Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2243/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Mediasiya prosesi nəticəsində Maraqlı şəxs (Birinci tərəf) və Ərizəçi (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00049 nömrəli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: 1. Birinci tərəf Maraqlı şəxs bu Saziş imzalandıqdan sonra birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü övladı X1 İkinci tərəf Ərizəçi yanında qalmasına razıdır və Maraqlı şəxs uşağın Ərizəçi yanında qalmasından, onun saxlanılmasında iştirak etdiyindən və uşağa maddi dəstək göstərdiyindən Ərizəçi qarşı aliment tələbinin olmadığını təsdiq edir. 2. İkinci tərəf Ərizəçi bu Saziş imzalandıqdan sonra birgə nikahdan olan xx.xx.2020ci il təvəllüdlü övladı X1 mənafeyini nəzərə alaraq özünün himayəsində qalmasına razıdır. Yetkinlik yaşına çatmayan övladının (uşağın mənafeyini nəzərə alaraq) anası Maraqlı şəxs ilə maneəsiz ünsiyyətdə olmasına (telefonla əlaqə saxlamalarına və görüşmələrinə) razıdır və buna şərait yaradacağına dair öhdəlik götürür. İkinci tərəf razılaşır ki, uşaq hər həftənin şənbə və bazar günləri (bəzi hallarda tərəflərin hər ikisinin razılığı ilə daha artıq günlər ərzində) anası ilə qalır. İkinci tərəfin Birinci tərəfə qarşı hal-hazırda və gələcəkdə aliment tələbi yoxdur.
İşin faktiki halları
2. Ərizəçi və Maraqlı şəxs arasında onların birgə nikahlarından anadan olmuş uşaqları ilə bağlı barışıq sazişinin bağlanması, sonradan uşaqla bağlı aralarında razılaşmanın pozulması, bu səbəbdən ərizəçinin məhkəməyə müraciət etməsi işin mübahisəsiz hallarıdır.
Ərizəçinin tələbi
3. Ərizəçi “mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış X2 təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları
5. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, məhkəmə qətnaməsi əsasında uşaq ananın himayəsinə verilmişdir. Aralarında baş tutmuş mediasiya prosesi nəticəsində barışıq sazişi imzalanmışdır və uşağın onun himayəsinə verilməsi barədə razılığa gəlmişdirlər. Lakin anası uşağı aparıb gətirmir və razılaşmaya əməl etmir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən nikah məhkəmə qaydasında pozularkən ərarvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakının bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Həmin qərarın7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
Məhkəmənin mövqeyi
8. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, ərizəçinin izahatından müəyyən edilir ki, məhkəmə qətnaməsi ilə azyaşlı anasının – Maraqlı şəxs himayəsinə verilmişdir. Sonradan tərəflər arasında hazırda baxış predmeti olan barışıq sazişi imzalanmış, lakin buna baxmayaraq maraqlı şəxs uşağı ərizəçiyə təhvil verməmişdir. Başqa sözlə, tərəflər arasında bu məsələ ilə bağlı mübahisə hələ də mövcuddur. Məhkəmə hazırkı işə təkcə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsini nizamlayan normaların tələbləri baxımından yanaşılmasını kifayət hesab etmir. Çünki, məsələ təkcə tərəflərin hüquqlarına toxunmur, eyni zamanda azyaşlının hüquq və mənafelərinə də toxunur. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı işə baxılarkən uşaqların hüquq və mənafelərinin qorunmasına yönələn yuxarıda qeyd edilmiş maddi hüquq normalarının da tələbləri mütləq nəzərə alınmalıdır. Həmin normalar məhkəmənin üzərinə uşaqların hüquq və mənafelərinə toxunan məsələləri həll edərkən onların mənafelərinin üstün tutulmasını, mübahisəni onların mənafelərinə uyğun olacaq şəkildə həll edilməsi vəzifəsini qoyur. Bu məqsədə nail olmaq üçün qanunverici məhkəmə prosesi çərçivəsində müəyyən araşdırma və yoxlama hərəkətlərinin aparılmasını müəyyən etmişdir. Məsələn, işə cəlb edilmiş maraqlı şəxsin vasitəsi ilə valideynlərin mənzil və məişət şəraitinin yoxlanılması, onların uşaqlara münasibəti, və sairə amillər üzrə yoxlamaların aparılması. Yalnız bu amillər dəqiqləşdirildikdən sonra yetkinlik yaşına çatmayanlarla bağlı məhkəmə qərarı qəbul edilir. Baxılan işdə isə qeyd edilən halların yoxlanılması hazırkı icraat çərçivəsində mümkün deyildir. Halbuki, məhkəmə tərəflər arasında barışıq sazişinin təsdiqi məsələsinə baxsa da, faktiki olaraq, azyaşlının hüquq və mənafeləri ilə bağlı qərar qəbul etmiş olur.
9. Barışıq sazişinə uyğun olaraq uşağın atanın yanında qalması tərəflərin birgə nikahından doğulmuş azyaşlının mənafeyinə nə dərəcədə uyğun olması, eləcə də Ərizəçi yaşayış şəraitinin hansı səviyyədə olması məhkəməyə məlum deyildir. Bununla yanaşı məhkəmə iclasında Ərizəçi məhkəmə qətnaməsi əsasında övladının anasının himayəsinə verildiyin qeyd etmişdir. Yani, həmin məhkəmə işinin nəticəsi olaraq qərara alınmışdır ki, azyaşlının anası ilə qalması onun maraqlarına uyğundur. Həmin qərar qəbul ediləndən sonra vəziyyətin hansı şəkildə dəyişdiyi isə, hazırda məhkəməyə məlum deyil. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, hazırki ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar yoxdur. Məhkəmə xərcləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
11. Ərizə təmin edilmədiyi üçün ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində pul Ərizəçi özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
12. Beləliklə, məhkəmə ərizəçini dinləyib, iş materiallarına nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Ərizəçi “mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə tələbi təmin edilməməli və ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-25-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.