Məhkəmə qərarları › İş №2(010)-2237/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2237/2021

04.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2237/2021 04.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən bir ədəd “X5” markalı mobil telefon, bütün fotoşəkillər olan albomlar, komplekt brilliant qaşlı qızıl dəsti (üzük, boyunbağı, qolbaq, sırğa) – dəyəri 4500 manat, bir ədəd qızıl qolbaq – dəyəri 200 manat, bir ədəd sep kulonla – dəyəri 400 manat, iki ədəd biri qaşlı, biri isə üzü torlu üzük – dəyəri 300+200 manat olan əşyalarının cavabdehdən alınaraq ona geri qaytarılması, bu mümkün olmadıqda isə çatışmayan əşyaların dəyərinin konpensasiya ilə əvəz olunaraq, cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Bildirirəm ki, mən Cavabdeh Əlkmöhkəm oğlu ilə olan nikahımı 11.10.2014-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirərək ailə qurmuşam. Birgə nikahdan 24.07.2015-ci il təvəllüdlü X3 və 28.07.2019-cu il təvəllüdlü X4 adlı iki övladımız olmuşdur. Bir müddət mehriban yaşasaq da sonradan münasibətimiz pozulmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahımız pozulmuşdur. Qeyd edim ki, mən toydan sonra cavabdehin hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşəm. Gəlin köçən zaman ata evindən cehiz əşyaları aparmışdım. Eyni zamanda, toyda və toydan sonra mənə cavabdehlər tərəfindən qızıl-zinət əşyaları hədiyyə edilmişdir ki, həmin əşyalar da cavabdehlə birlikdə yaşadığımız mənzildə olmuşdur. Məhkəmənin nəzərinə çatdırım ki, balaca oğlumun anadan olması üçün cavabdeh məni anam yaşadığı mənzilə gətirdi ki, bir az anam baxsın, sonra həkimə gedək. 28.07.2019-cu il tarixində xəstəxanaya getdim və uşaq anadan olandan sonra xəstəxanadan bir müddət mənə anam baxması üçün birbaşa cavabdehin də razılığı ilə onun evinə getdim. Mən anamın evində qalan dövrdə cavabdeh mənə baş çəkmədi və gəlib evə aparmadı. Bütün bu soyuq davranışları və s. səbəblərdən də mən Suraxanı Rayon Məhkəməsinə nikahın pozulması ilə bağlı müraciət etdim və nikahımız pozuldu. Daha sonra mübahisəli mənzildə olan bütün əşyalarım və qızıl-zinət əşyalarımın gətirilməsi üçün getdik və akt tərtib edərək əşyalarımın bəzilərini götürdüm və çatışmayan əşyalarımı qeyd etdim. Çatışmayan əşyalarım bunlardır: bir ədəd “X5” markalı mobil telefon, bütün fotoşəkillər olan albomlar, komplekt brilliant qaşlı qızıl dəsti (üzük, boyunbağı, qolbaq, sırğa) – dəyəri 4500 manat, bir ədəd qızıl qolbaq – dəyəri 200 manat, bir ədəd sep kulonla – dəyəri 400 manat, iki ədəd biri qaşlı, biri isə üzü torlu üzük – dəyəri 300+200 manat. Bu isə mənim hüquqlarımın pozulması deməkdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşam”. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, ona toy hədiyyəsi kimi alınmış qızıl-zinət əşyaları özündə olmadığından evdən çıxarkən onları götürə bilməmişdir. Belə ki, qızıl-zinət əşyaları həmişə qayınanasında olmuş, toydan-toya qızılları qayınanasından götürüb taxmışdır. Hətta 2019-cu ildə baldızının toyuna gedərkən də qızıllar üzərində olmuşdur. Lakin cavabdeh bu qızılların üzərində olduğu şəkillər olan albomları vermədiyindən bütün şəkilləri məhkəməyə təqdim edə bilmir. Halbuki, cavabdehlə həm toy, həm də uşaqların şəkillərinin olduğu üç ədəd albomları olmuşdur. Lakin cavabdeh bu albomları da ona təqdim etmir. İddia ərizəsində tələb etdiyi əşyalardan yalnız mobil telefon ona geri qaytarılmışdır. Qalan əşyalar isə ona qaytarılmamışdır. Ona məxsus qızılların satılaraq cavabdehin kredit borcunun bağlanmasına xərclənməsi isə doğru deyil. Belə ki, cavabdehin kredit borcunun bir hissəsi cavabdehin öz maaşına, bir hissəsi isə anasının maaşına yönəldilmiş, onun qızılları satılmamış, qızıllar həmişə qayınanasında olmuş, qayınanası qızılları həmişə öz otağında saxlamış, axırıncı gün də bu səbəbdən qızıllarını götürə bilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək bildirdi ki, ilk növbədə iddiaçı tələb etdiyi əşyaların mövcudluğunu təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı özü etiraf edir ki, qızıllar cavabdehdə yox, onun anasında olmuşdur. Belə olan halda o, hazırkı iddianı cavabdehə qarşı yox, keçmiş qayınanasına qarşı qaldırmalı idi. İddiaçının özünün də qəbul etdiyi kimi cavabdehdə hazırda heç bir qızıl yoxdur. Tələb edilən telefona münasibətdə də yenə iddiaçının qəbul etdiyi kimi həmin telefon artıq ona qaytarılmışdır. Fotoşəkillər olan albomların iddiaçıya qaytarılması üçün isə iddiaçı sübut etməlidir ki, bu albomlar ona məxsusdur. Lakin bununla bağlı da məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(010)-250/2021 saylı qətnaməsindən görünür ki, qətnamə ilə İddiaçı və Cavabdeh arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş 24.07.2015-ci il təvəllüdlü X3 və 28.07.2019-cu il təvəllüdlü X1 anaları – İddiaçı yanında qalması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 170 manat olmaqla, 340 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 12.10.2021-ci il tarixli “daşınar əmlakın qiymətləndirilməsi barədə hesabat”dan görünür ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının və mobil telefonun təqdim olunmuş siyahı və fotoşəkillər əsasında 12.10.2021-ci il tarixə olan dəyəri: mobil telefon – 60 manat, brilliant qaşlı qızıl dəsti – 3000 manat, qızıl qolbaq – 180 manat, qızıl boyunbağı – 350 manat, qızıl üzük – 180 manat, qızıl üzük – 260 manat olmaqla, cəmi 4030 (dörd min otuz) manat təşkil edir. İki ədəd fotoşəkildən görünür ki, şəkillərdən biri tərəflərin toy mərasimində, biri başqa toyda çəkilmişdir. Şəkillərdən İddiaçı boynunda kulonlu qızıl sep, qulağında bir cüt sırğa, biləyində qolbaq, barmağında üzük olduğu görünür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında 11.10.2014-cü il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından iki uşaq doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(010)- 250/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Bundan sonra, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə ailə qurarkən ona alınmış qızıl-zinyət əşyalarının, eləcə də özünə məxsus olduğunu iddia etdiyi bir ədəd mobil telefon və fotoşəkil albomlarının cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehdən tələb edilən əşyalar üç qrupa ayrılır: 1) qızıl-zinət əşyaları; 2) mobil telefon; 3) fotoşəkil albomları. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyanının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə, ilk növbədə, iddia tələbinin qızıl-zinət əşyaları tələbi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən məhkəmə iclasında verilmiş izahatda dəfələrlə vurğulanmışdır ki, qızıllar cavabdehin anasındadır. İddiaçı izahatında bildirmişdir ki, ona məxsus qızıllar həmişə qayınanasında olmuş, yalnız toya gedərkən qızılları qayınanasından alıb taxmış, sonra geri qaytarmışdır. Cavabdehlə faktiki ayrılarkən də qızıllarını götürə bilməməsinin səbəbi də elə bu olmuş, qızıllar qayınanasında olduğundan qızıllarını götürmədən evdən çıxmalı olmuşdur. Yəni, iddiaçı başqasının (keçmiş qayınanasının) qanunsuz sahibliyində olduğunu qəbul etdiyi qızılları cavabdehdən tələb etmişdir. İddiaçı nəzərə almamışdır ki, qızılları qanunsuz sahibliyində saxlayan şəxsin cavabdehin yaxın qohumu (anası) olması, yaxud onların bir evdə yaşaması o demək deyil ki, anada olan əşya oğuldan (cavabdehdən) tələb edilə bilər. Cavabdeh yalnız o halda qızıl-zinət əşyaları tələbinə münasibətdə cavabdeh hesab edilə bilər ki, iddia tələbi məhz ona yönəlsin. Yəni, İddiaçı iddia etsin ki, bu qızıllar məhz Cavabdeh qanunsuz sahibliyindədir və bu səbəbdən qızılları ondan tələb edir. Yalnız bu halda Cavabdeh hazırkı iş üzrə qızıl-zinət əşyalarına münasibətdə iddia tələbinin yönəldiyi şəxs - cavabdeh hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Digər tərəfdən, əvvəlki məhkəmə iclaslarında cavabdeh adından izahat verən cavabdehin nümayəndəsi (vəkili) də bu qızılların cavabdehdə olduğunu qəbul etməmiş, qızılların tərəflərin birgə nikahı dövründə iddiaçının da razılığı ilə onların birgə nikahı dövründə götürülmüş kreditin ödənilməsi üçün satıldığını bildirmişdir. İddiaçı isə qızılların heç vaxt satılmadığını, həmişə qayınanasında olduğunu bildirmişdir. Belə olan halda cavabdehin qızılların özündə olduğunu etiraf etməsi də tam istisna edilir. Bu baxımdan məhkəmə həmin qızılların həqiqətən mövcud olduğu və iddiaçıya qaytarılmadığı nəticəsinə gəlsə belə bu qızılların Cavabdeh alınmasını qət edə bilməz. Çünki artıq yuxarıda qeyd edildiyi kimi İddiaçı məhkəmə iclasında verdiyi izahatla qızılların cavabdehdə olmasını istisna etmişdir. Nəzərə alınmalıdır ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia etdiyi sayda və növdə olmasının, eləcə də onların özünə məxsusluğunun sübut edilməsidir. Hazırkı vəziyyətdə iddiaçı özü etiraf edir ki, qızıllar cavabdehdə yox, onun anasındadır. Belə olan halda bu hissədə iddianın digər dəlillərinin araşdırılmasına, iddiaçının sübutetmə yükünün əlavə dəyərləndirilməsinə ehtiyac qalmır. Çünki, iddiaçı cavabdehdə olmayan qızılları ondan tələb edə bilməz. Odur ki, məhkəmə məhz bu əsasla qızıl-zinət əşyalarına münasibətdə iddianı təmin etmir. Lakin tərəflər nəzərə almalıdır ki, hazırkı iddianın qızıllarla bağlı hissədə təmin edilməməsinin səbəbi bu hissədə iddianın əsassız olduğunun müəyyən edilməsi deyil, iddianın buna cavab verməli olmayan şəxsə qarşı yönəldiyinin müəyyən edilməsi olduğundan İddiaçı gələcəkdə bu qızıllarla bağlı tələbini həqiqi cavabdehə qarşı yönəltmək hüququnu özündə saxlayır. Bu halda gələcəkdə cavabdeh tərəfindən qızılların satıldığı iddia ediləcəksə, bunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşəcəkdir. İddia tələbinin növbəti – mobil telefon tələbi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, tələb etdiyi mobil telefon artıq ona qaytarılmışdır. Bu səbəbdən məhkəmə bu hissədə də iddianı təmin etmir. İddia tələbinin son – fotoşəkillər olan ablomlarla bağlı hissəsinə münasibətdə də məhkəmə eyni nəticəyə gəlir. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi istənilən şəxs yalnız o əşyanın başqasının sahibliyindən alınıb özünə verilməsini tələb edə bilər ki, bu əşya özünə məxsus olsun və bu məxsusluq məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilsin. Hazırkı işdən görünür ki, ilk növbədə, iddiaçı tələbi konkret qoymamış, cavabdehdən hansısa qeyri müəyyən sayda “albomlar” tələb etmişdir. İddiaçı yalnız məhkəmədə iclasında verdiyi izahatında üç albomdan söhbət getdiyini ifadə etmişdir. Eyni zamanda, bildirmişdir ki, bu albomlarda cavabdehlə olan toy şəkilləri, eləcə də uşaqlarının şəkilləri var. Məhkəmə təkrar iddiaçının diqqətinə çatdırır ki, əgər o, bu albomları cavabdehdən tələb edirsə, sübut etməlidir ki, bu albomlar ona məxsus olmuşdur. Tələb edilən albomlarda olan şəkillərin tərəflərin toy mərasimində çəkilmiş şəkilləri və ortaq uşaqlarının şəkilləri olduğu nəzərə alındıqda, nəyə görə iddiaçının bu şəkilləri özünə məxsus hesab etməsi başa düşülən deyil. Əgər iddiaçı albomların içində olan fotoşəkillərə görə yox, albomların tərtib edilməsi, fotoşəkillərin çıxarılıb alboma yerləşdirilməsi üçün xərclənən vəsaiti özü ödədiyinə görə albomların özünə məxus olduğunu hesab edirsə, bunu sübut etməlidir. İdeal vəziyyətdə, yəni bu albomların tərtib edilməsi üçün vəsaitin kim tərəfindən ödənildiyinin müəyyən edilmədiyi vəziyyətdə isə albomların içində olan fotoşəkillərin tərəflərin toy mərasimində çəkilmiş şəkillərdən, eləcə də ortaq uşaqlarının şəkillərindən ibarət olduğu nəzərə alınaraq, albomlar (içində ola bütün fotoşəkillərlə birlikdə) tərəflərin birgə mülkiyyəti hesab edilməlidir. Bu baxımdan iddiaçının təkcə öz mülkiyyətində olan əşya kimi albomları cavabdehdən tələb etməsi qəbul edilə bilməz. Odur ki, iddia bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dаir iddia təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni əsasla, iş üzrə qiymətləndirici mütəxəssis rəyinin verilməsi üçün müəyyən edilmiş xidmət haqqı da (400 manat) iddiaçıdan tutularaq qiymətləndirməni həyata keçirən təşkilata ("xxxx" MMC) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün 400 (dörd yüz) manat məbləğində xidmət haqqı İddiaçı tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar