsassızdır və rədd edilməlidir. Cavabdeh1 və onun nümayəndəsi və vəkili X2 cavabdehin yazılı etirazında irəli sürdüyü dəlillərə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində dindirilən Cavabdeh3 izahatında göstərdi ki, Cavabdeh1 onun iş yoldaşıdır. Özü elektrik işləyir. Cavabdeh1 Gürcüstandan satmağa avtomaşın gətirmişdir. O, Emilin Gürcüstandan gətirdiyi X9 markalı ** TZ *** dövlət nömrə nişanlı avtomaşını 16,000 manata almağa razılaşmışdır. Həmin 16000 manatdan 8000 manatını ödəmişdir. Avtomaşının Emildə qalmasını, avtomaşının dəyərini tam ödədikdən sonra maşını aparacağı barədə razılaşmışlar. O, avtomaşının sonuncu ödənişini dekabr ayında ödəyib qurtarmışdır. Onun yanvar ayında toyu olmuş, fevral ayında DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə getmişlər. O, avtomaşının tam dəyərini ödəməyənə qədər sürməmişdir. Emil ondan avtomaşını yoldaşının idarə etməsini soruşmuş, o da razılaşmışdır. O, birgə fəaliyyətləri ilə bağlı rayona gedəcəyi üçün Emilin adına avtomaşınla bağlı etibarnamə vermişdir. O, avtomaşının dəyərindən 8,000 manatını dərhal, qalan 8000 manatını isə sonradan hissə-hissə ödəmişdir. Ən böyük ödədiyi məbləğ 2500 manat olmuş və həmin məbləği dekabr ayında sonuncu ödəmədə ödəmişdir. Emilin ailəsini tanıyırdım, həyat yoldaşı Xumar xanım ilə normal ailə münasibətləri var idi, X9 markalı ** TZ *** dövlət nömrə nişanlı avtomaşının ona satılması barədə məlumatının olmamağı mümkün deyil. Bu ilin mart ayında ortaq işləri ilə bağlı rayona getməli idilər, Emil maşını təmirdə olduğundan ondan avtomaşını idarə etmək üçün etibarnamə verməsini bildirmiş və o da Emilnən münasibətləri normal olduğundan bununla razılaşmışdır. O, vicdanlı alıcı olduğundan hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin 22.02.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 sahibliyində MERCEDES 190 minik markalı ** DB *** dövlət nömrə nişanlı və X9 markalı ** TZ *** dövlət nömrə nişanlı avtomaşını vardır. Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin 22.02.2021-ci il tarixli məktubundan görünür ki, DİN-nin Baş X11 İdarəsinin Qeydiyyat imtahan İdarəsinin kompyuter uçotu bazasına görə ünvan 1 ünvanında qeydiyyatda olan 24.02.1987-ci il təvəllüdlü Cavabdeh1 adında 30.05.2015-ci il tarixdən “SEAT LEON» maralı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Azərbaycan Respublikası DİN Baş X11 İdarəsinin 28.04.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş 03.02.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqısından müəyyən olunur ki, Cavabdeh1 X9 markalı ** TZ *** dövlət nömrə nişanlı avtomaşını 03 fevral 2021-ci il tarixində Cavabdeh3 15400 manata satmışdır. “Turbo.az” saytından çıxarışdan görünür ki, cavabdeh X9 markalı avtomobili 30 iyul tarixli elanla satışa çıxarmışdır. “Whatsapp” yazışmasından görünür ki, tərəflər iddiaçıya avtomobil alınması mövzusunda müzakirə aparmışlar. Məhkəmənin mövqeyi Hazırda iddiaçı Cavabdeh1 ilə bağlanılan “X9” markalı 2013-cü il buraxılışlı, ** TZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair 03.02.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, 03.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, “X9" markalı 2013-cü il buraxılışlı, ** TZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə 2/3 pay nisbətində İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etdiyi “X9” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının razılığı olmadan özgəninkiləşdirilmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı avtomobilin satışından məlumatlı idi və buna etiraz etməmişdir. Məhkəmə iddia tələbinin və iddia tələbinə etirazın dəlillərini nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1). Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfınə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (225.6) Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (maddə 650). İş materiallarından mübahisəsiz qaydada göründüyü kimi mübahisəli avtomobil tərəflərin nikahda olduqları dövrdə cavabdehin adına qeydə alınmış, həmin avtomobil 03.02.2021-ci il tarixində alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına rəsmiləşdirilmişdir. 15.08.2020-ci il və 16.12.2020-ci il tarixlərində avtomobilin idarə edilməsi üçün cavabdeh tərəfindən iddiaçıya etibarnamə verilmişdir. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə müvafiq olaraq nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, məhkəmə baxışı zamanı təqdim edilmiş sübutlar əsasında mübahisəli avtomobilin iddiaçı və cavabdehin birgə nikah dövründə əldə etdikləri ümumi əmlak olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli avtomobilin 2019-cu ilin iyul ayında cavabdehin mülkiyyətinə keçməsindən dərhal sonra, yəni 30 iyul 2019-cu il tarixində rəsmi elan saytı olan “Turbo.az” saytında satışa çıxarılması həmin avtomobilin əvvəlcədən satış niyyəti üçün alındığına dəlalət edir. İddiaçı 16 fevral 2021-ci il tarixində nikahın pozulması üçün məhkəməyə müraciət etsə də, avtomobilin Cavabdeh3 satılmasından 3 gün öncə tərəflər arasında olan “whatsapp” yazışması vasitəsilə iddiaçıya avtomobilin alınması məsələsinin müzakirə olunmasını, tərəflər arasında olan yazışma tərzini (cavabdehin iddiaçıya ürəyim kimi sözlərlə müraciət etməsi və s.), avtomobilin alqı-satqısından qısa müddət öncə rayona istirahətə getməklərini nəzərə alaraq məhkəmə iddiaçı ilə cavabdeh arasında həmin vaxtlarda normal münasibətin mövcud olmasına dair cavabdehin dəlilini əsaslı hesab edir. Cavabdeh etirazını həm də onunla əsaslandırmışdır ki, iddiaçı avtomobili faktiki olaraq idarə edirdi və avtomobil ondan alınıb yeni mülkiyyətçiyə verildikdə buna etiraz etməmişdir, əksinə ona yeni avtomobilin alınması istiqamətində cavabdehlə danışıqlar aparmışdır. Baxılan iş üzrə iddiaçının yazılı razılıq verməsi müəyyən edilməsə də, iş materialları ilə iddiaçının əqdin bağlanmasına etiraz etməməsi, bundan xəbərdar olması müəyyən olunur. İddiaçı isə mübahisəli əmlakın satılmasından xəbərdar olmamasını və buna razılıq verməməsini təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf həmçinin cavabdeh tərəfin iddia tələbinə etirazının dəlillərini təkzib edən də hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 9 dekabr 2019-cu il tarixli Qərarında aşağıdakı mövqeyi irəli sürmüşdür: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. İşə baxan məhkəmələr isə B.Qasımovun iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alğı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuş və müqavilə üzrə müəyyən edilmiş məbləğin ödənilməsinə dair qəbz mövcuddur. Lakin mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıb-imzalanmadığının ümumiyyətlə mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin isə məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır. Bu səbəbdən də Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli mənzilə dair müqavilənin və ödəniş qəbzinin imzalanmasının aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verməlidirlər. Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iş üzrə məhkəmələr tərəfindən mübahisələndirilən alğı-satqı müqaviləsinin bağlanması zamanı B.Qasımovun buna dair iradə ifadəsinin olub-olmadığına baxılmaqla kifayətlənilməsi və edilən iradə ifadəsinin aldadılma nəticəsində baş verib-vermədiyinin araşdırılmaması yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə uyğun olmamış, həmçinin ərizəçinin həmin müqavilənin bağlanmasının aldadılma nəticəsində baş verməsi barədə irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verilməməsi prosessual hüquq pozuntusuna səbəb olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarı). Xüsusilə vurğulanmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar.” Yuxarıda qeyd edilən hüquqi mövqeyi rəhbər tutaraq məhkəmə vurğulayır ki, iddiaçının mübahisəli avtomobilin satışına razılığının olub-olmaması məsələsinə qiymət verərkən məhkəmə yalnız iradə ifadəsinin özünü deyil, həm də cavabdehin avtomobilin satılmasını iddiaçıdan gizlətməsi üçün əsasların olub-olmamasını, tərəflər arasındakı münasibətləri və tərəflərin davranışlarını nəzərə almışdır. Məhkəmə hesab edir ki, işin sadalanan halları cavabdehin avtomobilin satılmasını iddiaçıdan gizlətməsi üçün əsasların olmamasına dəlalət edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında tərəflər arasında aparılan “whatsapp” yazışmasının qanunu pozmaqla əldə edilmiş sübut olduğundan nəzərə alınmamasını məhkəməyə bildirmişdir. Buna münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, “Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən yanaşmasını rəhbər tutaraq məhkəmə tərəflər arasında aparılan “whatsapp” yazışmasının qanunu pozmaqla əldə edilmiş sübut olmadığı qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə hesab edir ki, avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 03.02.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə hər hansı əsaslar müəyyən edilmədiyinə görə iddia rədd edilməlidir. İddia tələbinin “avtomobil üzərində 2/3 pay nisbətində İddiaçı mülkiyyət hüququnun tanınması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia “müqavilənin etibarsız hesab edilməsi və şəhadətnamənin ləğv edilməsi” hissəsində təmin edilmədiyindən bu hissədə də rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə qarşı "əqdlərin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, əmlaka payın tanınması və avtomobilin qaytarılması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar