Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2583/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “mirasın qəbul edilməsi faktının və qohumluq münasibətində olma faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1946-cı il təvəllüdlü X8 xalası nəvəsi olması üzrə qohumluq münasibətində olma faktının müəyyən edilməsi və onun Bakı şəhəri, Suraxanı rayonu, Pleşakov küçəsi, 7 saylı evin 18 saylı mənzilə dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Pleşakov küçəsi, T saylı evin 18 saylı mənzili X8 mülkiyyətində olmuşdur. X14 həmin mənzildə uzun müddət tənha yaşamışdır. Həmin mənzil İrinanın atası X13 məxsus olmuşdur. İrinanın valideynləri rəhmətə getmişdir. İrina özü isə heç zaman evlənməmiş və övladları da olmamışdır. O, X8 yeganə qohumudur. Belə ki, o, sonuncunun xalası nəvəsidir. Nənəsi ilə X8 anasının bacısı olmuşlar. O, X1 üzrə beşinci növbə vərəsəsidir. Sağlığında da o, bir qohum kimi İrina Latkinaya baş çəkmişdir. İrina Latkina xx.xx.2019-cu il tarixdə rəhmətə getmişdir. Ölümündən sonra o, X10 öz hesabına dəfn etmişdir. İrina Latkina öldükdən sonra o, miras əmlakda yaşamaqla, onu idarə etməklə, mirası qəbul etmişdir. Hazırda da o, həmin mənzildə yaşayır. Lakin hüquqi savadı olmadığına görə sənədləşmə işlərini vaxtında edib mənzili öz adına rəsmiləşdirə bilməmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Pleşakov küçəsi, 7 saylı evin 18 saylı mənzilinə dair ona vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etsə də, notarius xx.xx.2020-ci il tarixli məktubu ilə qohumluğu təsdiq edən və mirasın qəbul edilməsi ilə bağlı sənədlərin təqdim olunmadığına görə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən, onun xx.xx.1946-cı il təvəllüdlü X8 xalası nəvəsi olması üzrə qohumluq münasibətində olma faktının müəyyən edilməsi və onun Bakı şəhəri, Suraxanı rayonu, Pleşakov küçəsi, 7 saylı evin 18 saylı mənzilə dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizədə yazılanları müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizənin təmin edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, mərhum X14 Bakı şəhəri, Suraxanı rayonu, Pleşakov küçəsi, 7 saylı evin 18 saylı mənzilində (yeni ünvanı - ünvan 2 mənzil 18) yaşamaqla onun qonşusu olmuşdur. X14 tənha qadın idi, yaxın qohumu yox idi, heç vaxt ailə qurmamışdır və övladları olmamışdır, sonuncunun valideynləri isə çox əvvəllər vəfat etmişlər. X8 qohumlarından yalnız Ərizəçi qalmışdır ki, sonuncu İrinanın xalası nəvəsidir. İrina 2019-cu ildə rəhmətə gedəndən sonra Valeriy onu dəfn edib, bütün dəfn xərclərini çəkib, İrinanın ölümündən dərhal sonra sonuncudan qalan evə sahiblik etməyə başlayıb, evin cari təmirini həyata keçirib, İrina vəfat etdikdən dərhal sonra sonuncunun evini ərizəçi istifadə edib və evin bütün kommunal xərclərini ödəyib, ərizəçi bu kommunal xərclərini ödəmək üçün mütəmadi olaraq ona pul verib, o, da bu kommunal xərclərini ödəyərək, buna dair müvafiq qəbzləri ərizəçiyə təqdim edib. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, mərhum X14 X14 Bakı şəhəri, Suraxanı rayonu, Pleşakov küçəsi, 7 saylı evin 18 saylı mənzilində (yeni ünvanı - ünvan 2 mənzil 18) yaşamaqla onun qonşusu olmuşdur. X14 tənha qadın idi, yaxın qohumu yox idi, heç vaxt ailə qurmamışdır və övladları olmamışdır, sonuncunun valideynləri isə çox əvvəllər vəfat etmişlər. X8 qohumlarından yalnız Ərizəçi qalmışdır ki, sonuncu İrinanın xalası nəvəsidir. İrina 2019-cu ildə rəhmətə gedəndən sonra Valeriy onu dəfn edib, bütün dəfn xərclərini çəkib, İrinanın ölümündən dərhal sonra sonuncudan qalan evə sahiblik etməyə başlayıb, evin cari təmirini həyata keçirib, evin bütün kommunal xərclərini ödəyib. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. Sonuncunun qohumu olan X10 yaxından tanımışdır, onun evinə - Bakı şəhəri, Suraxanı rayonu, Pleşakov küçəsi, 7 saylı evin 18 saylı mənzilinə (yeni ünvanı - ünvan 2 mənzil 18) mütəmadi olaraq gedib-gəlmişdir. X7 bildirirdi ki, Ərizəçi onun xalası nəvəsidir, Valeridən başqa heç bir qohumu yoxdur. X14 xx.xx.2019-cu il tarixdə rəhmətə gedəndə, o, sonuncunun dəfn və yaz mərasimlərində iştirak etmiş, bu tədbirlərin bütün xərclərini Ərizəçi çəkmişdir. X14 rəhmətə getdikdən dərhal sonra sonuncunun yeganə qohumu olan Ərizəçi İrinaya məxsus olan, ərizədə göstərilən evə sahiblik etməyə başlamış və evin cari təmirini həyata keçirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. Sonuncunun qohumu olan X10 yaxındn tanımışdır, onun evinə- Bakı şəhəri, Suraxanı rayonu, Pleşakov küçəsi, 7 saylı evin 18 saylı mənzilinə (yeni ünvanı ünvan 2 mənzil 18) mütəmadi olaraq gedib-gəlmişdir. X7 bildirirdi ki, Ərizəçi onun xalası nəvəsidir, Valeridən başqa heç bir qohumu yoxdur. X14 xx.xx.2019-cu il tarixdə rəhmətə gedəndə, o, sonuncunun dəfn və yaz mərasimlərində iştirak etmiş, bu tədbirlərin bütün xərclərini Ərizəçi çəkmişdir. X14 rəhmətə getdikdən dərhal sonra sonuncunun yeganə qohumu olan Ərizəçi İrinaya məxsus olan, ərizədə göstərilən evə sahiblik etməyə başlamış və evin cari təmirini həyata keçirmiş, o, Valeriyinin xahişi ilə evin sanitar qovşağını təmir etdirmək üçün İrinanın evinə usta aparmış, ustalar təmir işlərini görəndən sonra pulunu Valeriy ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 075057 saylı Qeydiyyat Vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Pleşakov küçəsi, 7 saylı evin 18 saylı mənzili X11 məxsusdur. İş materiallarında olan AZ-İİ seriyalı, 070832 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.2019-cu ildə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 102-ci bəndinin tələblərinə uyğun olaraq notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri (mirasın açıldığı yer miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar idarəsinin, rayon icra hakimiyyətinin və ya ölənin iş yerindən verilən arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənədlərlə təsdiq olunur:), şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ərizəçinin miras qoyan İ.İ.Latkina ilə qohumluq münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də miras əmlaka dair adınıza vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkan xaricindədir. Hüquqi faktın müəyyən edilməsilə bağlı müvafiq məhkəməyə müraciət etmək tövsiyyə edilir Məhkəmənin sorğusuna əsasən verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X8 adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, ev 7, 18 saylı mənzil xx.xx.1990-cı il tarixdə X12 adına ilkin qeydiyyatdan keçmişdir. 10 saylı DNK-nın xx.xx.1997-ci il tarixli 2V-24 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən mənzil X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 sayı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 239 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Suraxanı rayonu, Əmircan qəsəbəsi, 2-ci Balandin küçəsi, 4 saylı evin, 12 saylı mənzilində qeydiyyatdadır. ünvan 4 mənzil 18 ünvan indeksi – Yeni Suraxanı qəsəbəsi, 14 İyun küçəsi, ev 7, mənzil 18-dir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aaparaı Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 sayı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 239 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Suraxanı rayonu, Əmircan qəsəbəsi, 2-ci Balandin küçəsi, 4 saylı evin, 12 saylı mənzilində qeydiyyatdadır. ünvan 4 mənzil 18-in mülkiyyətçisi olmuş mərhumə X6 hər hansı qohumu olub olmaması barədə MKİS-də heç bir məlumat yoxdur. İş materiallarında olan kommunal ödənişlər barədə qəbzlərdən görünür ki, X6 adına olan sayğaca onun ölümündən sonra, yəni xx.xx.2020-ci il tarixində kommunal ödənişlər edilmişdir. Qeyd olunan qəbzləri məhkəməyə Ərizəçi təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş mənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda, Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə iclasına şahid ifadələri ilə müəyyən olunmuşdur ki, hazırki iş üzrə Ərizəçi xx.xx.2019-cu ildə vəfat etmiş X8 xalası nəvəsidir. Müəyyən olunmuşdur ki, ərizəçinin X14 ilə qohumluq münasibətləri faktının müəyyən edilməsi ərizəçiyə belə münasibətlərin hüquqi nəticələrə səbəb olacağı üçün yaranmış zərurətlə əlaqədardır (həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün lazımdır). Müəyyən olunmuşdur ki, xx.xx.2019-cu ildə vəfat etmiş X8 ərizəçidən başqa heç bir qohumu yoxdur, X8 valideynləri ondan əvvəl rəhmətə getmişlər, onun özü isə heç zaman evlənməmiş və övladları da olmamışdır. Müəyyən olunmuşdur ki, ərizəçi mərhum X1 üzrə beşinci növbəli vərəsəsidir. AR MM-nin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Ərizəçi xx.xx.2019-cu ildə vəfat etmiş X8 yeganə vərəsəsi olaraq, sonuncudan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Pleşakov küçəsi, 7 saylı evin 18 saylı mənzilə dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, yalnız vərəsə olaraq öz subyektiv hüquqdan qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində istifadə edilməklə, başqa sözlə, mirası qəbul etməklə və istinasız olaraq bunu məhkəmədə sübut etməklə, ərizəçi öz pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpasını tələb edə bilər. Məhkəmə hesab edir ki, bu səbəbdən, mübahisənin obyektiv həlli üçün ilk olaraq mirasın qəbul edilməsinin hüquqi mahiyyəti, onun tərkib elementləri araşdırma predmeti olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxxx 2019-cu il tarixli, 03 saylıQərarının 10-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinin beşinci hissəsinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə sənəd, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Mirasın qəbul edilməsinin hüquqi mahiyyəti nədən ibarətdir? Müasir hüquqi təfəkkürə görə, mirası qəbul edərkən, söhbət elementini vərəsənin mirası qəbul etmək iradəsinin təşkil etdiyi bir hüquqi kosnrtuksiyadan getməlidir, yəni məhz bu iradənin olması vərəsənin arzu etdiyi nəticəyə səbəb olmalıdır. Təsadüfi deyildir ki, Roma hüququnda mirası qəbul etmə dedikdə, şəxsin vərəsə kimi davranması (pro herede gestio: pro herede se gerere) başa düşülürdü. Başqa sözlə, şəxs "özünü vərəsə kimi apardıqda", mirası qəbul etmiş sayılırdı. Mirasın qəbul edilməsinə dair bu qaydanın əsasında duran hüquqi məntiq aydındır: mirası qəbul etməklə vərəsə onun mülkiyyətçisinə çevrilirdi; əgər o, miras qalmış əmlaka münasibətdə özünü mülkiyyətçi kimi aparırdısa, o, mülkiyyətçi olmaq, yəni mirası qəbul etmək istəyirdi. Qanunvericilikdə mülki-hüquqi nəticələrin yaranmasına yönəlmiş hərəkət əqd sayılır. Mirası əldə etmənin əsasında duran ideyaya görə vərəsə, birincisi, mirası qəbul etmək istəyir, ikincisi, onu məhz öz iradə ifadəsi ilə əldə edir. Vərəsə mirası qəbul etmək niyyətində deyildirsə, onun bununla bağlı öz həqiqi iradəsini bəyan etməsi yetərlidir və etdiyi hərəkətlərdən asılı olmayaraq, miras qalmış əmlakın əldə olunması şəklində hüquqi nəticələr yaranmayacaq. Gördüyü kimi, mirasın qəbul edilməsi birtərəfli əqd əlamətlərinə uyğundur. Hüquqi qiymət almaq üçün iradə özünü büruzə verməlidir. Mirası qəbul etmək özlüyündə birtərəfli əqdddirsə, onu əqdin ənənəvi olaraq qeyd edilən elementləri prizmasından araşdırmaq məqsədə müvafiqdir. Əqdin subyekti. Mirası yalnız vərəsə qəbul edə bilər. Qanundan başqa hal irəli gəlmədiyindən, hüquqi və faktiki hərəkətlər etməklə mirası hər bir vərəsə qəbul edə bilər. Həm hüquqi şəxs, həm də publik-hüquqi qurum miras qalmış əmlaka sahib ola, miras qoyanın borclarını ödəyə bilər və s. Əgər mirasın qəbul edilməsini təsdiqləyən hərəkətlər vərəsə olmayan şəxs tərəfindən edilirsə, onun mirası qəbul etmək iradəsinin hüquqi təsiri olmayacaq, yəni mirasın qəbulu ilə bağlı əqd əhəmiyyətsiz sayılacaqdır. Bu qənaət yalnız nəzəri əhəmiyyətə malikdir, çünki praktikada məsələ vərəsələr dairəsi barədə Mülki Məcəllənin normaları əsasında həll edilir. Əqdin forması. Əqdin forması dedikdə, onu həyata keçirən şəxsin iradəsinin ifadə forması başa düşülür. İradə şifahi və ya yazılı nitq şəklində öz ifadəsini tapa və ya səssiz davranışda və ya aktiv hərəkətlərdə özünü büruzə verə bilər. Əqdin məzmunu. Əqdin məzmunu dedikdə, onun əqdin bağlanmasından yaranan hüquq və vəzifələri təyin edən şərtləri başa düşülür. Mirasın şifahi və ya yazılı nitq şəklində öz ifadəsini tapa və ya səssiz davranışda və ya aktiv hərəkətlərdə qəbul edilməsi arasındakı fərq vərəsənin iradəsinin ifadə edilməsi üsulunda olduğundan, hər iki halda əqdin məzmunu eyni olmalıdır. Əqdin subyektiv tərəfi. Mirasın qəbul edilməsinə dair əqddə vərəsənin iradəsi yalnız mirasın qəbuluna yönəlmişdir. Bu iradə birbaşa (notariusa ərizə ilə müraciət edərkən) və ya dolayı (müəyyən konklüdent hərəkətlər vasitəsilə) şəkildə özünü büruzə verir. Mirasın qəbul edilməsi mahiyyət etibarı ilə birtərəfli əqd olduğundan, yalnız əqdin yuxarıda qeyd olunan elementlərinin tam məcmusunu özündə ehtiva edən hərəkətlərin həyata keçirilməsi nəticəsində bu əqdin bağlanmasına yönəlmiş iradə ifadəsinin mövcudluğu mirasın qəbul edilməsinin təzahürü hesab edilə bilər. Mirasın qəbul edilməsi vərəsə tərəfindən miras qalmış əmlakın əldə olunmasına razılığın ifadə edilməsidir. Miras qalmış əmlakı qəbul etməklə vərəsə onun üçün yarana biləcək aşağıdakı hüquqi nəticələrlə razılaşmış olur: miras qoyanın borcları üzrə məsuliyyət yükü; əmlak bölgüsü və üstünlük hüququnun həyata keçirilməsi; vərəsəlik hüquqlarının rəsmiləşirilməsi və s. Mirasın qəbul edilməsi aktı ilə irsi hüquqi vərəsəliyinin hüquqi tərkibinin toplanması başa çatır ki, bu da nəticədə vərəsə üçün hüquq və vəzifələrin vahid məcmusu kimi vərəsəlik hüququnun yaranmasına səbəb olur. Özü özlüyündə vərəsəlik hüququ vərəsələrin iradəsindən asılı olamyaraq yaranır. Lakin həmin hüququn həyata keçirilməsi yalnız onların iradəsinin ifadəsi əsasında mümkündür. Qanunvericilik bu qaydadan yeganə istisna kimi bu əmlakın dövlətə keçməsini göstərir. Bu halda dövlətin mirasın qəbuluna yönəlmiş tədbirləri görməsinə ehtiyac olmur. Miras üzərində bütün hüquqlar dövlətə avtomatik olaraq keçir. Mirasın qəbul edilməsi onun əldə edilməsi prosesində çox əhəmiyyətli bir mərhələdir. İlk olaraq vərəsələr mirasın qəbul edilməsinin zəruriliyi barədə qərar verməlidirlər, çünki mirası qəbul etməklə vərəsələr miras qalmış əmlakın əldə edilməsinə razı olduqlarını bildirirlər. Mirasın qəbul edilməsi mirası qəbul etməli olan şəxsin hüququdur, yəni vərəsənin ona çatacaq miras qalmış əmlakı əldə etməyə yönəlmiş birtərəfli iradi hərəkətidir. Vərəsə bu hərəkətləri mirasın qəbulu müddətlərini və üsullarını tənzimləyən qanunla müəyyən edilmiş qaydada etməlidir. Mülki qanunvericilik mirasın qəbul edilməsinin iki üsulunu qeyd edir - formal (hüquqi) və faktiki (qeyri-formal). Mirası qəbul etmə üsulunu seçmək hüququ vərəsələrin özünə məxsusdur. Mirası qəbul etməyin formal üsulu vərəsə tərəfindən notariusa və ya qanunla vəzifəli şəxsə vərəsəlik hüququ barədə şəhadətnamə verilməsi üçün müvəkkil olunmuş şəxsə mirasın qəbul edilməsi və vərəsəliyin açıldığı yer üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizənin təqdim edilməsindən ibarətdir. Faktiki üsul vərəsə tərəfindən onun miras qalmış əmlakı qəbul etmək istəyini açıq nümayiş etdirən konklüdent hərəkətlərin icra edilməsindən ibarətdir. Məhkəmə praktikası vərəsənin belə hərəkətlərinin aşağıdakı təxmini siyahısını tanıyır: miras qalmış əmlaka sahiblik və ya onun idarə edilməsi; miras qalmış əmlakın qorunması üçün tədbirlərin görülməsi, onun üçüncü şəxslərin qəsdlərindən və ya iddialarından müdafiə edilməsi; onun hesabına miras qalmış əmlakın saxlanmasına xərclərin çəkilməsi; onun hesabına miras qoyanın borclarının ödənilməsi və ya üçüncü şəxslərdən miras qoyan şəxsə çatacaq pul vəsaitlərinin alınması. Bu sıyahı tam deyil. Bu kimi hərəkətlərə vərəsənin miras qalmış əmlaka özününkü kimi yanaşmasından xəbər verən istənilən digər hərəkətlər, məsələn, miras qoyana məxsus olmuş bağ sahəsinə qulluq etməyə başlaması və ya bunu davam etdirməsi, ondan məhsul götürülməsi, əşyaların və ya əşyaların bir hissəsinin, sənədlərin, miras qoyanın avtomobilinin açarlarının özünə götürülməsi, mənzilin təmirinin həyata keçirilməsi, miras qoyana məxsus sahələrin kirayəçilərinə, icarəçilərinə tələblərin, kirayə haqqının ödənilməsi barədə tələblərin irəli sürülməsi, miras qalmış əmlakın siyahıya alınması tələbinin irəli sürülməsi, əmlakın həyəcan siqnalı ilə təchiz edilməsi, kommunal xidmətlərinin, sığorta ödənişlərinin mütəmadi olaraq həyata keçirilməsi, rabitə xidmətlərinin mütəmadi olaraq ödənilməsi, məhkəmədə vəsiyyətin başqa şəxsin xeyrinə etibarsız sayılması tələbi ilə iddianın qaldırılması (belə bir iddianı marağı olan şəxsin qaldıra bildiyini nəzərə alan vərəsə öz maraqlarını, mirası əldə etmək istəyini ifadə etmiş olur), miras qalmış əmlakın talanması faktı ilə bağlı cinayət işinin başlanması barədə ərizənin və ya miras qoyana məxsus olmuş əşyaların başqasının qanunsuz sahibliyindən geri tələb olunması barədə mülki iddianın verilməsi formalarında ola bilər. Vərəsənin miras qalmış əmlaka faktiki sahiblik etməsinə dair sübüt kimi mənzilkommunal və ya yerli özünüidarə orqanından vərəsənin miras qoyanın vəfat etdiyi zaman miras qoyanla birgə yaşadığına dair, yaxud vərəsənin vərəsəliyin açıldığı gündən qanunda göstərilən müddət ərzində miras qoyanın əmlakını götürdüyünə dair arayışlar, vərəsəliyin açılmasından sonra vərəsənin müvafiq vergilərin mütəmadi olaraq ödədiyinə dair vergi orqanından arayışlar, vərəsənin miras qalan daşınmaz əmlakdan istifadə etdiyinə dair yerli administrasiyanın arayışı, habelə vərəsənin miras qoyanın əmlakına faktiki sahiblik etməsindən xəbər verən digər sənədlər çıxış edə bilər. Hüquqi mənbələrdə haqlı olaraq qeyd edilir ki, mirasın faktiki olaraq qəbul edilməsi zamanı vərəsənin mirasın qəbul edilməsi ilə bağlı hərəkətlərinin qiymətləndirilməsinin meyarını onun iradəsinin yönümü təşkil edir. Nəticə etibarilə mirasın faktiki qəbul edilməsinə dəlalət edə bilən hərəkətlər kimi ilk növbədə hüquqları açıq-aşkar əldə etmək istəyinə işarə edən davranış aktlarını hesab etmək olar. Mirasın vərəsə tərəfindən faktiki qəbul edilməsi barədə nəticəyə gəlmək üçün əmin olmaq lazımdır ki, o, onun miras əmlaka gələcəkdə özünün əmlakı kimi münasibətindən xəbər verən müəyyən hərəkətləri etmişdir. Beləliklə, bütün qeyd olunanlara məcmu halında qiymət verərək belə bir nəticəyə gəlmək olar ki, qanunun müəyyən etdiyi müddətdə mirasa sahib olmaq niyyətindən xəbər verən aktiv hərəkətlər edən, bununla bağlı öz iradəsini ifadə edən, bununla da miras əmlaka faktiki malik olan vərəsə mirası faktiki qəbul etmiş hesab olunur. Məhkəmə araşırması ilə müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1946-cı il təvəllüdlü X8 xalası nəvəsi, yəni qanun üzrə beşinci növbə vərəsəsidir. X14 xx.xx.2019-cu il tarixdə rəhmətə getmişdir. Onun ölümündən dərhal sonra ərizəçi mərhumdan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Pleşakov küçəsi, 7 saylı evin 18 saylı mənzili vərəsə olaraq faktiki olaraq qəbul etmişdir. Ərizəçi miras qoyanın dəfn və hüzn mərasimlərini keçirməklə, sonuncudan qalan evə faktiki sahiblik etməklə, evin cari təmirini həyata keçirməklə, evin kommunal xərclərini öz vəsaiti hesabına ödəməklə miras əmlaka gələcəkdə özünün əmlakı kimi münasibətindən xəbər verən müəyyən hərəkətləri etmişdir. Beləliklə, bütün qeyd olunanlara məcmu halında qiymət verərək belə bir nəticəyə gəlmək olar ki, qanunun müəyyən etdiyi müddətdə ərizəçi mirasa sahib olmaq niyyətindən xəbər verən aktiv hərəkətlər etmişdir, bununla bağlı öz iradəsini ifadə etmişdir. Göstərilən hallarn isə ərizəçinin miras əmlaka faktiki malik olan vərəsə olaraq mirası faktiki qəbul etməsinə dəlalət edir. AR MPM-nin 14.3-cu maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə bütün yuxarıda qeyd olunanlara əsasən işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, xx.xx.1939-cu il təvəllüdlü Ərizəçi xx.xx.1946-cı il təvəllüdlü X8 xalası nəvəsi olması üzrə qohumluq münasibətində olma faktı müəyyən edilməli və onun Bakı şəhəri, Suraxanı rayonu, Pleşakov küçəsi, 7 saylı evin 18 saylı mənzilinə münasibətdə mirasın qəbul edilməsi faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il təvəllüdlü Ərizəçi xx.xx.1946-cı il təvəllüdlü X8 xalası nəvəsi olmaqla qohumluq münasibətində olma faktı müəyyən edilsin. Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Pleşakov küçəsi, 7 saylı evin 18 saylı mənzilinə (yeni ünvanı - ünvan 2 mənzil 18) dair mirasın qəbul edilməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən xx.xx.1939-cu il təvəllüdlü Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Pleşakov küçəsi, 7 saylı evin 18 saylı mənzilə (yeni ünvanı - ünvan 2 mənzil 18) dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar İbrahimov
Məhkəmə qərarları › İş №2(010)-2583/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2583/2020
14.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver