Məhkəmə qərarları › İş №2(010)-2400/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2400/2021

09.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2400/2021 09.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı pozulmuş istehlakçı hüquqlarının müdafiəsi, əsassız borcun tutulmasına dair aktın ləğv edilməsi, dəymiş mənəvi zərərə görə kompensasiyanın ödənilməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı pozulmuş istehlakçı hüquqlarının müdafiəsi, əsassız borcun tutulmasına dair aktın ləğv edilməsi, dəymiş mənəvi zərərə görə kompensasiyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin 933 m3 suyun istifadə edilməsi ilə bağlı qərarının ləğv edib borcun silinməsini, istehlakçı hüquqlarının pozulmasına və bununla bağlı tam, obyektiv və hərtərəfli araşdırma aparmadan əsassız və qanunsuz qərar qəbul edildiyindən şərəf və ləyaqətinə, işgüzar reputasiyasına xələl gətirdiyinə, əlavə vaxt sərfiyyatına və əsəb gərginliyinə səbəb olduğuna görə dəymiş mənəvi ziyan və zərərə görə 1000 manat məbləğində kompensasiyanın tutulmasını xahiş etmişdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cəbrail rayonunundan məcburi köçkün idi. Məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrılıb. Bundan başqa, köçkümlərə adambaşına qış aylarında təbii qazdan istifadəyə 45 kub, mart, aprel, may və oktyabr üçün 35 kub, yerdə qalan 4 ay üçün orta sərfiyyat 25 kub limit ayrılır. Adambaşına su istehlakı isə aylıq 5 kub olmuşdur. 01.01.2017-ci il tarixdən bütün proqramlar üzrə məcburi köçkünlərə verilən güzəştlər ləğv edilib. Həmin vaxtdan sonra 2017ci ildən 2020-ci ilə qədər smart-kart tipli suölçən cihaz quraşdırılmışdır v əhər ay mütəmadi olaraq istifadə edilən suyun miqdarına uyğun ödənişi də nağd formada etmişlər. 2020-ci ilin oralarında o smart kart vasitəsilə ödəniş daxil edəndə sayğacda yüklənmənin düzgün getmədiyini görmüş və dərhal Suraxanı rayon Sukanal idarəsinə məlumat vermişdir. İdarənin əməkdaşları gəlib sayğacda nasazlıq olduğunu təsdiqləmişlər. Baxış keçirilərkən müəyyənləşdi ki, sayğacın elektron hissəsi sərfiyyatı qeydə almır. Bununla bağlı o cavabdeh təşkilata müraciət etmiş, lakin onun müraciətinə baxılmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək borcun ona əsassız olaraq yazıldığını, elektron sayğacın mexaniki hesablama sisteminin də olmasını bilmədiyini, həmin sistem üzrə ona hesablanmış borcun əsasssız olduğunu, ona görə də, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının evində quraşdırılmış su sayğacı su sərfiyyatını iki sistem üzrə, həm mexaniki, həm də elektron qaydada hesablayır. Sayğacın fəaliyyət göstərdiyi illər əzində onun cərəyan daşı bitdiyinə görə elektron hesablama düzgün işləməmiş, lakin mexaniki hesablama sistemi işləmişdir. İddiaçıya illər üzrə borc kimi yazılan 933 m3 su da həmin mexaniki sistem tərəfindən hesablanmışdır. Belə ki, iddiaçının smart karta yüklədiyi pul məbləği bitsə də, su verilişi dayanmır və mexaniki sistem sərfiyyatı hesablamaqda davam edir. Bu qaydada iddiaçıya 933 m3 su sərfiyyatı hesablanmışdır ki, bu da pul ekvivalentində 466.50 manat borc edir. Ondan müəyyən hissə silinmiş, sayğacın mexaniki sistemi üzrə hesablanmış yerdə qalan borc məbləği 349,83 manat təşkil edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslıdır, ona görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh ASC-yə məxsus sənədlərdən görünür ki, abonent kodu **********050 olan, İddiaçı məxsus su sayğacı çıxarılaraq laboratoriya yoxlanışına verilmiş, nəticədə “ekran işləmir” qeydi qoyulmuş ******* № li rəy tərtib edilmişdir. -Abonent kartlarından görünür ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya su sərfiyyatına görə əlavə 933 m3 həcmində su borcu yaranmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçıya məxsus su sayğacı onun mənzilindən kənarda yerləşir, cavabdeh təşkilat tərəfindən əlavə su sərfiyatına görə iddiaçıya 933 m3 həcmində su borcu yazılmışdır. Bu hal cavabdeh tərəfin izahatı ilə də təsdiq edilir. Cavabdeh təşkilat bu borcu onunla izah edir ki, smart sayğac təkcə elektron formada deyil, həm də mexaniki formada yazır. Bu ona görədir ki, sayğacın cərəyan daşı bitsə sərfiyat hesablanmaqda davam etsin. İddiaçının sayğacında da analoji vəziyyət yaranmış, onların əməkdaşları mexaniki sərfiyatı yoxlayarkən 933 m3 həcmində su borcunun yarandığını aşkar etmişlər. İddiaçı tərəfin iddiasının faktiki əsaslandırması ondan ibarətdir ki, sayğacın cərəyan daşının dəyişdirilməsinə o cavabdehlik daşımamalıdır, o yalnız smart karta yüklədiyi pul həddində su sərf edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı, 17.07.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.8-ci bəndinə görə istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək STKM-in vəzifələrinə aid edilmişdir. Həmin Qaydaların 6.4-cü məndinə görə yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Hazırkı işdə iddiaçıya məxsus su sayğacı mənzildən kənarda yerləşir. Yuxarıda qeyd edilmiş normalara görə sayğacın cərəyan daşının bitməsinə görə məsuliyyəti iddiaçı yox, cavabdeh daşıyır. Həmçinin, sayğacın işlək vəziyyətdə saxlanılması üçün məsuliyyəti də cavabdeh təşkilat daşıyır. Belə olan halda, iddiaçıya məsuliyyət daşımadığı səbəbə görə borc məbləğinin hesablanması qanuni ola bilməz. Ona görə də, məhkəmə hesab edir ki, sayğacın mexaniki hissəsi tərəfindən hesablandığı bildirilən borc məbləği əsassızdır və silinməlidir. Borc məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəf izahatında bunun 933 m3 həcmində olduğunu təsdiq etmiş, eyni zamanda həmin borcdan müəyyən silinmələrin edildiyini və hazırkı borcun 349,83 manat olduğunu bildirmişdir. İddiaçı tərəf izahatında bu məbləğlə razılaşaraq borcunun cavabdeh tərəfin bildirdiyi İddia tələbinin 933 m33 suyun istifadə edilməsi ilə bağlı qərarın ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, iş materiallarına belə bir qərar əlavə edilməmişdir. İddiaçının qeyd edilən həcmdə su sərf etməsi işə əlavə edilən abonent kartı və hər iki tərəfin izahatı ilə müəyyən edilir. İdida tələbinin mənəvi ziyan hissəsi ilə ağlı məhkəmə eyd edir ki, tələb bu hissədə formal mülahizələrə əsaslandığına görə təmin edilə bilməz. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Hazırkı işdə iddiaçının məruz qaldığı mənəvi ziyanın nədən ibarət olması prosessual qanunvericiliyin tələbləri baxımından əsaslandırılmamışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia əsassız hesablanmış borca aid hissədə təmin edilməli olduğundan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "Cavabdeh" ASC tərəfindən İddiaçı hesablanmış 349,83 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "Cavabdeh" ASC-dən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar