Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2389/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən maraqlı şəxslə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01216 saylı barışıq sazişinin aliment öhdəliklərinə dair hissədə təsdiq olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Bakı şəhər 11 saylı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə barışıq sazişi bağlamışıq. Həmin sazişin nikahın pozulmasına dair hissəsi Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)- 1550/2024 saylı qətnaməsi əsasında təmin edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01216 saylı barışıq sazişinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq övladlarım xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının 3/1 həcmində aliment ödəməyi Maraqlı şəxs öhdəsinə götürmüşdür. Buna baxmayaraq göstərilən barışıq sazişinin həmin hissəsinin məhkəmə qaydasında təsdiqinə zərurət yaranmışdır, çünki barışıq sazişi həmin hissədə Maraqlı şəxs tərəfindən icra olunmur. Ona görə də, xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01216 saylı barışıq sazişinin təsdiqinin qanuni və əsaslı olduğu qənaətindəyəm.”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
4. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-01216 nömrəli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı şərtlərlə bağlı qarşılıqlı razılığa gəlirlər:
1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan Quba rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə, Nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar.
2. İkinci Tərəf övladları xx.xx.2010-cu il doğum tarixli X5 və xx.xx.2014-ci il doğum tarixli X2 Birinci Tərəfin himayəsində qalmasına etiraz etmir.
3. X9 Tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq hər növbəti ayın 10-dək yuxarıda qeyd edilən övladı(ları) yetkinlik yaşına çatanadək saxlanması məqsədilə əmək haqqının 1/3 həcmində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. X10 Tərəfə yuxanda qeyd edilən övladları ilə onların təhsilindən, istirahətindən asudə vaxtlarda heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacaq.
4. Tərəflər birgə nikah dövründə əldə edilmiş “İkinci Tərəfin" mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin satışını xx.xx.2023-cü il tarixdən başlayaraq həyata keçirəcəklər. Tərəflər razılaşırlar ki, mənzilin satışı zamanı onlar bütün əməliyyatlarda (müştərinin tapılması, qiymət danışılması, notarial və bank əməliyyatları və s.) birgə iştirak edəcək və mənzilin satışından əldə edilən vəsaiti bərabər həcmdə böləcəklər.
İşin faktiki halları.
5. Ərizəçi və Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahından iki uşaq – xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2014-ci il təvəllüdlü X4 doğulmuşdur.
6. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Bu sazişə əsasən tərəflər aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın ananın yanında qalması, atanın uşaqla ünsiyyəti, uşağın saxlanılması üçün atadan aliment tutulması və tutulacaq alimentin miqdarı barədə qarşılıqlı razılığa gəlmişlər.
7. Tərəflər arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında Quba rayon VVAQ şöbəsində xx.xx.2000-ci il tarixdə bağlanmış 16 saylı nikahın pozulması qət edilmişdir.
Tətbiq edilən hüquq.
8. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 3. Mediasiyanın tətbiq dairəsi. 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 355-23. Ərizənin verilməsi. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Ərizənin məzmunu. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Məhkəmənin mövqeyi.
10. Göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi sazişin alimentlə bağlı olan bəndlərinin təsdiqi üçün məhkəməyə müraciət etmişdir.
11. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin müvafiq bəndlərinin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, bu bəndlər qanuna zidd deyil. Həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin uşaqlar üçün xərclərin ödənilməsi ilə bağlı olan bəndləri təsdiq edilməlidir.
12. Qanun yalnız iki halda məhkəmələrə mediasiyada bağlanmış barışıq sazişinin təsdiqindən imtina etmək səlahiyyəti vermişdir. Bunlardan biri sazişin və ya onun bir hissəsinin qanuna zidd olduğu, digəri isə sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduğu hallardır. Yəni qanun məhkəmələrə sazişin və ya onun bir hissəsinin mediasiya iştirak edən tərəfin hüquqlarına toxunduğu hallarda onun təsdiqindən imtina səlahiyyəti verməmişdir. Ona görə ki, barışıq sazişi tərəflər arasında könüllü bağlanır və onların müstəqil iradə ifadəsinə əsaslanır. Bu baxımdan saziş bağlandığı vaxt tərəflərdən birinin iradə ifadəsinin zədələndiyinin sübuta yetirildiyi hallar istisna olmaqla (Çünki bu halda saziş qanuna zidd bağlanmış olur), saziş, sonradan saziş tərəflərindən birinin maraqlarına uyğun olmasa belə təsdiq edilməlidir.
Məhkəmə xərcləri.
13. İş materiallarından görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
14. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin xərclərlə bağlı bəndi təsdiq edilməli, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
15. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı bəndi təsdiq edilsin:
3. X9 Tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq hər növbəti ayın 10-dək yuxarıda qeyd edilən övladı(ları) yetkinlik yaşına çatanadək saxlanması məqsədilə əmək haqqının 1/3 həcmində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva