Məhkəmə qərarları › İş №2(010)-2129/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2129/2023

31.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2129/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi

1. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi xx.xx.2023-cü il tarixdə “tələbin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir.

Tələbin dəlilləri

3. X2 xx.xx.2022-ci il tarixdə yaşadığı (Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.Əliyev küçəsində yerləşən maşınqayırma zavodunun 2 saylı yataqxanasında) mənzildə vəfat etmişdir. Bacısı vəfat edən zaman evdə tək olmuşdur. Səhəri gün evə daxil olan zaman bacısının vəfat etdiyini görüb Təcili Tibbi yardım çağırmışdır. Tibbi yardımın həkimləri onun vəfat etməsini təsdiqləmişdirlər. Həmçinin onun vəfat etməsi barədə digər aidiyyatı qurumları məlumatlandırmışdırlar. X1 3 saylı Zabrat istixana qəbiristanlığında dəfn etmişdirlər. Onun üçün ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri, Suraxanı Rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Bacısı Bakı şəhəri, Suraxanı rayonu Y/Günəşli qəsəbəsi, “Q” y/s, ev 25, mənzil 12-də qeydiyyatdadır. Həmçinin onun adı olan sosial pensiyan var və onun ləğv olunması ölüm kağızı lazımdır.

Tərəflərin izahatları

4. İş üzrə maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

5. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

İş materialları

6. 812130 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. X**, anası Quliyeva Əntiqədir.

7. 506349 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. X**, anası Quliyeva Əntiqədir.

8. Bakı şəhər Təcili və X6 Stansiyasının 12 saylı bölməsinin Sabunçu Rayon Prokurorluğuna ünvanlanmış 01.**.2022-ci il tarixli, 23 nömrəli cavabından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 20.50-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.Əliyev küçəsində yerləşən ünvanda qadın cinsli meyid aşkar edilmişdir.

9. Suraxanı Rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 1179-05/75 №-li məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır. **. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 264 nömrəli məktubundan görünür ki, X3 ölümü ilə bağlı tibbi xidmət göstərilən ərazinin poliklinikasına müraciət edilmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, ərizçənin qohumudur. Ələsgərova Həqiqət həmin 2 saylı yataqxanada vəfat etmişdir. Vəfat etdikdən sonra o, özü də həmin otağa daxil olub mərhumun meyitini görmüşdür.

12. Məhkəmə iclasında şahid qismində dindirilən Yaqubova Məlahət bildirdi ki, mərhumla eyni binada yaşamışdır və onun qonşusu olmuşdur. O, qeyd olunan tarixdə həmin binada vəfat etmişdir.

İşin faktiki halları

13. İş materialları ilə müəyyən edilir ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 309. Ərizənin verilməsi 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”

8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi

17. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır.

18. Məhkəmə hesab edir ki, X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun bacısının ölüm faktı müəyyən olunmalıdır.

Məhkəmə xərcləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Ərizəçinın özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

21. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar